Nadir kitablar və qiymətli nəşrlər fondu
Nadir kitablar və qiymətli nəşrlər fondu 1998-ci ildə yaradılıb. Fonda kitablar nəşr tarixinə, region və ölkə əhəmiyyətinə, nəfis tərtibatına, ölçülərinə görə (ən iri, ən kiçik) və digər meyarlar əsasında seçilib, unikal nəşrləri özündə birləşdirir. Ədəbiyyatlar əsasən rus, ingilis, alman, fransız, ispan, italyan və latın dillərindədir. Fondda Azərbaycan Respublikasının kitabxanaları arasında ən qədim 22 kitab mühafizə olunur. Kitablar latın dilində, mövzuları isə qədim Roma İmperiyasına, tarixə, kilsəyə və dinə aiddir. Qədim nəşrlər 1502-1572-ci illəri əhatə edir. Kitablar “Azərbaycan Respublikasının Kitab Abidələri”nə daxil edilib. Bunlardan nəşr tarixinə görə ən qədimi 1502-ci ilə aid, Р-5098 şifrəsində olan “Heptalogium ex diversis paginis atque auctorum officinis congestum” kitabıdır. Qədim kitablar xüsusi hazırlanmış şüşəli stendlərdə mühafizə olunur. Fondda səhifələrinin kənarı qızıl suyu ilə işlənmiş, dəri materialı ilə cildlənmiş, üz qabığı təbii firuzə qaşlarla bəzədilmiş və üz qabığının kənarları qızıl suyuna salınmış kitablar var. Fondda Azərbaycan dilində də ölkə və dünya əhəmiyyyətli nəşrlər toplanıb. Nadir kitab fondunda çox geniş formada bütün elm sahələrini əhatə edən universal xarakterli ensiklopediyalar mövcuddur. Həmçinin fondda müxtəlif kolleksiyalar da mövcuddur. Kolleksiyalarda müxtəlif elm sahələri üzrə və dahi şəxsiyyətlər haqqında çap olunmuş miniatür nəşrlər yer alır. Xaricdə yaşamış azərbaycanlıların məzarları kolleksiyası isə 53 fotodan ibarətdir. Ən qiymətli kitablar xüsusi mühafizə rejimində, yəni turşusuz kartondan düzəldilmiş mikroiqlimli konteynerlərdə qorunur. Fonda Sevil Məmmədova rəhbərlik edir.
Azərbaycan dilində ədəbiyyat və mübadilə fondu
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2021-ci il 28 yanvar tarixli 6/3 №-li qərarı ilə Mərkəzi Elmi Kitabxananın struktur və işçilərin say tərkibinə uyğun olaraq 15 fevral 2021-ci ildə Azərbaycan dilində ədəbiyyat və mübadilə fondu müstəqil şöbə kimi fəaliyyətə başlayıb. Fondda kitab, jurnal, qəzet, dissertasiya, avtoreferat və elektron resurslar (CD-R, CD-RW disklər) mühafizə olunur. Fonda aid inventar nömrəli hər bir sənədin qeydiyyat nişanı, adı və haqqında qısa məlumatı əks etdirən topoqrafik kartotekası var. Fond MEK-in Kataloqlaşdırma şöbəsi tərəfindən qəbul edilən yeni ədəbiyyatın yerləşdirilməsi, oxucuların sorğularının cavablandırılması, istifadə müddəti bitmiş ədəbiyyatın fonda geri götürülməsi, zədələnmiş kitab və ya jurnalların bərpası ilə yanaşı, ölkədaxili və xarici ölkələrə beynəlxalq kitab mübadiləsi yolu ilə ədəbiyyat göndərir. Fond eyni zamanda, ölkə daxilində fəaliyyət göstərən elmi müəssisə və təşkilatlara kitab hədiyyə edir. Fonda Nazilə Həsənova rəhbərlik edir.
Xarici dillərdə ədəbiyyat fondu
Xarici dillərdə ədəbiyyat fondu şöbə olaraq 2021-ci ilin yanvar ayından fəaliyyətə başlayıb. Fond şöbənin Əsasnaməsi və illik planı əsasında iş aparır. Fondda ümumilikdə 1.004.262 nüsxə kitab, jurnal və qəzet mühafizə olunur. Xarici dillərdə ədəbiyyat fondu rus, Şərq, Avropa dillərində ədəbiyyatı özündə birləşdirir. Fondun Şərq dillərində ədəbiyyatı şərqşünas alimlər, mütəxəssislər üçün qiymətli mənbədir və nadir kitabların saxlanma sayına görə MEK-in ən diqqətəlayiq kitab saxlanclarındandır. Burada Şərq dillərinə aid nadir elmi kitablar, müxtəlif dərsliklər, ensiklopediya və lüğətlər, məcmuələr, dövri mətbuat nüsxələri, 1920-ci ilə qədər Azərbaycanda nəşr edilmiş ədəbiyyatın Arxiv fondu, 64 adda o dövrün mətbuat nüsxələri, fotosürətlər və mikrofilmlər mühafizə olunur. Fondda, həmçinin Şərq xalqlarının qədim və yeni tarixi, ədəbiyyatı, din, fəlsəfə və incəsənətinə dair nəşrlərdən, alim-səyyahların əsərlərindən ibarət zəngin kitab xəzinəsi toplanıb. Şərq dillərində ədəbiyyat fondunun əsas hissəsini ərəb, fars, türk dillərində olan çox qiymətli kitab, jurnal və qəzetlər təşkil edir və kitablar nadir elmi əsərlərin sayına görə MEK-in qızıl fondu hesab edilə bilər. Xarici dillərdə ədəbiyyat fonduna Kübra Sadıqova rəhbərlik edir.
Qarabağ müharibəsi qəhrəmanları fondu
Kitabxananın Qarabağ müharibəsi qəhrəmanları fondu 28 yanvar 2021-ci ildə yaradılıb. Fond AMEA Rəyasət Heyətinin qərarından dərhal sonra fəaliyyətə başlayıb. Fondun əsas məqsədi I və II Qarabağ müharibəsində, Aprel döyüşü, Tovuz döyüşü zamanı Vətənin ərazi bütövlüyünü bərpa etmək üçün canını fəda edən qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək, onların ömür və döyüş yolunu yaşatmaq, gələcək nəsillərə ötürməkdir. Fondun əməkdaşları tərəfindən I və II Qarabağ müharibəsi, Aprel döyüşü, Tovuz döyüşü qəhrəmanlarının ailələri ilə əlaqə yaradılır, görüşlər təşkil edilir və onlar haqqında məlumatlar, videomateriallar, fotoşəkillər toplanılır və sənədləşdirilmiş formada qorunub saxlanılır. Hazırda 2000-ə yaxın material toplanaraq sənədləşdirilib və bu iş mərhələli şəkildə davam etdirilir. Həmçinin şəhidlərin ailələri tərəfindən qəhrəmanlarımıza məxsus olan kitablar Qarabağ müharibəsi qəhrəmanları fonduna hədiyyə olunur. Qarabağın tarixi, siyasəti, mədəniyyəti, etnoqrafiyası və iqtisadiyyatını əks etdirən 1000-ə yaxın kitab, qəzet və s. materiallar da fondda yer alıb. 44 günlük savaş haqqında yazılmış kitablar müəllifləri tərəfindən fonda hədiyyə olunur və bu ənənə davam etdirilir. Qarabağ müharibəsi qəhrəmanları fondu elektron, ənənəvi kataloq və kartoteka sistemi ilə oxuculara xidmət göstərir. Fondun əməkdaşları davamlı olaraq respublikanın müxtəlif şəhər və rayonlarında qəhrəman şəhidlərimizin ildönümləri ilə bağlı tədbirlərdə iştirak edirlər. Fondda Azərbaycan Respublikasının, üzərində 44 günlük Vətən müharibəsinin qələbəsini bizlərə yaşadan igid oğullarımızın adları həkk olunan Zəfər memarları adlı xəritəsi hər bir kəsdə qürur hissi yaradır. Şəhidlərimizin oxuduqları şəxsi kitablarından ibarət güşə də fondda xüsusi yer tutur. Şəhid oğullarımıza həsr olunmuş qiymətli kitablar müəllifləri və şəhid ailələri tərəfindən fonda hədiyyə olunmuşdur. Hər ay doğum günü olan şəhidlərimizin şəkillərindən hazırlanmış videoslaydlar infoköşkdə yayımlanır, həm də onlara məxsus məlumatlar xüsusi guşədə sərgilənir. Qarabağın tarixi, ədəbiyyatı, coğrafiyası, siyasəti və milli-mədəni irsinə, həmçinin Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşlərinə həsr edilmiş kitab və qəzetlər fondda mühafizə olunur. Komplektləşdirmə şöbəsindən fonda daxil olan yeni kitabların topoqrafik kartoçkası yazılır və inventar nömrəsi ilə rəflərə düzülür. Hal-hazırda fondda 1308 sayda kitab mühafizə olunur. Həmçinin 540 sayda kitab PDF olunub və hal hazırda bu iş davam edir. Fondun kitablarının biblioqrafik göstəricisinin hazırlanması üzərində işlər gedir. Bundan başqa Qara Heybət helikopter qəzası, 12-14 sentyabr Azərbaycan - Ermənistan şərti sərhəddində baş vermiş hərbi münaqişə, 19 sentyabr (23 saatlıq) Antiterror əməliyyatı zamanı şəhid olan oğulların həyat və döyüş fəaliyyətini əks etdirən məlumatlar, video materiallar, fotoşəkillər toplanaraq sənədləşdirilir. Qarabağ fondunun yaratdığı Facebook səhifəsi və bu səhifədə qəhrəmanlar haqqında məlumatlar, onların doğum günlərini dərin hörmət və ehtiramla yad etmək qəhrəmanların ailələri tərəfindən AMEA MEK - ə böyük rəğbət qazandırmışdır. Qarabağ müharibəsi qəhrəmanları fondu yarandığı gündən hər kəsin, xüsusən də gənc nəslin nümayəndələrinin marağına səbəb oldu. Gələn qonaqlar fondumuzdan zəngin təəssüratla ayrılırlar. Qəhrəmanlarımızın təbliğ olunması məqsədilə Qarabağ fondunun rəhbəri və əməkdaşlarının birgə zəhməti sayəsində 2022 - ci il sentyabr ayının 27- də CBC FM radiosunda “Vətən uğrunda”adlı verilişin ilk buraxılışı yayımlandı. Qalib oğullarımızın həyat və döyüş yolu, göstərdikləri misilsiz igidlik haqqında söhbətlər azad etdikləri torpaqlarda - Qarabağda yayımlanmaqdadır. Qarabağ fondu şəhidlərə həsr olunmuş kitab və film təqdimatlarında da fəal iştirak edir. Bundan başqa şəhidlərin ildönümlərində şəhid ailələri, şəhid məzarları ziyarət olunur. Qarabağ fondunun yarandığı gündən keçirdiyi tədbirlər: Açılış Tədbiri (2021); “Anım Günü” adlı tədbir (2021); “Zəfər Günü “ adlı tədbir (2021); Symqayıt şəhidlərinin ailə üzvləri ilə Dəyirmi masada keçirilən tədbir (2022); Fizuli şəhidlərinin ailə üzvləri ilə keçirilən tədbir (2022); Saatlı və Bərdə rayon qaziləri ilə keçirilən görüş tədbiri (2022); Bakı, Kürdəmir, Şəki, Mingəçevir, Naxçıvan, Qazax, Fizuli, Sumqayıt, Quba, Şirvan və s. bölgələrin qaziləri və şəhid ailələri ilə görüşlər keçirilmişdir (2022); Qarabağ fondunun açılışının ildönümü tədbiri (2022); “Anım Günü” adlı tədbir (2022); “Bayrağın qürur duyduğu gün - Zəfər günü” adlı tədbir (2022); Azərbaycan xalqına qarşı törədilən Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar keçirilən tədbir (2022); “Vətən savaşında Azərbaycan anası” mövzusunda Dəyirmi masa (2022); Vətən müharibəsi şəhidi baş leytenant Həsənağa Abdullazadəyə həsr olunmuş “Bu dünyanın Həsənağası” adlı film və kitab təqdimatı (2022); Şanlı Aprel döyüşlərinin 7-ci il dönümü ilə əlaqədar “Zəfərə gedən yol Sizinlə başladı” adlı tədbir (2022); Vətən müharibəsi şəhidi Elşən Müslümovaun xatirəsinə həsr olunmuş “Hər iki dünyada cənnət mələyim” adlı kitabın təqdimatı (2022); Azərbaycan Silahlı Qüvvələrinin 105 illiyi münasibətilə “Azərbaycan Milli Ordusu: dünən, bu gün, sabah” mövzusunda tədbir (2023); “Anım Günü” adlı tədbir (2023); “Ulu Öndər Heydər Əliyevin hərb siyasətinin Zəfəri” adlı tədbir (2023); 44 günlük Vətən müharibəsinin könüllü şəhidi rəssam Rauf İbadovun xatirəsinə həsr olunmuş “ Rəssam -kəşfiyyatçı “ kitab təqdimatı və “Sizə yadigar qalsın” adlı rəsm sərgisi (2024); Qarabağ müharibəsi qəhrəmanları fondunun keçirdiyi ulu öndər Heydər Əliyevin 101 illiyi çərçivəsində Dəyirmi masada Qarabağ veteranı polkovnik Vaqif Cəfərovun qızı t.ü.f.d. Cəmilə Həsənovanın “Azərbaycanın Mil - Qarabağ bölgəsinin ilk tunc dövrü maddi mədəniyyəti “ adlı kitabının təqdimatı (2024); 44 günlük Vətən müharibəsində AMEA- nın əməkdaşlarının da rolu danılmazdır. Ümümimillikdə, müharibədə AMEA- nın 30 əməkdaşı döyüşmüş, onlardan iki nəfəri şəhidlik zirvəsinə ucalmışdır. Onlar haqqında məlumatlar fondda mühafizə olunur. Vətən müharibəsi şəhidi Ceyhun Şalıyevin əziz xatirəsinə həsr edilmiş videoçarx hazırlanmış və ailəsinə təqdim edilmişdir. Həmin videoçarx Mərkəzi Elmi Kitabxananın yutub səhifəsində və digər sosial şəbəkələrdə yayımlanmışdır. Mütəmadi olaraq şəhid ailələri, qazilər, müharibə iştirakçıları fonda dəvət olunur və onlara fond haqqında ətraflı məlumatlar verilir. Fondumuzu Türkiyə, Özbəkistan, Almaniya, Polşa, Belarusiya, Gürcüstan, Macarıstan və s. ölkələrdən gələn qonaqlar da ziyarət etmişlər. Mərkəzi Elmi kitabxanada qonaq olan nobel mükafatı laureatı, AMEA-nın fəxri üzvü, ABŞ-ın Şimali Karolina Universitetinin Biokimya və biofizika fakültəsinin professoru, dünya şöhrətli alim Əziz Sancar fondumuzda qonaq olmuş, həmçinin xatirə şəkilləri çəkdirmişdi. Fondda AMEA İnstitutlarının əməkdaşları, universitetlər, məktəb və liseylər, müxtəlif təşkilat və kitabxanalardan gələn qonaqlar ziyarət etmişdilər. Qarabağ fondunun rəhbərinin dəstəyi ilə artıq 4 ildir ki, Бакински рабочий və Каспий qəzetinin jurnalisti Qarabağ müharibəsi qəhrəmanları fondunda şəhid ailələri, qazi və iştirakçılar ilə görüşür, onlardan aldığı müsahibələri adı gedən qəzetlərdə işıqlandırır Fonda şəhid-polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə rəhbərlik edir.