“MEK könüllüləri” hərəkatı AMEA Mərkəzi Elmi Kitabxanasında 2024-cü ildən fəaliyyətə başlayıb. Layihə gənclərə kitabxana işi sahəsində praktiki bilikləri öyrətmək, onların spesifik istiqamətlər üzrə fəaliyyətə cəlb olunaraq peşəkar kitabxanaçı kimi formalaşmasına tövhə vermək, eləcə də AMEA Mərkəzi Elmi Kitabxanasının elektronlaşdırılması prosesinin sürətləndirilməsi, xüsusən kitabxanada elektron kataloqun, elektron kitabxananın formalaşdırılması, oxuculara informasiya xidmətinin dövrün tələbləri səviyyəsində qurulması, ümumən kitabxana işinin effektivliyinin yüksəldilməsində gənclərin iştirakını yaxından təmin etmək məqsədi ilə 9 iyun 2009-cu il tarixli 828-IIIQ nömrəli “Könüllü fəaliyyət haqqında” Azərbaycan Republikasının Qanununu rəhbər tutaraq yaradılmışdır. Bu təşəbbüs, AMEA MEK rəhbərliyinin kitabxanaya, kitabsevərlərə və ümumilikdə mədəniyyət sahəsinə verdiyi yüksək dəyəri əks etdirir.
Könüllülərin seçimi əvvəlcədən elan olunmuş müsabiqə əsasında həyata keçirilir. Müsabiqədə intizamlılıq, işgüzarlıq, operativlik, kompüter və dil biliyi, eləcə də ixtisas uyğunluğuna önəm verilir. Bu seçim prosesi yalnız könüllülərin fərdi keyfiyyətlərini deyil, eyni zamanda onların komanda mühitindəki performansını da qiymətləndirərək həyata keçirilir. Seçilmiş könüllülər 3 (üç) aylıq proqram çərçivəsində müxtəlif sosial bacarıqların və əmək vərdişlərinin inkişafına yönəlmiş təlimlərdə iştirak edirlər. Təlimlər kitabxanaçılıq fəaliyyətinin müxtəlif aspektlərini əhatə etməklə yanaşı, gənclərin praktik təcrübə qazanmasına və özlərini daha da inkişaf etdirməsinə imkan verir. Proqramı müvəffəqiyyətlə yekunlaşdıran könüllülərə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən sertifikat və 1 (bir) illik oxucu bileti təqdim olunur. Həmçinin, aktivliyi ilə seçilən könüllülərə tövsiyə məktubunun verilməsi, onların gələcəkdəki peşəkar fəaliyyətlərinə müsbət təsir edəcək və iş mühitində əlavə üstünlük təmin edəcəkdir.
“MEK könüllüləri” kitabxana üzrə aşağıdakı əsas fəaliyyət istiqamətlərinin həyata keçirilməsində yaxından iştirak etmiş olacaqlar:
- Mərkəzi Elmi Kitabxanada könüllü fəaliyyətini həyata keçirmək;
- MEK-də keçirilən tədbirlərin təşkilində fəal iştirak etmək;
- MEK-in struktur vahidlərinin gündəlik fəaliyyətinə dəstək göstərmək;
- Kitabxanaya yeni müraciət edən oxuculara kitab və mütaliə haqqında lazımi biliklərin verilməsində iştirak etmək;
- Əlillərin, yaşlı oxucuların kitabxanada daha rahat xidmət alması üçün onlara qayğı göstərmək, eləcə də kitabxanaya gələ bilməyən əlil və yaşlı oxuculara qeyri-stasionar xidmət göstərmək;
- Oxuculara kitabxanada ənənəvi və elektron kataloqdan, elektron kitabxanadan istifadə qaydaları ilə bağlı yardım göstərmək;
- MEK-in sosial şəbəkələrdəki rolunun artırılmasına dəstək olmaq;
- MEK-də rəy sorğularının, eləcə də müxtəlif fəaliyyətlərin həyata keçirilməsi üzrə sorğuların təşkilində iştirak etmək;
- Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olmayan digər fəaliyyət sahələrində iştirak etmək.
Qeyd edək ki, “MEK könüllüləri”nin müəssisənin fəaliyyətinə cəlb edilməsi kitabxana xidmətlərini daha geniş auditoriyaya təqdim etmək, yaradıcı layihələr həyata keçirmək və ictimaiyyətlə daha sıx əlaqə qurmaq baxımından əhəmiyyətlidir. Könüllülər kitabxanalara yeni ideya və perspektivlər gətirərək tədbirlərin daha maraqlı və cəlbedici olmasına kömək edə bilərlər. Onların iştirakı, kitabxana xidmətlərinin daha dinamik və sosial yönümlü olmasını təmin edir. Könüllülərin müxtəlif sahələrdəki bacarıqları kitabxananın təklif etdiyi xidmətlərin keyfiyyətini artırmağa, cəmiyyətin müxtəlif təbəqələrinə daha yaxşı xidmət etməyə imkan verir. Beləliklə, könüllülərin fəal iştirakı eyni zamanda cəmiyyətə müsbət təsir göstərən sosial layihələrin həyata keçirilməsinə imkan yaradır.