AMEA-nın Mərkəzi Elmi kitabxanasının (MEK) metodik fəaliyyəti özündə metodik təminatın elmi, informasiya, pedoqoji və maarifçilik funksiyalarını cəmləşdirir. Eyni zamanda elmi-metodik tədbirlərin həyata keçirilməsində kitabxanaçı əməyinin təşkili, planlaşdırılması, normalaşması, uçotu və maliyyələşdirilməsi sahəsində etibarlı nəzəri konsepsiyaya malik metodlardan, müasir və ən səmərəli iş üsullarından, istifadə edilir. MEK-də elmi-metodik fəaliyyət İnnovativ layihələr və metodiki təminat şöbəsi tərəfindən yerinə yetrilir. Şöbənin əsas vəzifəsi AMEA-nın elmi-tədqiqat institutlarının kitabxanalarında kitabxana-informasiya sahəsində yeni texnologiyaların tətbiqi və istifadəsi nəticəsində müasir kitabxana-informasiya infrastrukturunun yaradılması, istifadəçilərə göstərilən kitabxana-informasiya xidmətinin dünya standartları səviyyəsinə çatdırılması, kitabxana fondlarının zənginləşdirilməsi, elektron kitabxanaların yaradılması, onların mühafızəsini və təhlükəsizliyini təmin etmək məqsədilə metodik köməklik göstərmək, tövsiyələr verməkdən ibarətdir.
Kitabxanaların fəaliyyətinin metodik təminatı bir neçə - analitik, metodik məsləhət və innovasiya kimi qarşılıqlı əlaqəli istiqamətləri özündə əks etdirir. İstiqamətlərdən biri də kitabxana kadrlarının yenidən hazırlanması və ixtisasının artırılmasıdır. Bu məqsədlə MEK-də İnnovativ layihələr və metodiki təminat şöbəsinin təşkilatçılığı ilə mütəmadi olaraq AMEA elmi-tədqiqat institutlarının kitabxanaçıları üçün əlavə peşə təhsili təlimləri keçirilmişdir. Təlimlərin təşkilində məqsəd, müasir kitabxana prosesləri haqqında kitabxanaçıları məlumatlandırmaq, eyni zamanda yeni informasiya texnologiyaları vasitəsilə müasir kitabxana xidmətlərinin təşkilinə dair metodik və nəzəri bilikləri, kitabxana-informasiya xidmətinin təşkilinin forma və xüsusiyyətlərini onlara aşılamaqdır. Tədris prosesi zamanı kitabxanaçılara sənəd-informasiya fondlarının formalaşması, mühafizəsi, materialların hüquqi və fiziki şəxslərə istifadəyə verilməsi, kitabxanaların qarşısında duran yeni vəzifələr, saxlanılan informasiya vasitələrinin mübadiləsi, elmmetrik tədqiqatların kitabxana işi ilə əlaqəsi, elmi istinad bazaları- WEB of Science, Elsevier, Scopus və s. dair məlumatlar çatdırılır. Təlimlərə AMEA-nın strukturuna tabe olan elmi-tədqiqat institutları ilə yanaşı, AMEA-nın Naxçıvan, Gəncə və Lənkəran bölmələrinin, eləcə də Respublika Seysmoloji Xidmət Mərkəzinin və Şəki Regional Elmi Mərkəzinin kitabxanalarının əməkdaşları cəlb olunmuşdur. Eyni zamanda Elm və Təhsil Nazirliyinin tabeliyində olan bir sıra elmi-tədqiqat və ali təhsil müəssisələrinin kitabxana və arxiv şöbələrinin əməkdaşları da bu təlimlərin iştirakçısı olmuşlar. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.
MEK-də 2021-ci ildə “Pandemiya şəraitində elmi tədqiqatların kitabxana-informasiya təminatı” mövzusunda dəyirmi masa, Şamaxı Astrofizika Rəsdxanasında “Qarabağ Azərbaycandır” adlı sərgi”, Nakam adına Şəki şəhər Mərkəzi Kitabxanasında “Nizami Gəncəvi əsərlərinin kitabxanalarda təbliği”, Azərbaycan Dövlət Pedoqoji Univeristetinin Şəki filialında “AMEA-nın Nizami Gəncəvi ilinə dair nəşrləri” adlı tədbirlər, 2022-ci ildə “Kitabxanalarda “Şuşa İli”nə həsr olunmuş kütləvi tədbirlər” adlı dəyirmi masa, 2023-cü ildə Şəki şəhərində “Heydər Əliyev irsinin kitabxanalarda təbliği” adlı metodik istiqamətli tədbirlər təşkil olunmuşdur.
Həmçinin MEK tərəfindən kitabxana işi sahəsində elmi və təcrübi yeniliklərin araşdırılması və tətbiqinin həyata keçirilməsi istiqamətində mühüm işlər görülmüşdür. Bu istiqamətdə davamlı olaraq araşdırmalar aparılmış, əməkdaşlarımız AMEA ETİ-nın kitabxanalarının işinin yaxşılaşdırılmasına dair tövsiyə vəsaitləri və müxtəlif mövzulu məqalələr hazırlamışlar. Bunlara misal olaraq İnnovativ layihələr və metodiki təminat şöbəsinin hazırladığı “Nizami Gəncəvi irsinin kitabxanalarda təbliği” (2021), “Şuşa ili zəfər salnaməsi”(2022), “Kitabxana-İnformasiya sahəsinə dair hüquqi-normativ aktlar toplusu” (elektron) (2022), “ Heydər Əliyev irsinin tədqiqi və təbliği” (2023) adlı metodik vəsaitləri misal göstərmək olar. Həmçinin şöbənin müdiri Səyyarə Məmmədova 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar MEK-də görülmüş işlərə dair “Mərkəzi Elmi Kitabxananın İnformasiya Bülleteni: Xüsusi buraxılış”ın hazırlanmasında yaxından iştirak etmişdir.
Azərbaycan Respublikasının həyata keçirdiyi siyasət istiqamətində AMEA-nın apardığı elmi fəaliyyətə köməklik məqsədilə müvafiq şöbə tərəfindən “Qərbi Azərbaycan: Biblioqrafik göstərici” (2023), “Azərbaycan ekologiyası” (2024) adlı biblioqrafik göstəricilər və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili elan olunması ilə əlaqədar “Təbiət bir kitabdır: aforizmlər və müdrik fikirlər” adlı nəşr hazırlanmışdır. Onu da qeyd edək ki, bu nəşr Mərkəzi Elmi Kitabxana tərəfindən dünya kitabxanalarında ekologiya və ətraf mühitin qorunması, dayanıqlı inkişafa dəstək istiqamətində həyata keçirilən yaşıl hərəkata qoşulmaq məqsədilə hazırlanmışdır. Yaşıl kitabxana hərəkatı ilə əlaqədar görülən innovativ işlərdən biri də “Davamlı və yaşıl kitabxanalar” (2024) adlı nəşrdir. Bundan başqa, şöbə tərəfindən “Davamlı gələcək üçün kitabxanalar 2024 Aİ Seçimləri üçün manifest” ingilis dilindən tərcümə olunmuşdur.
Son dövrlərdə kitabxanalar elmi kommunikasiya sistemində öz rol və vəzifələrini müəyyənləşdirmək kimi mürəkkəb prosesdən keçir. Kitabxanaların akademik mühitə inteqrasiya səviyyəsi yüksəlir. Kitabxanalar elmi tədqiqatlar halqasının tam hüquqlu partnyoru kimi nəzərdən keçirilir. Kitabxanaların fəaliyyətində inkişaf edən istiqamətlərdən biri məhz tədqiqatların idarə edilməsi və qiymətləndirilməsi prosesində onların strateji rolunu həyata keçirən qiymətləndirici elmmetrik və bibliometrik üsullardır. Hal hazırda şöbənin əməkdaşları tərəfindən elmi kitabxanaların fəaliyyətində elmmetrik və bibliometrik təhlil üsullarının tətbiqi istiqamətində kitabxanaçılara metodik köməklik məqsədilə tövsiyə nəşri hazırlanır. Tövsiyə nəşrində elmmetriya və bibliometriyanın yaranma tarixi və kitabxanalarda tətbiqi, elmi bazalardan istifadə qaydaları, sitat indeksi, təsir faktoru və s. haqqında məlumat verilir.