MEK - in əsas missiyası Azərbaycanın qədim tarixinin və zəngin mədəniyyətinin, Azərbaycan Respublikasının müstəqillik illərində qazandığı siyasi, iqtisadi, sosial və elmi nailiyyətlərinin təbliğ edilməsi, Azərbaycan dilinin informasiya resurslarında istifadə imkanlarının genişləndirilməsi, müasir elmi araşdırılmaların aparılması üçün informasiya təminatının yaxşılaşdırılması, Azərbaycanın milli-tarixi irsini təşkil edən və yeni yaranan bütün növ mövcud informasiya vahidlərinin toplanılıb saxlanması, eləcə də dünya tarixi və mədəniyyətinin istifadəçilərə təqdim olunmasıdır.
MEK öz məqsədlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
- Sərəncamında olan avadanlıq və informasiya texnologiyalarından istifadə edərək, müasir tələblərə cavab verən infrastrukturun qurulmasını, tematik, ixtisaslaşmış, normativ-metodiki qanunvericilik və digər məlumatlarının mərkəzləşdirilmiş qaydada toplanılmasını , formalaşdırılmasını, saxlanılmasını, qorunmasını, onlardan səmərəli istifadəni təşkil edir;
- Azərbaycana və Azərbaycan xalqına aid olan siyasi, elmi, tarixi, mədəni, bədii əhəmiyyət daşıyan bütün növ daşıyıcılarda informasiya vahidlərinin (nəşrlər, əlyazmalar, mətnlər, arxiv və fond sənədləri, dövri mətbuat, notlar, audio və video yazılar, fotoşəkillər, rəsm əsərləri, muzey eksponatları, əşyalar, veb səhifələr və s.) müəyyənləşdirilməsi, rəqəmsallaşdırılması, sistemləşdirilməsi, arxivləşdirilməsi, elektron yaddaş bazasına daxil edilməsi vasitəsilə Milli Rəqəmsal Yaddaşın formalaşdırılması, müəllif hüquqlarının qorunması şərti ilə yerli və xarici istifadəçi auditoriyasına təqdim edir;
- Müasir avadanlıq və kompüter proqramları ilə təchiz edilmiş, istifadədə sadə və rahat kommunikasiya proqramı (qurğusu) olan elektron kitabxananı və elektron arxivi təşkil edir;
- Elm, texnika və təhsilin aktual istiqamətləri üzrə mühazirələr, müzakirələr, seminarlar, kurslar, sərgilər, yerli və beynəlxalq miqyaslı tədbirlər keçirir;
- MEK-in qarşısında qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün müvafiq elmi və professional biliklərə, iş bacarıqlarına, yüksək mədəni səviyyəyə və mənəvi-əxlaqi keyfiyyətlərə malik əmək kollektivini formalaşdırır;
- Elmin təbliği, populyarlaşdırılması, uşaq və gənclər arasında elmi-texniki biliklərin yayılması və digər istiqamətlərdə AMEA Rəyasət Heyətinə səmərəli təkliflər verir;
- Dövlət orqanları, müəssisələri, ictimai qurumlar, kütləvi informasiya vasitələri və vətəndaşlar ilə MEK arasında əlaqələr qurur, zəruri informasiya mübadiləsini həyata keçirir;
- İnternet sistemi vasitəsilə respublika və xarici ölkələrin kitabxanaları, informasiya sistemləri arasında məlumat-biblioqrafiya və kitabxana işini əlaqələndirir;
- Öz fondunda olan qiymətli nəşrlərin üzə çıxarılması, uçotu və mühafizəsini təmin edir;
- Yerli və xarici kütləvi informasiya vasitələrində, MEK-in sayt və nəşrlərində, sosial şəbəkələrdə MEK-in fəaliyyətinin işıqlandırılması və təbliğini həyata keçirir;
- Qanunvericiliyə uyğun olaraq digər vəzifələri yerinə yetirir;
- Öz fondunun tərkibinin təkmilləşdirilməsini və uyğun ədəbiyyatla komplektləşdirilməsini təmin edir, fondu kataloqlaşdırır;
- Öz fondunun tərkibinin optimallaşması üzrə iş aparır, ədəbiyyatı seçir, mövcud qanunvericiliyə uyğun olaraq məzmunca köhnəlmiş və istifadəyə yararsız ədəbiyyatı silir, mübadilə fondu üçün ədəbiyyatı ayırır və az istifadə olunan kitabları depozitar mühafizəyə verir;
- Beynəlxalq kitab mübadiləsini həyata keçirir;
- Komplektləşdirmə işinə kömək məqsədi ilə sorğu aparatı təşkil edir, (komplektləşdirmənin mövzu planı, cari komplektləşdirilmənin kartotekası);
- Çap nəşrlərinin ümumi və fərdi uçotunu aparır;
- Ədəbiyyatı elm və texniki cəhətdən işləyir;
- AMEA - nın müəssisələrində kitabxana xidmətini həyata keçirir, onların elmi-tədris fəaliyyətinin və ixtisas biliklərinin artırılmasına kömək edir;
- Oxuculara oxu zallarında, abonementdə, səyyar məntəqələrində qiyabi və kitabxanalararası abonoment vasitəsilə xidmət edir;
- Oxucularla fərdi iş aparır və ədəbiyyat seçməkdə onlara yardım edir;
- Ədəbiyyatın təbliğində müasir forma və metodlardan istifadə edir;
- Respublikada görkəmli elm xadimlərinin əsərlərinin əlyazmalarının, nadir nəşr nümunələrinin fondunu yaradır;
- AMEA-nın əməkdaşlarına, MEK-in oxucularına informasiya biblioqrafiya xidmətini təşkil edir;
- Cari biblioqrafiya və biblioqrafik mövzu kartotekalarını yaradır;
- Məlumat-biblioqrafiya işi aparır, oxucuların sorğusuna əsasən şifahi və yazılı arayışlar verir;
- Oxucular arasında kitabxana, məlumat-biblioqrafiya biliklərini təbliğ edir;
- Fonda daxil olan elmi ədəbiyyatı əhatə edən biblioqrafik vasitələri, tövsiyə biblioqrafik göstəriciləri, cari retrospektiv və mövzu göstəriciləri hazırlayır və təbliğ edir;
- Elmi-metodik mərkəz kimi rəhbərlik etdiyi kitabxana şəbəkəsinin nəşriyyat fəaliyyətini əlaqələndirir və ümumi planını tərtib edir.
Gələcəyə baxış
100 yaşında Regionun ən müasir kitabxanasına çevrilmək
Əsas dəyərlər
MEK missiyasını layiqli şəkildə yerinə yetirmək və müəyyən etdiyi vizyonunu reallığa çevirə bilmək naminə aşağıdakı dəyərlərə sadiqdir:
Akademik azadlıq: MEK əməkdaşları tədqiqat, tədris və sosial xidmət fəaliyyətində elmi prinsiplərə sadiqdirlər.
Peşə etikası: MEK bütün fəaliyyətində peşə etikasını qoruyur və müəlliflik hüquqlarına hörmətlə yanaşır.
Layiqlilik: MEK vəzifələrin tutulmasında hər kəs üçün bərabər imkanlar yaradır və daha layiq olana üstünlük verir.
Şəffaflıq: MEK fəaliyyətini bütün maraqlı tərəflərinin müşahidəsinə açıq şəkildə həyata keçirir.
Mükəmməllik: MEK əməkdaşları bütün fəaliyyətində daim mükəmməl olanı əldə etməyə çalışır.
Keyfiyyətlilik: MEK bütün fəaliyyətində yüksək keyfiyyət prinsipinə sadiq qalır.
İştirakçılıq: MEK səmərəli idarəetmə naminə üzvlərinin idarəetmənin bütün mərhələlərində aktiv iştirakını təmin edir.
Fərqliliklərə hörmət: MEK bütün maraqlı tərəflərinin fərqli fikirlərinə hörmətlə yanaşır.
Cəmiyyət mənafeyini düşünmək: MEK bütün fəaliyyətini ilk növbədə cəmiyyət mənafeyini düşünərək həyata keçirir.