MEK müasir maddi-texniki bazaya malikdir. “Akademiya şəhərciyi”ndə tikilmiş binasının ümumi sahəsi 25814 kvadratmetrdən çoxdur. Beş mərtəbəli bu bina orijinal layihəsi və müasirliyi ilə diqqəti cəlb edir. İnşaat işlərində yerli və beynəlxalq memarlığın ən qabaqcıl təcrübəsindən istifadə olunmuşdur. Ətrafda əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılmışdır.
Dövlətimizin başçısının tapşırığına uyğun olaraq Mərkəzi Elmi Kitabxanada ən son elmi-texniki yeniliklərə əsaslanan informasiya-kommunikasiya texnologiyalarının tətbiqi xüsusi diqqətdə saxlanılmışdır. Ölkəmizin kitabxanaçılıq tarixində ən müasir avadanlıq və sistemlər ilk dəfə məhz bu kitabxanada tətbiq olunmuşdur. Girişdəki elektron köşklərdə kitabxananın strukturu, hər bir mərtəbənin sxemi, müxtəlif bölmələrin yerləşdiyi mərtəbələr, kitablar, o cümlədən fonda yeni daxil olan nəşrlər barədə müfəssəl məlumat almaq mümkündür. Hərəkət qabiliyyəti məhdud insanların informasiya almaları üçün burada xüsusi köşk quraşdırılmışdır. Kitabxananın bütün mərtəbələrində quraşdırılan monitorlarda fonda daxil olan ən son yeniliklər barədə dolğun məlumatlar əksini tapmışdır. Burada kitabların sifarişi də elektron qaydada aparılır. Kitabxanada 300-dən çox kompüter avadanlığı quraşdırılmışdır. Server vasitəsilə sistemə qoşulan kompüterlər vahid şəbəkə təşkil edir və müvafiq tələblərə uyğun müasir proqramlarla təchiz edilmişdir. Bu da abunə haqqını ödəmək şərti ilə dünyanın aparıcı kitabxana resurslarına qoşulmaq imkanı yaradır. Kitabxananın 4 milyona yaxın kitabın saxlanılmasına imkan verən qapalı və xüsusi şəraitli fondu vardır. Kitabxananın imkanlarından görmə qabiliyyəti zəif olan insanların da hərtərəfli yararlanmaları üçün müvafiq şərait yaradılmışdır.
Kitabxananın hər mərtəbəsində olmaq şərtilə, ümumilikdə 14 oxu zalı var. Hər oxu zalının skaneri, açıq kitab fondu, elektron və ənənəvi kataloqa çıxışı və istirahət otağı var. Oxu zalları eyni zamanda 1000-dən çox oxucuya xidmət edə bilir. Kitabxana kiçik konfrans zalları, yeni nəşrlər zalı, sərgi zalı, oxucu və personalın istirahəti üçün internet kafe ilə təchiz olunub. Oxu zalları həcminə görə fərqlənir: 10 nəfərlik oxu zalı (görmə qabliyyəti məhdud olan insanlar üçün), 50 nəfərlik – Disertasiya və Akademiklərin zalları və 160 nəfərlik ümumi oxu zalları. :
- Akademiklərin zalı — Elmlər Akademiyasının həqiqi üzvü olan alimlərə xüsusi iş şəraiti yaradır, elmin ali səviyyədə sahələrarası əlaqələndirilməsinə və gənc alimlərə bu sıradan olan əməkdaşlıq nümunəsini nümayiş etdirir.
- Disertasiya zalı. — Disertasiya zalının açıq fondunda disertasiya və avtoreferatlar istifadə üçün təqdim olunur. Zalda vaxtaşırı müdafiələr həyata keçirilir.
- Görmə qabiliyyəti zəif olan insanlar üçün oxu zalı audiodisklər, Brayl şrifti ilə yığılmış kitablar, mətnin səsləndirilməsi üçün xüsusi proqramlar və avadanlıqlar ilə komplektləşdirilir.
- Zəkalı müzakirə otağı
- Şuşa zalı — ölkə və beynəlxalq miqyasda tədbirlər, elm xadimləri, yazıçılar ilə görüşlər, yubileylər, konfranslar, elmi araşdırmaların təqdimatları xüsusi formatda həyata keçirilir.
- Sərgi zalı — MEK-ə daxil olan yeni ədəbiyyatların sərgisi təşkil edilir və bu ədəbiyyatlar 15 gün ərzində sərgilənir. Eyni zamanda görkəmli şəxsiyyətlərin yubileyləri, əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgiləri burada təşkil edilir.
Kitabxanada informasiya fəaliyyəti üçün aşağıdakı rəqəmsal avadanlıqlar tətbiq edilir:
- Stolüstü Kompüter dəstləri -294
- Notbuk-50
- Netbuk-40
- Planşet-19
- İnformasiya köşkü-8
- Xüsusi skanerlər-5
- Printer-43
- Böyük rəqəmsal monitor
- Proyektor-10