Akademik İsa Həbibbəylinin kolleksiyası (K-İH)
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli 16 oktyabr 1949-cu ildə Naxçıvan MSSR-in Şərur rayonunun Danzik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutu Naxçıvan filialının Dil-ədəbiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Atatürk Kültür, Dil və Tarix Qurumunun müxbir üzvüdür. Həmçinin Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əməkdar elm xadimidir. 1971-ci ildən Şərur rayonunda kənd orta məktəbində müəllim işləmişdir. 1975-ci ildən Naxçıvan Dövlət Universitetində müəllim, dosent, elmi işlər üzrə prorektor, 1996-cı ildən 2013-cü ilə qədər isə Naxçıvan Dövlət Universitetinin rektoru vəzifələrində çalışmışdır. 2013-cü ilin aprel ayından Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti olmuşdur. Birinci və ikinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı olmuşdur. III, IV və V çağırış Azərbaycan Milli Məclisinin millət vəkili olmuşdur. Hal-hazırda VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2022-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının yeni prezidenti seçilmişdir. İsa Həbibbəyli 89 kitabın, 1428 məqalənin, 212 xaricdə çap olunmuş elmi məqalənin müəllifidir. O, 29 elmlər namizədi, 4 elmlər doktorunun elmi rəhbəri olmuşdur. Professorun kitabları ingilis, fransız, rus, türk, ərəb, fars, urdu, bolqar və macar, litva və b. dillərində çap olunmuşdur. Akademikin kolleksiyası 8 fevral 2022-ci ildə şəxsən özü tərəfindən kitabxanaya hədiyyə verilmişdir. Müəllifin kolleksiyasında 698 ədəbiyyat var.
Naxçıvan Bölməsinin kolleksiyası (K-NB)
95 illik tarixə malik AMEA Mərkəzi Elmi Kitabxananın fondunu bir sıra unikal nəşrlər, kolleksiyalar zənginləşdirir. 2016-cı ildə AMEA-nın vitse-prezidenti İsa Həbibbəylinin təşəbbüsü ilə AMEA-nın Naxçıvan bölməsinin nəşrlərindən ibarət yeni bir kolleksiya da MEK-in çoxsaylı kolleksiyaları sırasına qatıldı. Elmin inkişafını daim diqqət mərkəzində saxlayan ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının geosiyasi vəziyyətini nəzərə alaraq 2002-ci il avqustun 7-də Azərbaycan AMEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında 1003 №-li tarixi Sərəncam imzalamışdır. Qeyd olunan Sərəncama müvafiq olaraq, AMEA Naxçıvan Bölməsində 6 elmi tədqiqat institutu – Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu; İncəsənət, Dil və Ədəbiyyat İnstitutu; Təbii Ehtiyatlar İnstitutu; Bioresurslar İnstitutu; Batabat Astrofizika Rəsədxanası və Əlyazmalar Fondu yaradılmışdır. Naxçıvan Muxtar Respublikasının tarixini əhatə edən kolleksiya 5 minillik tarixə malik, Azərbaycanın ayrılmaz tərkib hissəsi, Yer kürəsində həyatın başlandığı ilk insan məskənlərindən biri olan, ”dünyanın naxışı”, “dünyanın bəzəyi” adlandırılan Naxçıvan haqqında müfəssəl və dəqiq məlumatlarla zəngindir. Qeyd etmək lazımdır ki, bu kolleksiyaya daxil olan ədəbiyyat əsasən Naxçıvanın tarixi, təbiəti, coğrafiyası, ümumiyyətlə, bütün sahələri haqqında mükəmməl və dəqiq məlumat verən tədqiqat əsərləridir və əksəriyyəti də ilk və ya yeni aspektdə tədqiq olunan mövzulara həsr olunub. Bölmənin 2 cilddə “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan abidələr ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, 3 cilddə “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, 3 cilddə “Naxçıvanın folkloru antologiyası”, 2 cilddə Naxçıvan Muxtar Respublikasının “Qırmızı kitabı”, “Naxçıvan Muxtar Respublikasının ampeloqrafiyası”, “Naxçıvan Muxtar Respublikasının dərman bitkiləri”, “Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”, (üç dildə) “Dədə Qorqud yurdu-Naxçıvan” tarixi-coğrafi və etnoqrafik atlas kimi fundamental nəşrləri kolleksiyanın incilərindəndir. Naxçıvan haqqında tədqiqat işi aparan alimlərə, Naxçıvanla maraqlanan oxuculara ən gözəl məlumat mənbəyi olacaq kolleksiyadan istifadə də operativ və yüksək səviyyədə təşkil olunub. Kolleksiya yeni nəşrlərlə zənginləşməkdədir.
Rudolf İvanovun kolleksiyası (K-Rİ)
Rudolf Nikolayeviç İvanov 18 may 1931-ci ildə Rusiyanın Pyatiqorsk şəhərində anadan olmuşdur. Professor Böyük Vətən müharibəsi veteranı, Rusiya Jurnalistlər və Yazıçılar İttifaqlarının üzvü, Azərbaycanın “Dostluq” ordeni kavaleri, AMEA Tarix İnstitutunun fəxri professoru, Naxçıvan Dövlət Universitetinin fəxri doktoru, BMT-nin “Dünya informasioloqlar elitası” beynəlxalq mükafatı laureatı, rus qafqazşünasıdır. Rudolf İvanov 1960-cı ildə Moskva Energetika İnstitutunu və aspiranturanı bitirir. Dosent, professor, Reproqrafiya kafedranın müdiri, Ümumittifaq Elmi Tədqiqat İnstitutunun 1-ci direktor müavini, birgə Sovet–İngiltərə “Reprosetr” mərkəzinin direktoru R.İvanov informasiya vasitələri yaradılması sahəsində, reproqrafiya sahəsində böyük əmək sərf etmiş, SSRİ-də birinci ictimai surətçıxarma mərkəzinin yaradıcısı olmuşdur. Qeyd edək ki, rusiyalı tarixçi 2009-cu ildə Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin möhkəmləndirilməsində göstərdiyi xüsusi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif olunub. Рrofessor 28 kitab, 200-dən artıq tarixi məqalə və oçerklərin müəllifidir. Rudolf İvanovun kolleksiyası MEK-ə 2012-ci ildə Heydər Əliyev Fondu tərəfindən hədiyyə olunub. Kolleksiya 209 nüsxə ədəbiyyatdan ibarətdir. Hədiyyə olunmuş kolleksiyada onun elmi araşdırmalarında istifadə etdiyi materiallar kitabxana tərəfindən cildlənilmiş, oxucuların ixtiyarına verilmişdir. Hazırda MEK-in Humanitar və İctimai elmlər bölməsinin yardımçı fondunda yerləşdirilən bütün sənədlər rus dilindədir. Rudolf İvanovun elmi-nəzəri araşdırmalarının çoxu Rusiyanın, Qafqazın tarixi və ayrı-ayrı görkəmli şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunub.
Aleksandr Umnyaşkinin kolleksiyası (K-AU)
Professor, həkim Aleksandr Umnyaşkinin kolleksiyası özü tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 341 nüsxə ədəbiyyatdan ibarətdir. Kolleksiyada olan kitablardan 21-i Azərbaycan dilində, 26-sı ingilis, qalanları rus və digər dillərdədir. Müxtəlif elm sahələrini əhatə edən kolleksiyanın tərkibində Azərbaycanın mədəniyyətini, tarixini, ədəbiyyatını, görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığını əks etdirən dəyərli kitablar var. Bu kitablar elektron kataloqa daxil edilməklə yanaşı, MEK-in layihəsi olan Milli Rəqəmsal Yaddaş bazasına da salınıb. Nümunə olaraq Çingiz Qacarın “Azərbaycan qədim və orta əsrlərdə”, ”Görkəmli şəxsiyyətlər”, Mirzə Ələkbər Sabirin “Hophopnamə”, E.K.Sepp, M.B.Suker, E.V.Şmidttin “Nervnıe bolezni”, Sara Aşurbəylinin “Очерк истории средневекового Баку” kitablarını göstərə bilərik. Qeyd edək ki, 1962-ci ildə anadan olan Aleksandr Aleksandroviç Umnyaşkin 1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun “Müalicə Profilaktikası” fakültəsini bitirmiş, əmək fəaliyyətinə Maştağa qəsəbəsində yerləşən ruhi xəstəxanada başlamışdır. Daha sonra Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda direktor müavini kimi fəaliyyətini davam etdirmiş, 1990-cı ildə Moskvada namizədlik dissertasiyasını, 1993-cü ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1995-ci ildə professor elmi dərəcəsinə layiq görülərək, uzun müddət Azərbaycan Respublikası Səhiyyə Nazirliyində beynəlxalq əlaqələr üzrə idarə rəisi vəzifəsində işləmişdir. Bütün bu nailiyyətləri ilə kifayətlənməyən alim öz elmi fəaliyyətini başqa bir istiqamətdə davam etdirərək 2000-ci ildə Xarici Dillər Universitetinin Filologiya fakültəsinin “Fransız və Alman dillərinin filologiyası” ixtisası üzrə təhsil almış, 2014-cü ildə isə Tacikistanın paytaxtı Düşənbə şəhərində “Azərbaycan-İran dillərinin somatik leksikası” adlı namizədlik dissertasiyasını müdafiə etmişdir.
Qara Əhmədovun kolleksiyası (K-QƏ)
Arxeologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü Qara Əhmədovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. Qara Məhəmməd oğlu Əhmədov 1928-ci ildə arxeoloji abidələrlə zəngin Qəbələ rayonunun Çarxana kəndində sadə faytonçu ailəsində anadan olmuşdur. Orta təhsilini bitirdikdən sonra 1944-cü ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olmuş, 1949-cü ildə universiteti bitirdikdən sonra aspiranturaya daxil olmuşdur. 1949-cu ildə Qara Əhmədovun ilk elmi əsəri - “Azərbaycanda Yalolutəpə” adlı məruzənin tezisləri çap edilmişdir. Qara müəllim 1952-ci ildən AMEA-nın Tarix İnstitutunda əmək fəaliyyətinə başlamış və ömrünün sonuna kimi baş laborantdan bölmə rəhbərinədək müxtəlif vəzifələrdə çalışmışdır. 1958-ci ildə keçmiş SSRİ EA Arxeologiya İnstitunun Leninqrad bölməsinin ixtisaslaşdırılmış Elmi Şurasında Örənqala qazıntılarının materialları əsasında “Azərbaycanın IX-XIII əsrlər şirsiz məişət keramikası” mövzusunda dissertasiya işi müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi almışdır. Qara Əhmədov Azərbaycanın orta əsr şəhərlərinin öyrənilməsinə xüsusilə böyük qüvvə sərf etmişdir. 1972-ci ildə “Beyləqan orta əsr şəhəri” mövzusunda dissertasiya müdafiə edərək Azərbaycanda doktor elmi dərəcəsi alan ilk arxeoloq olmuşdur. 1979-cu ildə monoqrafiya kimi nəşr olunan bu tədqiqat əsəri 20 ildən artıqdır ki, arxeoloqların stolüstü kitabçasıdır. Qara Əhmədov Azərbaycan arxeologiya elmini Ümumittifaq və beynəlxalq konfranslarda layiqincə təmsil etmişdir. Onun Moskva, Leninqrad, Kiyev, Tbilisi, Səmərqənd, Alma-Ata və digər şəhərlərdə keçirilən elmi məclislərdə məruzələri böyük maraqla qarşılanmışdır. Qara müəllim arxeoloji abidələri tədqiq və təbliğ etməklə yanaşı, onların qorunması qayğısına qalmışdır. O, Respublika Tarix və Mədəniyyət Abidələrinin Mühafizəsi Cəmiyyətinin arxeoloji bölməsinə rəhbərlik etmişdir. 1959-1968-ci illərdə Örənqala, 1973-cü ildən son vaxtlara qədər Qəbələ arxeoloji ekspediyasının rəisi olmuş, 20 il Arxeologiya və Etnoqrafiya sektorunun Elmi şurasına rəhbərlik etmişdir. 2002-ci ildə AMEA-nın müxbir üzvü seçilmişdir. Qara Əhmədov 2003-cü ildə vəfat etmişdir. Q.Əhmədovun “Bu günə necə gəlib çıxmışıq”, “Qədim Beyləqan”, “Qəbələ” tarixi-arxeoloji əsərləri bu gün də tarixçi-arxeoloqların müraciət etdiyi tədqiqat əsərləridir. Kolleksiyaya professor Qara Əhmədovun sıx əlaqədə olduğu Gürcüstan arxeoloqlarının tədqiqat əsərləri, həmçinin iştirak etdiyi konfranslarda, sessiyalarda həmkarları tərəfindən ona hədiyyə edilmiş müxtəlif dillərdə kitablar da daxildir. Kolleksiyada 102 nüsxə ədəbiyyat mühafizə olunur və qızının təqdim etdiyi yeni mənbələrlə zənginləşir.
Rüfət Kasumovun kolleksiyası (K-RK)
Kasumov Rüfət Məmməd oğlu 11 oktyabr 1944-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Universitetini (indiki Bakı Dövlət Universiteti) bitirmişdir. 1967-1992-ci illərdə Azərbaycan Dövlət Plan Komitəsi yanında Elmi-tədqiqat iqtisad institutunda işləmişdir. O, 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır. 2009-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində doktorluq dissertasiyasını müdafiə edərək iqtisad elmləri doktoru elmi dərəcəsi almışdır. 1992-ci ildən 2017-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq iqtisadi münasibətlər kafedrasında dosent vəzifəsində çalışmışdır. 2017-ci ildən UNEC-in İqtisadiyyat (rus dilində) kafedrasının professorudur. Rüfət Kasumov 215-dən artıq elmi-metodiki əsərin və 250-dən çox çap əsərinin müəllifidir. İqtisad elmlər doktoru Rüfət Kasumovun kolleksiyası özü tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 404 nüsxə ədəbiyyatdan ibarətdir. Nəşrlərdən 50 nüsxə Azərbaycan dilində, 193 nüsxə rus dilində, 161 nüsxə xarici dillərdədir. Kolleksiyaya daxil olan kitablar mövzu baxımından olduqca zəngindir. İqtisadiyyat, turizm, bank işi, kompüter elmləri, islam dininə aid kitablar kolleksiyanın incilərindəndir.
İmran Məmmədovun kolleksiyası (K-İM)
İmran İsmayıl oğlu Məmmədov 1927-ci ildə Gürcüstan SSR-nin Borçalı qəzasının Qaçağan kəndində dünayaya gəlmişdir. Uşaqlığı və bütün ömrü Qaçağan kəndində keçmişdir. Gəncliyindən təqaüd yaşına qədər Qaçağan “Kommunizm”, sonra isə Qaçağan Dövlət Südçülük-Tərəvəzçilik Təsərrüfatında işləmişdir. Gürcüstan SSR-nin Marneuli rayonu Qaçağan kəndində vəfat etmiş və Qaçağan kənd məzarlığında dəfn edilmişdir. Sosialist Əməyi Qəhrəmanı, Gürcüstan SSR-nin ictimai xadimi, yeni tütün sortunun yetişdirilməsi üzrə mütəxəssis, SSR-nin “Lenin” və “Qırmızı Əmək Bayrağı” ordenləri laureatı İmran Məmmədovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub və 552 nüsxə ədəbiyyatdan ibarətdir. Azərbaycan və rus dillərində olan ədəbiyyatın əsas hissəsi bədii ədəbiyyat və ədəbiyyatşünaslıqla bağlı əsərlərdir.
Seyidağa Onullahinin kolleksiyası (K-SO)
Professor Seyidağa Onullahi 26 avqust 1925-ci ildə İranın Astara şəhərində anadan olmuş və orta məktəbi fars dilində bitirmişdir. O, 1945-46-cı illərdə Cənubi Azərbaycan milli-azadlıq hərəkatında iştirak etmiş və “21 Azər” medalı ilə təltif olunmuşdur. Milli Hökumətin süqutundan sonra mühacirət etməyə məcbur qalaraq Azərbaycana pənah gətirmiş Seyidağa Onullahi 1952-ci ildə Gəncədə Zərdabi adına Pedaqoji İnstitutun tarix fakültəsini bitirmiş, Ağstafada dərs hissə müdiri, direktor vəzifələrində çalışmışdır. 1958-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin aspiranturasına daxil olaraq, 1963-cü ildə namizədlik, 1983-cü ildə doktorluq dissertasiyasını müdafiə etmiş, 1985-ci ildə isə professor titulunu almışdır. 1962-ci ildən AMEA-nın Tarix İnstitutunun Orta əsrlər tarixi şöbəsində kiçik, baş və aparıcı elmi işçi vəzifələrində çalışmış Seyidağa Onullahi 2001-ci ildən ömrünün sonuna kimi BDU-nun “Azərbaycanın qədim və orta əsrlər tarixi” kafedrasının müdiri vəzifəsində işləmişdir. Onun elmi fəaliyyəti əsasən Azərbaycan tarixinin orta əsrlər dövrünün başlıça problemlərinin araşdırılması ilə bağlı olmuşdur. Bir neçə monoqrafiyanın və 100-dən artıq elmi məqalənin müəllifi olmuş professor 2004-cü ildə Bakıda vəfat etmişdir. Tarix üzrə elmlər doktoru, şərqşünas, professor Seyidaga Onullahinin kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. Əsasən tarix, ədəbiyyat, coğrafiya və digər ixtisas sahələrinə aid mənbələrin daxil olduğu kolleksiya MEK-in Humanitar elmlər üzrə yardımçı fondunda mühafizə olunur. Kolleksiyadan bir çox kitab məzmun və xarakterinə görə Milli Rəqəmsal Yaddaş bazasına daxil edilib. “Füyuzat ədəbi məktəbi”, Ziya Bünyadovun redaktorluğu ilə ərsəyə gələn “Историческая география Азербайджана”, M.Nemətovanın müəllifi olduğu “Мемориальные памятники Азербайджана”, Xalq rəssamı Lətif Kərimovun “Азербайджанский ковер”, Türk-Oğuz ədəbi qəhrəmanlıq dastanı olan “Dədə Qorqud”, Məşrutə hərəkatını əks etdirən “Sərdari milli Səttərxan”, Mircəfər Pişəvərinin “Seçilmiş əsərləri”, tədqiqatçı Səməd Sərdarniyanın “İrəvan - bir müsəlman vilayəti idi” və s. əhəmiyyətli kitablar bu qəbildəndir.
Abbas Zamanovun kolleksiyası (K-AZ)
Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi, filologiya elmləri doktoru, professor, Azərbaycanın Əməkdar elm xadimi Abbas Zamanov 1911-ci il oktyabrın 10-da Naxçıvan MR Şərur rayonunun Maxta kəndində anadan olmuşdur. Naxçıvan və Bakı şəhərlərində uşaq evlərində yaşamışdır (1921-1927). Bakı Pedaqoji Texnikumunu bitirdikdən sonra rəhbər komsomol işçisi kimi çalışmış (1929-1937), iki il də “Gənc işçi” qəzeti redaksiyasında məsul redaktorun müavini vəzifəsində işləmişdir (1933-1934). Sonra “Ədəbiyyat” qəzetində məsul katib və Azərnəşrin bədii ədəbiyyat şöbəsində müdir (1937-1939) olmuşdur. 1939-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsini qiyabi bitirmişdir. Opera Teatrının və Filarmoniyanın direktoru (1940-1941) olmuşdur. M.F.Axundov adına Opera və Balet Teatrının Təbrizə qastrol səfərinə rəhbərlik etmişdir (1941). İkinci dünya müharibəsi illərində ordu sıralarında xidmət etmişdir. Tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində baş müəllim (1948-1960), Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun elmi əməkdaşı (1960-1968), Azərbaycan EA Nizami adına Ədəbiyyat muzeyinin direktoru (1968-1971), ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri (1971-1979) vəzifələrində çalışmışdır. Universitetdə Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru olmuşdur (1979-cu ildən). Ədəbi fəaliyyətə 1937-ci ildə çap etdirdiyi publisist və elmi-kütləvi məqalələrlə başlamışdır. Həmin vaxtdan Azərbaycanda və onun hüdudlarından uzaqlarda XX əsr Azərbaycan ədəbiyyatına dair elmi-tədqiqat əsərləri müntəzəm dərc olunmuşdur. Bolqarıstan, İran, Türkiyə, İraq, Avstriya və digər ölkələrdə məqalələri çıxmışdır. Onun “Sabir və müasirləri” monoqrafıyası Əsəd Behrənginin tərcüməsində Təbrizdə, “Cəlil Məmmədquluzadə” oçerki Ələkbər Qəhrəmaninin tərcüməsində Tehranda fars dilində nəşr olunmuşdur. Türk Dil Qurumunun (Türkiyə) müxbir üzvü (1971), Konya və Səlcuq Universitetlərinin (Türkiyə) fəxri doktoru seçilmişdir. Mətnşünaslıq sahəsində ciddi fəaliyyət göstərmiş, C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, S.S.Axundov, S.Hüseyn, H.Nəzərli, S.Ə.Şirvani, S.M.Qənizadə və Q.Zakirin əsərlərini rus və Azərbaycan dillərində tərtib və nəşr etdirmişdir. O, M.Ə.Sabir, Cavid haqqında xatirə və məqalələri toplayıb ön sözlə “Sabir xatirələrdə” (1982) və “Cavidi xatırlarkən” (1982) adı ilə kütləvi tirajla çap etdirmişdir. 1-ci dərəcəli “Vətən müharibəsi” ordeni, döyüş xidmətlərinə görə medalı və bir sıra digər medallarla təltif edilmişdir. 1993-cü il aprelin 1-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Abbas Zamanovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 2417 nüsxə ədəbiyyatdan ibarətdir. Onun kolleksiyasında əsasən ədəbiyyatşünaslıqla bağlı materiallar üstünlük təşkil edir.
Tofiq Quliyevin kolleksiyası (K-TQ)
İqtisad elmləri doktoru, professor, Əməkdar elm xadimi Tofiq Quliyev 1935-ci ildə Ağdam rayonunun Xındırıstan kəndində anadan olmuşdur. 1953-cü ildə Azərbaycan Dövlət Xalq Təsərrüfatı institutuna qəbul olunmuş, 1957-ci ildə qırmızı diplomla bitirmişdir. 1960-1963-cü illərdə Plexanov adına Moskva Xalq Təsərrüfatı İnstitutunun aspiranturasında oxumuş, 1963-cü ildə namizədlik, 1968-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir.1992-ci ildə Əməkdar elm xadimi fəxri adına layiq görülmüş və “Şöhrət” ordeni ilə təltif olunmuşdur. Professorun “Əməyin iqtisadiyyatı”, “Əməyin elmi təşkili”, “İdarəetmənin əsasları”, “Menecmentin əsasları”, “Əməyin sosiologiyası” monoqrafiyaları Azərbaycan iqtisad elminə böyük töhfədir. Əməkdar elm xadimi Tofiq Quliyevin 58 nüsxə sənəddən ibarət kitab kolleksiyası MEK-ə alimin özü tərəfindən təqdim edilib. Onun kitabları MEK tərəfindən mübadilə yolu ilə Türkiyə, Fransa, İtaliya, Almaniya və s. ölkələrin kitabxanalarına, Amerikanın Konqres, Harvard Universiteti kitabxanalarına, bu ölkələrin elm-təhsil müəssisələrinə göndərilib. Həmçinin MEK tərəfindən Tofiq Quliyev haqqında Vikipediyada məqalə yaradılıb, onun həyat və yaradıcılığı ilə bağlı faktlar həmin məqalədə yerləşdirilib.
Elçin Aslanovun kolleksiyası (K-EA)
Azərbaycanın Əməkdar rəssamı, kino rəssamı, miniatürçü-rəssam Elçin Aslanov 1934-cü ildə Bakıda anadan olub. 1962-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvlüyünə qəbul edilib. O, kiçik yaşlı uşaqlar üçün nəşr olunmuş 60-dan çox kitabın tərtibatı və illüstrasiyalarının müəllifidir. Elçin Aslanov 1982-1987-ci illərdə Azərbaycan Rəssamlar İttifaqının “Miniatür və kitab qrafikası” bölməsinə rəhbərlik edib. 2002-ci ildə Əməkdar rəssam fəxri adına layiq görülüb. Elçin Aslanovun kolleksiyası 2018-ci ildə Azər Əhmədbəyli tərəfindən MEK-ə hədiyyə olunub. 126 nüsxə sənəddən ibarət kolleksiyada Azərbaycan, rus və başqa dillərdə kitablar yer alıb. Kolleksiya MEK-in Humanitar elmlər üzrə yardımçı fondunda mühafizə olunur.
Misir Mərdanovun kolleksiyası (K-MM)
Misir Mərdanov 1946-cı il oktyabrın 3-də Ermənistanın Göyərçin kəndində ziyalı ailəsində anadan olmuşdur. Yeddiillik təhsilini Salah kənd məktəbində, on illik təhsilini isə 1964-cü ilin martına qədər qonşu Polad kənd orta məktəbində almışdır. 1964-cü ilin martında Bakı şəhərinə gəlib eksternat qaydası ilə indiki Səbail rayon 49 nömrəli orta məktəbini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin riyaziyyat şöbəsinə qəbul olunmuş, 1969-cu ildə həmin fakültəni fərqlənmə diploma ilə bitirmişdir. 1973 cü il 28 sentyabr SSRİ Nazirlər Soveti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsinə layiq görülmüş, 1973–1980-ci illərdə mexanika-riyaziyyat fakültəsinin Həndəsə kafedrasında assistent, baş müəllim kimi analitik həndəsə və diferensial həndəsə fənlərindən məşğələ dərsləri aparmış, mühazirə oxumuş və eyni zamanda Diferensial tənliklər kafedrasında ixtisas kursundan mühazirələr aparmışdır. 1997–2001-ci illərdə Bakı Dövlət Universitetində Riyaziyyat üzrə ixtisaslaşdırılmış Dissertasiya Şurasının sədri olmuşdur. 1998-ci ilin martından 2013-cü il aprelin 18-nə qədər Azərbaycan Respublikasının Təhsil naziri vəzifəsində işləmişdir. 2013-cü ilin mayından AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru olmuşdur. 2014-cü il оktyabrın 28-dən pedaqoji təhsil üzrə Beynəlxalq Elmlər Akademiyasının (Moskva) akademikidir. “Azerbaijan journal of Mathematics” jurnalı redaksiya heyətinin üzvü, “AMEA Riyaziyyat və Mexanika İnstitutunun əsərləri” jurnalının baş redaktoru, “TWMS Journal of Pure and Applied Mathematics” jurnalının beynəlxalq redaksiya heyətinin,“Чебышевский сборник” jurnalının beynəlxalq redaksiya heyətinin üzvüdür. O, riyaziyyat üzrə bir elmlər doktorunun elmi məsləhətçisi olmuş və yeddi nəfər fəlsəfə doktoru hazırlamışdır. 2017-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasına riyaziyyat üzrə müxbir üzv seçilmişdir. Misir Mərdanov "Azərbaycan təhsil tarixi" fundamental dördcildliyin, "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" adlı fundamental çoxcildliyin, təhsillə bağlı 10 kitabın və 120 məqalənin müəllifidir. Misir Mərdanov riyaziyyata aid beş monoqrafiyanın, 150 məqalənin (onlardan 40-ı Clarivate Analytic-sin siyahısında olan jurnallarda çap olunub), orta məktəblər üçün 20 dərslik və dərs vəsaitinin, ölkənin görkəmli şəxsiyyətləri ilə bağlı 64 məqalənin müəllifidir. Müəllifin kolleksiyası özü tərəfindən kitabxanaya 4 noyabr 2019-cu ildə hədiyyə edilib. Kolleksiyaya 17 ədəbiyyat daxildir.
Xudu Məmmədovun kolleksiyası (K-XM)
Xudu Surxay oğlu Məmmədov 1927-ci il dekabrın 14-də Ağdam rayonunun Mərzili kəndində anadan olmuşdur. Doğma kəndlərində 7 illik məktəbi bitirdikdən sonra yeniyetmə Xudu rayon mərkəzindəki orta məktəbdə təhsil almışdır. Daha sonra o, 1946-cı ildə Azərbaycan Dövlət Universitetinin geologiya-coğrafiya fakültəsinə daxil olmuşdur. 1951-ci ildə təhsilini fərqlənmə diplomu ilə başa vurmuş və müəllimi Heydər Əfəndiyevin təkidi ilə AMEA-nın Kimya İnstitutunda əmək fəaliyyətinə başlamışdır. Çox keçmir ki, o, dəqiq elmlər üzrə nəinki Respublikamızda, keçmiş Sovet İttifaqı məkanında ən istedadlı tədqiqatçı kimi tanınmışdır. X.Məmmədov 15 oktyabr 1988-ci ildə Bakıda vəfat etmişdir. İctimai-siyasi xadim, professor, Geologiya-mineralogiya elmləri doktoru Xudu Məmmədovun kolleksiyası 2008-ci ildə ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 666 nüsxə ədəbiyyatdan ibarətdir. Burada kimyaya, ədəbiyyata və s. bütün elm sahələrinə aid kitablar tapmaq olar. Kolleksiyada Azərbaycan dilində 21 nüsxə ədəbiyyatdan N.Gəncəvinin 1981-ci ildə nəşr olunmuş “Xəmsə”, 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası”, “Baburnamə”, Xaqani Şirvaninin “Seçilmiş əsərləri”, “Ərəb və fars sözləri lüğəti”, kristalloqrafiya elminə aid vəsait və digər elm sahələrinə aid kitabları misal göstərmək olar. Müəllifin kolleksiyasında kitabların əksəriyyətini rus dilində olan kitablar təşkil edir. Bunlar sırasında “Svod tadjikskoqo folklora”, M. Qorkinin 1950-1958-ci illərdə nəşr olunmuş 24 cildli əsərlərinin külliyyatı, Q. İbsenin, Romen Rollanın əsərləri, A.P.Çexovun 1954-57-ci illər arasında nəşr olunmuş 12 cildlik əsərlərinin külliyyyatı, E.E.Bertelsin 1962-ci ildə çapdan çıxmış “Nizami və Füzuli”, “İskusstvo stran i narodov mira” və s. kitablarla yanaşı, çoxlu lüğətlər, kimya elminə aid “Texnoloqiya kristallov”, “Bioqrafii velikix ximikov”, 1932-ci ildə nəşr olunmuş B.Lorensin “Struktura silikatov” və digər müxtəlif elm sahələrinə aid kitablar, elmi əsərlər yer alır. Qeyd edək ki, bu kitablar Xudu Məmmədovun kitabxanasında onun öz şəxsi möhürü ilə qorunub saxlanmışdır. Eləcə də professorun kolleksiyasına xarici dillərdə 36 kitab daxildir.
Məmməd Əliyev kolleksiyası (K-MƏ)
Fəlsəfə elmləri doktoru Məmməd Əliyev 1962-ci il sentyabr ayının 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1969–1979-cu illərdə Bakı şəhərinin Nəsimi rayonunda yerləşən 16 nömrəli məktəbdə təhsil alıb və oranı əla qiymətlərlə bitirib. 1980–1985-ci illərdə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsində təhsil alıb. 1985-ci ildən Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunda (indiki Bakı Slavyan Universiteti) müxtəlif vəzifələrdə - Fəlsəfə kafedrasında laborant, baş laborant, müəllim, dosent, elmi katib, kafedra müdiri, elmi işlər üzrə prorektor vəzifələrində çalışıb. 2005-ci ildən 2012-ci illərədək Bakı Slavyan Universitetində Elmi işlər üzrə prorektor vəzifəsində çalışıb. 2015-ci ildən Bakı Slavyan Universitetin Beynəlxalq münasibətlər kafedrasının müdiri və həmin kafedranın professoru olub. 2017- ci ildə professor Məmməd Əliyev Azərbaycan Dillər Universitetində "Rusiyaşünaslıq mərkəzi" Elmi – tədqiqat laboratoriyasının müdiri vəzifəsində çalışıb. Məmməd Əliyev Azərbaycan Dillər Universitetinin Fəlsəfə və İctimai elmlər kafedrasının professorudur. Azərbaycan Dillər Universitetinin rektoru akademik K.M.Abdullayevin təşəbbüsü ilə 2017-ci ildə yaradılmış "Rusiyaşünaslıq" elmi - tədqiqat laboratoriyası ölkəmizdə Rusiyanın sosial-tarixi, mədəni-tarixi və ictimai-siyasi faktoru kimi araşdırmalar aparan yeganə mərkəzdir. Elmi — tədqiqat laboratoriyası Moskva Dövlət Linqvistik Universiteti, Rusiyanın Birinci Prezidenti Boris Yeltsin adına Ural Federal Universiteti, Moskva Şəhər Pedaqoji Universitetinin Samara filialı və Minsk Dövlət Linqvistik Universiteti ilə əməkdaşlıq edir. 20 noyabr 2020-ci il tarixindən etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin №18/6 qərarı ilə Məmməd Əliyev MEK-in direktoru vəzifəsinə təyin edilib. 30 aprel 2021-ci il tarixindən Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin №11/10 qərarı ilə kitabxananın baş direktor vəzifəsinə təyin edilib. Məmməd Əliyevin Kolleksiyası 1 noyabr 2021-ci ildə kitabxanaya şəxsən özü tərəfindən hədiyyə edilib. Kolleksiyada 438 ədəd müxtəllif dillərdə ədəbiyyat mövcuddur.
Yevgeni Belyayevin kolleksiyası (K-YB)
Yevgeni Aleksandroviç Belyayev 21 fevral 1895-ci ildə Rjevdə anadan olmuşdur. O, Sovet tarixçisi, İslam və ərəb ölkələrinin Orta əsrlər tarixi mütəxəssisi, 1962-ci ildən tarix elmləri doktoru, 1964-cü ildə Misir Ərəb Respublikası EA-nın fəxri üzvü seçilmişdir. 1924-54-cü illərdə Moskva Şərqşünaslıq İnstitutunda, Hərbi Xarici Dillər İnstitutunda müəllim olmuş, 1945-55-ci illərdə Moskva Şərqşünaslıq İnstitutu Yaxın və Orta Şərq ölkələri tarixi kafedrasında, sonra isə Beynəlxalq Münasibətlər İnstitutunda işləmişdir. “Şərəf nişanı” ordeni və medallarla təltif edilmişdir. Şəxsi kitabxanası 1979-cu ildə Azərbaycan SSR EA Əsaslı kitabxanasına verilmiş və hazırda 229 nüsxədən ibarət olan Y.A.Belyayevin şəxsi kitab kolleksiyası Şərq ədəbiyyatı fondunda mühafizə edilməkdədir. 229 nüsxə ədəbiyyatın 220 nüsxəsi ərəb dilində, 9 nüsxəsi isə fars dilindədir. Y.A.Belyayev fondunda mühafizə edilən kitabların arasında görkəmli şərqşünas alim, akademik Z.M. Bünyadovun öz dəsti-xətti ilə yazıb bağışladığı Filip Hittinin və Edvard Corcinin “Tarixi-arab” (Ф/Б-6280) kitabı da saxlanılır. Bundan əlavə Əmir Reyhaninin “Ərəb məlikləri”, C. Zeydanın “Ərəblər“, İslamdan əvvəl”, ”Ərəb ədəbiyyatı tarixi”, “İslam qamusu”, “Ərəblərin tarixi”, “Quranın orijinal mətni ilə almanca tərcüməsi” (Ф.Б-6318), Əhməd bin Məhəmməd Müqəddəsinin “Tövbə kitabı” və s. çox qiymətli əsərləri göstərə bilərik. Adları çəkilən kitablar hər şeydən öncə mövzuların müxtəlifliyi ilə diqqəti cəlb edir və tədqiqat nöqteyi-nəzərindən həmişə diqqət mərkəzindədir. Şəxsi kitab kolleksiyasındakı nüsxələr bu cəhətdən böyük əhəmiyyətə malikdir.
Bertels Eduardoviçin kolleksiyası (K-BE)
Şərqşünas alim Bertels Yevgeni Eduardoviç (FBT) SSRİ EA-nın (1939), İran EA-nın (1944), Türkmənistan EA-nın (1951), Dəməşqdə Ərəb EA-nın (1955) müxbir üzvü olmuş, İslam Ensiklopediyasının birinci nəşrinin müəlliflərindəndir. Şəxsi kitab kolleksiyası alimin vəfatından sonra Azərbaycan SSR EA MEK-in Şərq ədəbiyyatı fonduna daxil olmuşdur. Bu zəngin kitab xəzinəsində 4253 nüsxə sənəd vardır. Bunlardan 2340 nüsxə Şərq və Avropa, 1913 nüsxə isə rus və digər SSRİ xalqlarının dilindədir. Kolleksiyada Azərbaycan ədəbiyyatı və mədəniyyətinə aid çox nadir, qiymətli sənədlər əhəmiyyətli yer tutur.
Zahid Hüseynzadənin kolleksiyası (K-ZH)
“Diplomat Zahid Yusifoğlu Hüseynzadənin şəxsi kitab kolleksiyası” MEK-in Şərq ədəbiyyatı fonduna 1984-cü ildə daxil olmuş, 1917-1980-ci illərdə nəşr olunmuş 467 nüsxə Türk, Ərəb, Avropa dillərindəki sənədlərdən ibarətdir. 467 nüsxədən ibarət olan kolleksiyanın 440 nüsxəsi Türk, 13 nüsxəsi Ərəb, 14 nüsxəsi Avropa dillərində olan sənədlərdir.
Boris Zaxoderin kolleksiyası (K-BZ)
Şərqşünas, tarix elmləri doktoru Boris Nikolayeviç Zaxoder Moskva Şərqşünaslıq İnstitutunu bitirmiş, ilk dəfə sovet məkanında Yaxın və Orta Şərq xalqlarının tarixi kursundan dərs demiş, MDU-nun tarix fakültəsində Şərq şöbəsinin yaradıcısı və müdiri olmuşdur. 1944-cü ildən SSR EA Şərqşünaslıq İnstitutunda müxtəlif şöbələrdə müdir işləmişdir. Qazi Əhməd Quminin rəssamlar və xəttatlar haqqındakı risaləsini (1947), Nizam-əl-Mülkün “Siyasətnamə” əsərini ilk dəfə rus dilinə tərcümə etmişdir (1949). Orta əsrlərdə yaxın Şərq tarixinə dair ilk dərsliyin müəllifidir. Onun Sasanilərin, Səlcuqilərin, Səfəvilərin tarixinə dair əsərləri, İbn Sina, Firdovsi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, Əlişir Nəvai və başqaları haqqında məqalə və çıxışları var. 75-dən çox elmi əsərin müəllifidir. Orta əsrlər, Yaxın və Orta Şərq tarixi üzrə “Şərqşünas alim Boris Nikolayeviç Zaxoderin şəxsi kolleksiyası” 2077 nüsxədən ibarətdir.
Georq Hazainin kolleksiyası (K-GH)
Dünya şöhrətli türkoloq alim Georq Hazainin çox zəngin və şəxsi 1948 nüsxədən ibarət olan kolleksiyanın 1268 nüsxəsi türk dilində, 680 nüsxəsi isə Qərbi Avropa dillərindədir. G.Hazainin əsərlərinin biblioqrafiyası Bakıda nəşr olunub. Azərbaycanı dünya əhəmiyyətli türkologiya mərkəzi hesab edən macar alimi öz şəxsi kitabxanasının türkologiyaya aid bölümünün təxminən 1000 adda kitab və jurnalını, 600-ə yaxın elmi məqaləsini, habelə bir sıra şəxsi arxiv materiallarını MEK-ə bağışlayıb. Hədiyyə olunan kitablar Macarıstan, Türkiyə, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, Bolqarıstan və digər ölkələrdə 1960-1990-cı illərdə çap olunan elmi əsərlərdən ibarətdir. Onların sırasına lüğət, soraq kitabçaları, ensiklopediyalar, bir sıra qədim dil abidələrinin elmi-tənqidi mətnləri daxildir. G.Hazainin çap kataloqunun hazırlanmasının əsas məqsədi dünya miqyaslı türkoloq alimin zəngin kolleksiyasını açıqlayaraq təbliğ etməkdən ibarətdir. Kolleksiyaya ictimai-humanitar elmlər – tarix, arxeologiya, ədəbiyyat, mədəniyyət, incəsənət, siyasət, din, eyni zamanda yer elmləri, biologiya, səhiyyə və digər elm sahələrinə aid ədəbiyyat daxildir. Çap kataloqunda kitablar elm sahələri, dillər üzrə, daxildə isə müəlliflərin soyadına və yaxud sərlövhəyə görə qruplaşdırılıb. Burada universal məzmunlu ədəbiyyat, lüğət, ensiklopediyalar, bundan başqa müxtəlif mövzularda türkologiyaya aid biblioqrafik göstəricilər də əksini tapıb. Dövrü nəşrlər göstəricilərdə dillər üzrə qruplaşdırılıb və adlarına görə əlifba sırası ilə verilib. Görkəmli alimin kolleksiyasında mövcud olan türk dünyasına aid illərlə toplanmış məqalələr də çap kataloqunda əks olunaraq elm sahələri üzrə təqdim edilib. Çap kataloqunda alimin diqqət və nəzərində olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında qiymətli materiallar da mövcuddur. Qeyd edək ki, kolleksiyanın bir hissəsini Şərqin tədqiq olunmasında alimin istifadə etdiyi müxtəlif dillərdə kitabların titul səhifələrinin surəti təşkil edir. Bu materiallar göstəricidə elmlər üzrə qruplaşdırılaraq əks olunub.
Həsən Əliyevin kolleksiyası (K-HƏ)
Həsən Əlirza oğlu Əliyev 15 dekabr 1907-ci ildə Yelizavetpol quberniyası Comərdli kəndində anadan olmuş, 2 fevral 1993-cü ildə Bakıda vəfat etmişdir. Azərbaycan alimi, ictimai-siyasi xadim, Azərbaycan SSR Əməkdar elm xadimi (1974), Ümumittifaq Torpaqşünaslıq Cəmiyyətinin üzvü, Ümumittifaq Coğrafiya Cəmiyyətinin üzvü, Azərbaycan SSR EA Partiya Komitəsinin katibi (1950), Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin birinci müavini, Azərbaycan MK katibi (1952), AMEA-nın akademik katibi (1952–1957), Bakı şəhəri Zəhmətkeş Deputatları Sovetinin deputatı (1953–1956), Dünya Universitetinin elmi və mədəniyyət üzrə doktoru (ABŞ), İngiltərə Kraliça Biblioqraflar Cəmiyyətinin həqiqi üzvü, AMEA-nın akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru (1968-1987), dövlət mükafatı laureatı Həsən Əliyevin kitab kolleksiyası MEK-ə 21 oktyabr 2016-cı il tarixində AMEA Coğrafiya İnstitutunun kitabxanası tərəfindən hədiyyə edilmişdir. Kolleksiyaya 489 nüsxə ədəbiyyat daxildir. Bunlardan 410 nüsxə rus dilində, 73 nüsxə Azərbaycan dilində, 6 nüsxə isə xarici dildədir. Kolleksiyada mühafizə olunan kitabların əsas hissəsi coğrafiya və təbiət elmlərinə aiddir və bu sahənin mütəxəssisləri üçün ən gözəl tədqiqat mənbəyidir.
Əli Bayramovun kolleksiyası (K-ƏB)
Görkəmli alim, geologiya-minerologiya elmləri üzrə fəlsəfə doktoru Əli Bayramovun kitab kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 69 nüsxə kitabdan ibarətdir. Bunlardan 13-ü Azərbaycan, 2-si ingilis, 54-ü isə rus dilindədir. Kolleksiyada fərqli elm sahələrinə aid kitablar əksini tapsa da, əksəriyyəti yer haqqında elmlərin müxtəlif bölmələrindən bəhs edir. Kolleksiyanın tərkibində dilçilik, siyasət, incəsənət, filologiya, tarix elmlərinə dair kitablar, elmi əsərlər, müxtəlif elm sahələrinə aid lüğətlər yer alıb. Kolleksiya müvafiq kitabxana qaydalarına əsasən işlənərək həm elektron, həm də ənənəvi kataloqa daxil edilmiş və Yer elmləri üzrə yardımcı fondda yerləşdirilərək oxucuların istifadəsinə verilmişdir. Kolleksiyada rus dilində olan ədəbiyyatlardan “Золото Азербайджана”, “Неотектоника и некоторые аспекты позднеорогенной геодинамики Азербайджана”, “Рудные месторождения Азербайджанской Республики” adlı kitablar MEK-in Milli Rəqəmsal Yaddaş layihəsinin bazasına salınıb. Kolleksiyada Azərbaycan dilində olan “Akademik M.Ə.Qaşqayın elmi irsi (XXI əsrdən baxış)”, Firudin Şuşinskinin müəllifi olduğu “Azərbaycan xalq musiqiçiləri”, “Akademik Akif Əlizadə - istedadla enerjinin harmoniyası” və 1991-ci ildə nəşr edilmiş “100 böyük türk” və s. kitablar yer alıb. Qeyd edək ki, Əli Əşrəf oğlu Bayramov geologiya və mineralogiya sahəsində Azərbaycanın tanınmış alimlərdən olub. O, 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU) Geologiya-coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 1951-2001-ci illərdə Azərbaycan Geologiya idarəsinin (1991-ci ildən Azərbaycan Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi) ekspedisiyalarının geoloji qruplarında işləyib, kollektor vəzifəsindən ekspedisiyanın baş geoloqu vəzifəsinə qədər yüksəlib. 1966-cı ildə “Dağlıq Qarabağ Muxtar Vilayətinin geoloji quruluşu və onun Kiçik Qafqaz sistemində vəziyyəti (Tərtərçay-Qozluçay çayarası zonasının misalında)” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib. 1967-ci ildə Azərbaycan Ali Sovetinin Fəxri Fərmanı ilə mükafatlandırılıb, 1978-ci ildə Azərbaycanın elm və texnika sahəsində Dövlət mükafatı laureatı adına layiq görülüb. 1998-ci ildə onun “Azərbaycanın alternativ enerji daşıyıcıları resursları” kitabı nəşr olunub. Son elmi işi “Qızılın metallogeniyası” monoqrafiyasıdır.
Ənvər Şıxlinskinin kolleksiyası (K-ƏŞ)
Coğrafiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Azərbaycan EA–nın müxbir üzvü, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsinin dekanı, Azərbaycan Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, iqlimşünas alim, Azərbaycan Hidrometeoroloji Xidmət İdarəsinin iqlim şöbəsinin rəisi, Azərbaycan Dövlət Mükafatı laureatı Ənvər Şıxlinskinin kolleksiyası AMEA-nın Coğrafiya İnstitutu tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 755 nüsxə ədəbiyyatdan ibarətdir. Bunlardan 26-sı Azərbaycan, 729-u isə rus dilindədir. Azərbaycanın, Dağıstanın və Xəzər dənizinin iqliminə dair ilk məlumat kitab¬çaları məhz Ə.Şıxlinskinin iştirakı və rəhbərliyi ilə çap olunmuşdur. O, Respublika ərazisinin fiziki-coğrafi rayonlaşdırılmasını vermiş (V.Q.Zavriyevlə birlikdə) və bunu “Azərbaycan SSR-in coğrafiya atlası”nda (1949) çap etdir-mişdir. Professorun Azərbaycanın irimiqyaslı iqlim xəritəsi (1961, 1977, 1991) və torpaqşünaslarla birgə tərtib etdiyi eyni miqyaslı torpaq-iqlim xəritəsi (1955, 1970) onun nailiyyətləri sırasındadır. Ənvər Şıxlinski Qırmızı Əmək Bayrağı, ikinci dərəcəli Vətən müharibəsi ordenləri, dövlət ordenləri və medallarla təltif edilmişdir. “Azərbaycan SSR iqliminin təsviri” (1937, rus dilində), “Azərbaycan SSR atlası” (1963, Azərbaycan və rus dillərində), “Azərbaycan SSR-nin istilik balansı atlası” (1978, Azərbaycan və rus dillərində), “Azərbaycan SSR-nin iqlim xəritəsi” (1977, Azərbaycan və rus dillərində), “Azərbaycanın istilik balansı” (1969) əsərlərinin müəllifi, “Sovet Azərbaycanı” (1958) və “Azərbaycan iqlimi” (1968) monoqrafiyalarının (hər ikisi rus dilində) əsas müəlliflərindən və elmi redaktorlarından biri olmuşdur. Onun rəhbərliyi altında onlarla elmi kadrlar hazırlanmışdır. AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun mərhum direktoru, akademiyanın müxbir üzvü, coğrafiya elmləri doktoru Ənvər Şıxlinskinin kolleksiyasında müxtəlif elm sahələrinə dair kitablar əksini tapıb. Bunlar kənd təsərrüfatı elmləri, fizika-riyaziyyat, yer haqqında elmin müxtəlif sahələri - geologiya, coğrafiya, yerin fizikası, meteorologiya və s. sahələr, biologiya, iqtisadiyyat, tarix, bədii ədəbiyyat, texnika, fəlsəfə, elm, tibb, sosiologiya və başqa elm sahələrinə dair nəşrlərdir. Bundan başqa kolleksiyanın tərkibində müxtəlif elmi konfranslara həsr olunmuş kitablar, elmi əsərlər, elm sahələrinə aid lüğətlər yer alır.
Mirzə İbrahimovun kolleksiyası (K-Mİ)
Azərbaycan yazıçısı, dramaturq, ictimai xadim Mirzə İbrahimovun kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 286 nüsxə ədəbiyyatdan ibarətdir. Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Eyvaq kəndində anadan olmuşdur. Yazıçının “Qazılan buruq” adlı ilk şeiri 1930-cu ildə “Aprel alovları” məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr olunmuşdur. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1935-1937-ci illərdə SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alan M.İbrahimov görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin həyatı və fəaliyyətindən bəhs edən namizədlik dissertasiyasını müdafiə etmişdir. 1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqda 34 yaşlı Mirzə İbrahimov akademiyanın ilk seçilən 15 həqiqi üzvündən biri olmuş və daim elmi fəaliyyətlə məşğul olmuşdur. O, 1941-ci ildə Cənubi Azərbaycanda olarkən “Vətən yolunda” qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edir. Bu dövrlərdə əsasən Cənubi Azərbaycan mövzusunda yazdığı hekayələr (“Qorxulu səs”, “Sənət aşiqləri”, “Zəhra”, “Yol ayrıcında”, “Mələk”, “Qaçaq”, “Cənub hekayələri” silsiləsi – “On iki dekabr”, “Azad”, “Tonqal başında”, “İztirabın sonu”, “İki həyat”), povestlər (“Xosrov Ruzbeh”, “Güləbətin”, “Pərvizin həyatı”) və romanlarla (“Gələcək gün” (1948), “Böyük dayaq” (1957), “Pərvanə”) yanaşı, səhnə əsərləri də qələmə almışdır. Dramaturq “Həyat” (1935), “Madrid” (1937), “Məhəbbət” (1941) pyeslərindən iyirmi il fasilədən sonra “Kəndçi qızı” (1961) (əsər Mirzə Fətəli Axundov adına mükafata layiq görülmüşdür), “Yaxşı adam” (1963) komediyaları, böyük yazıçı və dövlət xadimi Nəriman Nərimanovun həyatı və mübarizəsindən bəhs edən “Közərən ocaqlar” (1967) pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirmişdir. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üç cildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin yaranmasında ciddi əməyi olmuşdur (1946-1954). Sonralar institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq etmiş (1960-1970), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri (1946-1954) və SSRİ Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1965-1975) olmuşdur. İctimai xadim Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmiş (1991), ömrünün sonunadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik “Azərbaycan ədəbiyyatı tarixi”nin redaksiya heyətinin üzvü olmuşdur. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. O, 1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri Xiyabanda dəfn olunmuşdur. Kolleksiyada öz əsərləri ilə bərabər ona hədiyyə olunmuş kitablar, müxtəlif mövzuda məlumat mənbələri də yer alır.
İmam Mustafayevin kolleksiyası (K-İM)
Bioloq alim, Azərbaycanın tanınmış ictimai-siyasi xadimi İmam Mustafayevin kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. Kolleksiya 1018 nüsxə ədəbiyyatdan ibarətdir. İmam Mustafayev 15 fevral 1910-cu ildə Azərbaycanın Qax rayonunun Əmbərçay kəndində, kasıb kəndli ailəsində anadan olmuşdur. 1928-ci ildə Zaqatala Kənd Təsərrüfatı Texnikumunu, 1932-ci ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirmişdir. 1934-1940 illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda dekan, kafedra müdiri, elmi işlər və tədris hissəsi üzrə direktor müavini işləmişdir. 1940-cı ildə Ümumittifaq Kommunist Partiyası üzvlüyünə qəbul olunmuşdur. 1940-1954 illərdə Azərbaycan SSR dövlət nəzarəti komissarının 1-ci müavini, Azərbaycan xalq torpaq komissarının 1-ci müavini, Azərbaycan kənd təsərrüfatı naziri, Azərbaycan Kommunist Partiyası Gəncə Vilayət Komitəsinin 1-ci katibi, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi vəzifələrində çalışmışdır. 1954-cü ildə Azərbaycan KP-nin birinci katibi seçilmişdir. “Qırmızı əmək bayrağı”, “Şöhrət”, “Qırmızı Bayraq” və “Şərəf Nişanı” ordenləri ilə təltif edilmişdir. Hakimiyyətdə olduğu dövrdə Azərbaycan dilinin rus dilindən üstün tutulması istiqamətində gördüyü işlər səbəbindən 8 iyul 1959-cu ildə “bacarıqsızlıq” bəhanəsi ilə vəzifəsindən azad edilmiş və Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun üzvlüyündən çıxarılmışdır. Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutunda şöbə müdiri işləmiş (1954-1970), 1971-ci ildən həmin institutun direktoru olmuşdur. Alimin elmi tədqiqatı yerli buğda, arpa, çovdar və egilopsların toplanması və öyrənilməsinə, yeni məhsuldar sortların yaradılmasına, Azərbaycanın müxtəlif torpaq-iqlim şəraitində buğdalarda forma və növlərin əmələgəlmə prosesinin tədqiqinə həsr olunmuşdur. O, ilk dəfə egilopsların çovdarla çarpazlaşdırılması nəticəsində cinslərarası fertil hibridlər becərmişdir. İmam Mustafayev “Sevinc”, “Cəfəri”, “Zoğal-buğda”, “Arzu”, “Gürgənə-1”, “Turanikum-186”, “Qızıl buğda”, “Turgidum-7” və s. sortlar yetişdirmişdir. Kadrlar hazırlanmasında böyük xidməti olan ictimai-siyasi xadim bir neçə elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir. Sovet İKP 19-21, Azərbaycan Kommunist Partiyası 17-22-ci qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin (3-5-ci çağırış) və Azərbaycan SSR Ali Sovetinin (4–5-ci çağırış) deputatı olmuşdur. N.İ.Vavilov adına Qızıl medal, SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin üç böyük qızıl medalını almışdır. İmam Mustafayev 1997-ci ildə vəfat etmişdir. Kolleksiyada müxtəlif mövzularda dəyərli tədqiqat əsərləri, ona hədiyyə olunmuş kitablar çoxluq təşkil edir.
Mikayıl Hüseynovun kolleksiyası (K-MH)
Azərbaycan memarı və memarlıq tarixçisi, professor Mikayıl Hüseynovun 227 nüsxə ədəbiyyatdan ibarət kolleksiyası ailə üzvləri tərəfindən MEK-ə hədiyyə olunub. Mikayıl Hüseynov 1905-ci il aprel ayının 19-u Bakı şəhərində dünyaya gəlmişdir. O, Gənclik illərindən memarlığa həvəs göstərmiş və bu məhəbbətə ömrü boyu sadiq qalmışdır. Mikayıl Hüseynov 200-dən çox layihə yaratmış və bunların, demək olar ki, hamısı həyata keçirilmişdir. Dünya şöhrətli görkəmli memar M.Ə. Hüseynov 1992-ci il 7 oktyabrda Bakıda vəfat etmiş və I Fəxri Xiyabanda dəfn edilmişdir. O, 1922-1929-ci illərdə M.Əzizbəyov adına Azərbaycan Politexnik İnstitutuna daxil olmuş və mühəndis-memar ixtisası üzrə mühəndis-inşaat fakültəsini bitirmişdir. Mikayıl Hüseynov 1930-1959 illərdə memar, sonradan isə “Azərdövlətmemarlayihə”də (indiki “Azərdövlətlayihə” DBLİ) 1-ci memarlıq emalatxanasının rəhbəri olmuşdur. Həmçinin o, 1960-1990 illərdə “Azərdövlətlayihə”də məsləhətçi işləmişdir. 1947-1992-ci illərdə Azərbaycan Memarlar İttifaqının sədri, 1945-ci ildə Azərbaycan SSR EA-nın fizika - texniki elmlər və neft bölməsi üzrə həqiqi üzv (akademik) olmuşdur. İlk memarlıq və nəzəri əsərlərini 1946-cı ilədək S.Dadaşovla birgə yaratmışdır. 1948-1988-ci illərdə Azərbaycan SSR EA Memarlıq və İncəsənət İnstitutunun direktoru işləmişdir. Şərq və Qərb memarlıq məktəbinin sintezindan yararlanan Mikayıl Hüseynov əzəmətli yaşayış və ictimai binaların lahiyələrini hazırlayıb. Bakıdakı “Alimlər evi” (1946), Ü.Hacıbəyov adına “Azərbaycan Dövlət Konservatoriyası” (1937-1939), “Nizami adına Ədəbiyyat Muzeyi” (1946), “Nizami” kino mərkəzi (1937-1939), Azərbayacn Politexnik İnstitutu (1931-1933), “Bakı Soveti” işçiləri üçün yaşayış (hazırda Respublika Nazirlər Kabineti binası, 1938-1941) binaları onun layihələri əsasında inşa olunub. Memarın simmetrik kompozisiya şəklində həll edilmiş layihəsinə əsasən Hökumət Evinin yanında 10 mərtəbəli 2 yaşayış binası, 16 mərtəbəli evlər (hamısı 1970 illər), Lenin (indiki Azadlıq) meydanının qərb tərəfində 16 mərtəbəli “Azərbaycan” şərq hissəsində isə “Abşeron” (1985) mehmanxanaları tikilmişdir. Professor 1985-ci ildə Londondakı Kral Asiya Cəmiyyətinə fəxri üzv seçilmişdir. Sovet Azərbaycanı memarlığının yadda qalan nailiyyətləri və xüsusən onun paytaxtı Bakının nailiyyətləri Londonda keçirilən sərgidə nümayiş etdirilmişdir. Bu sərgi “Bakının memarlığı” adı altında, 1985 ilin yazında Britaniya memarları Kral institutunun qalereyasında “İngiltərə - SSRİ” dostluq cəmiyyəti tərəfindən təşkil olunmuşdur. “İncəsənət və dizayn” jurnalında (mart, 1985) qeyd olunurdu ki, Bakı memarlığı memarlıq formalarının valehedici mədəniyyətini açdı ki, onun varlığını Qərbdə heç güman etmirdilər. İngiltərə kraliçası II Yelizavetanın himayəsi altında olan “Böyük Britaniya Asiya cəmiyyəti” tərəfindən 1985-ci ildə təşkil edilmiş “Bakının memarlığı” sərgisində böyük memar-ictimaiyyətçi akademik Mikayıl Hüseynovun əsərləri nümayiş etdirildi. Sərgi materiallarına keçirilən baxış və müzakirələrdən sonra M. Hüseynovu Böyük Britaniya və İrlandiya Krallığının Asiya cəmiyyətinin Fəxri üzvü seçdilər. Elə buradaca onun yeni Azərbaycan memarlığı məktəbini yaratdığı da qeyd edildi. 1992 ildə Beynəlxalq Memarlıq Akademiyasının Moskvadakı şöbəsinə fəxri üzv seçilmişdir. 1992-ci ildə Mikayıl Hüseynovun təşəbbüsü ilə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyası yaradıldı və ilk prezidenti Mikayıl Ələsgər oğlu Hüseynov oldu. Mikayıl Hüseynovun kolleksiyasında əsasən rus dilində memarlıqla bağlı əsərlər üstünlük təşkil edir.
Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin kolleksiyası (K-ANGC)
Azərbaycan Neftçi Geoloqlar Cəmiyyəti (ANGC) geologiya elminin tərəqqisinə, bu sahədə mütəxəssislərin elmi səviyyələrinin artırılmasına kömək etmək məqsədilə birləşən geoloqların peşəkar qeyri-kommersiya təşkilatıdır. ANGC təsis olunması 23 nəfərdən ibarət heyətdə bu ideyanı irəli sürmüş AMOKO-nun məsul işçisi Con Dolsonun iştirakı ilə 1993-cü ilin mart ayının 3-də keçirilən iclasda rəsmi surətdə elan edilmişdir. 1994-cü ilin iyun ayında ABŞ-ın Kolorado ştatının Denver şəhərində, “House of delegates” iclasında ANGC-nin nümayəndələri rəsmi şəkildə iştirak etdilər. Elə həmin iclasda ANGC Amerika Neftçi Geoloqlar Assosiasiyasının rəsmi Azərbaycan bölməsi kimi təsdiq edildi. 1995-ci ildə “Azərbaycan Neftçi Geoloqlar Cəmiyyətinin bülleteni”, 1997-ci ildə isə “Azərbaycan geoloqu” elmi jurnalı təsis edilmişdir. Qeyd etmək lazımdır ki, ANGC 23 illik bir dövrdə Azərbaycanda aktiv fəaliyyət göstərən qeyri-dövlət təşkilatlarından biridir. Neftçi geoloqlar cəmiyyətinin kolleksiyası MEK-ə 15 iyul 2015-ci il tarixində Geologiya İnstitutu tərəfindən hədiyyə olunmuşdur. İnstitut tərəfindən xarici dildə 3933 jurnal, 98-i azərbaycan, 673-ü xarici dildə olmaqla cəmi 771 kitab daxil olmuşdur. Kitab və jurnallarda geologiya elmi və onun sahələri haqqında məlumat verilmişdir. Bundan əlavə həmin kolleksiyalar içərisində Azərbaycanın tanınmış neftçi alimləri və elm xadimlərinin biblioqrafiyaları da yer almışdır. Kolleksiyada neftçi-geoloqlar üçün çox əhəmiyyətli “Çatlı süxurlardan ibarət neft-qaz laylarının quyudibi ətrafına müasir təsir üsulları və onların səmərəliliyinin artırılması” (Bakı 2006) kitabı layların açılması, mənimsənilməsi və hasilatın intensivləşdirilməsi məsələləri ilə məşğul olan neftçi- mütəxəssislər, elmi işçilər və neft ixtisasları üzrə təhsil alan tələbələr üçün faydalıdır. “Abşeron yarımadasının neft-qazkondensat yataqlarının hidromineral resursları” monoqrafiyası neft-qazkondensat yataqlarının axtarışı, kəşfiyyatı, işlənməsi, ekologiyası və təbii resurslardan kompleks istifadə olunması ilə məşğul olan elmi-tədqiqat institutları və ali təhsil məktəblərinin işçiləri və mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. “Geology of petroleum” (San – Francisco 1956). Bu kitab ilk növbədə geologiyanın əsaslarını öyrənən tələbələr və həmçinin neft və qaz kəşfiyyatı ilə məşğul olan geoloqlar üçün nəzərdə tutulmuşdur. “The earth and its history” (New York 1973). Bu kitabda Yer planetindən, geoloji resurslardan, qədim kəşflərdən, planetin geoloji tarixindən bəhs olunur. Kolleksiyada mütəxəssislərin marağına uyğun elmi jurnallar da çoxluq təşkil edir.
Əlövsət Abdullayevin kolleksiyası (K-ƏA)
Əlövsət Abdullayev Şamaxı şəhərində anadan olmuşdur. Şamaxıda orta və pedaqoji təhsil aldıqdan sonra ADU–nun Filologiya fakültəsinə daxil olmuşdur. Böyük Vətən Müharibəsi başlananda Ə.Abdullayev təhsilini yarımçıq qoyaraq cəbhəyə yola düşmüş, döyüşlərdə iştirak etmiş, yaralandığı üçün ordudan tərxis olunmuşdur. O, 1943-46- cı illərdə məktəb direktoru vəzifəsində çalışmışdır. Daha sonra yenidən unuversitetə qayıdaraq aspiranturaya daxil olmuşdur Ə.Abdullayev 1954-cü ildə “Müasir Azərbaycan dilində xüsusiləşmələr” mövzusunda namizədlik dissertasiyası, 1963-cü ildə isə müasir dilçiliyimizin ən qaranlıq, ən az tədqiq olunmuş sahəsindən - tabeli mürəkkəb cümlələrdən doktorluq dissertasiyası müdafiə etmişdir. O, 21 il Müasir Azərbaycan dili kafedrasına rəhbərlik etmişdir. Professor Ə.Abdullayev bir çox ictimai işlərlə də məşğul olmuşdur. O, Azərbaycan EA Nəsimi adına Dilçilik İnstitunun, Azərbaycan Ensiklopediyasının redaksiya heyətinin, Respublikada Azərbaycan Dilinin Tətbiqi və Əlifba komissiyasının üzvü olmuşdur. Ə.Abdullayev Türk Dil Qurumuna müxbir üzv seçilmiş üçüncü azərbaycanlı alim olmuşdur. Vətən qarşısında göstərdiyi xidmətlərə görə dövlət mükafatına, Əməkdar elm xadimi adına, ölkəmizin bir sıra orden və medallarına layiq görülmüşdür. Professorun kolleksiyası onun qızı filologiya elmləri doktoru, BDU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri Sənubər xanım tərəfindən MEK-ə təqdim olunub. Kolleksiya 1175 nüsxə sənəddən ibarətdir. Kolleksiyaya Əlövsət Abdullayevin müəllifi olduğu əsərlərlə yanaşı, dilçilik elminin bütün bölmələrinə aid kitablar, müxtəlif dillərdə olan lüğətlər, ensklopediyalar, tarixi kitablar, dahi yazarların əsərləri daxildir. Ə.Abdullayev Azərbaycan dilininin ən aktual problemləri üzrə 140-dan çox əsərin, o cümlədən 15-dən artıq tədris ədəbiyyatı və monoqrafiyanın müəllifidir. 1958-ci ildə nəşr olunmuş “Köməkçi nitq hissələri” kitabı Filologiya fakültəsinin qiyabi tələbələri üçün tədris-metodik vəsaitdir. Kitabda köməkçi nitq hissəsinin ədat bölməsindən geniş bəhs olunub. Tapşırıq üçün bədii ədəbiyyatlardan mətnlər verilmişdir. 4 cildlik “Müasir Azərbaycan dili” ali məktəblərin filologiya fakültələrinin tələbələri üçün nəzərdə tutulmuş bu dərslik Azərbaycan dili kursunun sintaksisi bölməsini əhatə edir. Burada sintaksis və onun predmeti, sintaktik əlaqələr, söz birləşmələri, sadə və mürəkkəb cümlələr, mürəkkəb sintaktik bütövlər barədə sistemli məlumat verilir. Bu əsərə görə Ə.Abdullayev 1974-cü ildə Azərbaycan Respublikasının Dövlət mükafatına layiq görülmüşdür. “Müasir Azərbaycan dilində tabeli mürəkkəb cümlələr” monoqrafiyası uzun və gərgin axtarışların nəticəsidir. Bu qiymətli əsər ölkə türkoloqları tərəfindən böyük maraqla qarşılanmışdır. Kolleksiyada həmçinin Azərbaycan, rus, türk, özbək, fars, buryak, fransız, türkmən, tatar, ərəb, tuva, qırğız, polyak və digər dillərdə lüğətlər, ensklopediyalar, tarixi əsərlər, dahi yazarların əsərləri və “Qurani Kərim” kitabı yer almışdır.
Rasim Kazımovun kolleksiyası (K-RK)
Azərbaycan kitabxanaşünaslığında əvəzsiz xidmətləri olan, görkəmli kitabxanaşünas-biblioqraf alim, novator, pedaqoq, təşkilatçı Rasim Əhməd oğlu Kazımov 1932-ci ildə mayın 18-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, 1950-ci ildə 44 saylı orta məktəbi gümüş medalla bitirərək V.M.Molotov adına Moskva Dövlət Kitabxanaçılıq İnstitutuna daxil olmuşdur. 1954-cü ildə universiteti bitirərək biblioqraf ixtisası almış və SSRİ miqyasında ən sanballı təhsil ocaqlarından birinin ilk və yeganə azərbaycanlı məzunu kimi adını Azərbaycan kitabxana işi tarixinə yazdıra bilmişdi. Təhsilini başa vurduqdan sonra Vətənə qayıdan gənc Rasim Kazımov 1954-57-ci illərdə Bakı kitabxanaçılıq texnikumunda müəllim olmuşdur. 1957-1962-ci illərdə M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında əmək fəaliyyətini davam etdirən Rasim Kazımov şöbə müdiri, elmi katib və direktor müavini vəzifəsinə qədər yüksəlmiş, kollektivin dərin hörmətini qazanmağa müvəffəq olmuşdur. 1962-ci ildə Azərbaycan SSR EA-nın Dil və ədəbiyyat aspiranturasına daxil olan Rasim müəllim eyni zamanda Mərkəzi Elmi Kitabxanada yeni yaradılmış Kartoqrafiya şöbəsinin müdiri kimi fəaliyyətə başlamış, metodiki qrupun rəhbəri, 1965-ci ildə Azərbaycan SSR EA Mərkəzi Elmi Kitabxanasının direktoru təyin edilmişdir. 1972-ci ildə “Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq biblioq-rafiyasının vəziyyəti və inkişafı məsələləri: 1946-1964-cü illər” adlı namizədlik dissertasiyasını müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi almışdır. 1977-ci ildən ömrünün sonunadək indiki BDU-nun Kitabxanaçılıq fakültəsində “Kitabxanaşünaslıq” kafedrasının müəllimi olmuşdur. 1987-ci ildə isə kitabxanaşünaslıq kafedrası üzrə dosent elmi adını almışdır. Mərkəzi Elmi Kitabxanada 2004-cü ildən böyük elmi işçi kimi fəaliyyət göstərmişdir. Rasim müəllim Azərbaycan kitabxanaşünaslıq elminin inkişafında böyük əməyi olan şəxsiyyətlərdən biridir. Onun müəllifi və tərtibçısı olduğu “Neft” ədəbiyyat göstəricisi (Bakı, 1960), “Azərbaycan Respublika Kitab Palatası: yaddaş (1925-1965)”, (Bakı, 1965), “Состояние и развитие библиографии художественной литературы литературоведение в Азербайджане” (Баку,1965), “Azərbaycan Dövlət Kitabxanası” (Bakı, 1965), “Azərbaycanda bədii ədəbiyyat və ədəbiyyatşünaslıq biblioqrafiyasının vəziyyəti və inkişafı məsələləri:1946-1964-cü illər” (Bakı, 1965), “Библиография художественной литературы и литературоведения в Азербайджане (1920-1965 гг.)” (Баку, 1972), “Библиотечный факультет” (Баку, 1983), “Kitabxana işçisinin məlumat kitabı” (Bakı, 1986), “Abuzər Alı oğlu Xələfov” (Bakı, 1987), “Bazar iqtisadiyyatı və kitabxanalar” (Bakı,1996), “Kitabxana işinin iqtisadiyyatı” (Bakı, 2000), ”Kitabxana marketinqi: BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsi üçün proqram” (Bakı, 2000), “Kitabxana işinin iqtisadiyyatı” (Bakı, 2004), “Müdriklik və alimlik zirvəsində: Abuzər Alı oğlu Xələfov” (Bakı, 2006) kimi əsərləri kitabxanaçıların bu gün də müraciət etdiyi məlumat mənbələridir.