MEK

"AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyevin “sherg.az” saytına müsahibəsi"

2026-12-20

AMEA Mərkəzi Elmi Kitabxanası 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində önəmli çalışmalara imza atıb. Bu münasibətlə Mərkəzi Elmi Kitabxananın (MEK) baş direktoru, professor Məmməd Əliyevdən müsahibə götürdük. - Kitabxananın “Heydər Əliyev İli” çərçivəsində gördüyü ən önəmli fəaliyyət olaraq nəyi qeyd edə bilərsiniz? - Bizim müəssisə kitabxanadır, əsas işimiz və çalışmalarımız da kitabla, jurnalla, çap məhsulları, o cümlədən son illərdə rəqəmsal, elektron mənbələrlə çalışmaqdır. Hesab edirəm ki, MEK-in bu il üçün ən möhtəşəm töhfəsi ideyası və ön sözü AMEA-nın prezidenti, akademik İsa Həbibbəyliyə məxsus olan, mənim elmi redaktorluğumla əməkdaşlarımızın hazırladığı “Görkəmli dövlət xadimi Heydər Əliyev” adlı biblioqrafik göstərici sayıla bilər. 800 səhifəyə yaxın olan bu sanballı əsər ümummilli lider Heydər Əliyevə aid olan mənbələrin toplandığı bir nəşrdir. Əlbəttə Heydər Əliyev elə bir şəxsiyyətdir ki, onun fəaliyyətini əhatə etmək üçün cild-cild kitablara, nəşrlərə ehtiyac var. Onun bütün sahələri əhatə edən, bütün istiqamətlərə nüfuz edən çalışmalarını bir nəşrdə toplamaq mümkünsüzdür. Lakin biz maksimum şəkildə diqqətlə, səbrlə, gərgin çalışmalarla bu istiqamətdə çalışmalar etdik və təvazökarlıqdan uzaq da olsa deyəcəm ki, kifayət qədər uğurlu bir məhsul ərsəyə gəldi. - Ümummilli Liderlə bağlı başqa nəşrlər də çap etdinizmi? - Əlbəttə biz nə qədər sanballı olsa da yalnız bir kitabla kifayətlənə bilməzdik. Mən və MEK-in icraçı direktoru Şəhla Tahirqızı “Kitabxana informasiya sahəsinə dair normativ-hüquqi sənədlər” adlı kitab da hazırladıq və nəşr etdik. Bu kitab kitabxana sahəsinə dair normativ sənədlərin toplandığı önəmli bir vəsaitdir. Kitabı Ümummilli Liderin 100 illiyinə həsr etmişik. Bundan başqa Heydər Əliyevin müdrik kəlamlarından ibarət Azərbaycan və ingilis dillərində “Ümummilli Lider Heydər Əliyev: müdrik kəlamlar” (“National Leader Heydar Aliyev: words of wisdom”) adlı audiokitab, “Heydər Əliyev irsinin kitabxanalarda tədqiqi və təbliği: elmi kitabxanalar üçün metodik vəsait” adlı nəşrlər də hazırlamışıq. Biz bu nəşrlərlə Ümummilli Liderin qarşısında borcumuzu azacıq da olsa ödəməyə çalışmışıq. Ümumiyyətlə götürdükdə MEK-də daim Heydər Əliyev irsinə, onun fəaliyyətinə, gördüyü işlərə, çalışmalara qarşı həm ədəbiyyatların toplanması və saxlanılması, həm tədbirlər keçirilməsi, həm də sərgilərin təşkili və s. istiqamətlərdə geniş çalışmalar həyata keçirilir. Bu nəşrlərimizi də o çalışmaların tərkib hissəsi saymaq olar. - MEK-in əməkdaşlarının bu mövzuya həsr olunan konfranslarda iştirakı haqqında nə deyə bilərsiniz? - Kitabxanamızın əməkdaşları daim yerli və beynəlxalq səviyyəli elmi və digər qəbildən olan konfranslarda aktiv iştirak edirlər. “Heydər Əliyev İli”ilə bağlı 50-yə yaxın əməkdaşımız yerli və beynəlxaql əhəmiyyətli forum, konfrans, simpozium, dəyirmi masada 40-a qədər məqalə və tezislə, yerli və xarici mediada Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş müsahibə və məqalələrlə çıxış ediblər. Bu çıxışlarda Ümummilli Liderin həyat və yaradıcılığı, onun Azərbaycan mədəniyyətinin təbliğində və kitabxanaların qorunmasında, inkişafındakı rolu ətraflı təhlil edilmişdir. - Əməkdaşlarınız beynəlxalq və yerli əhəmiyyətli konfranslarda iştirakına dəstək verirsinizmi? - Biz daim əməkdaşlarımızın beynəlxalq və yerli əhəmiyyətli tədbirlərdə iştirakını həm təşviq edirik, həm də onlara dəstək veririk. Azərbaycan mədəniyyətini, Ümummilli Lider Heydər Əliyevin gördüyü işləri, AMEA-nın fəaliyyəti, MEK-in çalışmaları və s. istiqamətlərdəki mövzularla bu konfranslarda çıxışlar və məqalələrlə təmsil olunuruq. Kitabxanaya yalnız kitab saxlanılan bir yer kimi baxmaq doğru deyil. Müasir dövrdə, informasiyanın sürətlə yayıldığı, internet-kommunikasiya, elektron proseslərin genişləndiyi bir mərhələdə kitabxana həm də informasiya qəbuledicisi və ötürücüsüdür. Biz də dövlətimizin bizə göstərdiyi etimadı layiqincə doğrultmağa, Azərbaycan həqiqətlərini, Azərbaycan Prezidenti İlham Əliyevin mədəniyyət, təhsil, elm siyasətini, dövlətimizin qazandığı uğurları, gördüyümüz işləri təqdim və təbliğ etməkdəyik. - MEK özü konfranslar, tədbirlər təşkil edirmi? - MEK hazırda demək olar ki, hər gün bir neçə zalında tədbirlərin, ən möhtəşəm müzakirə və konfransların təşkil edildiyi bir məkana çevrilib. Yerli və beynəlxalq əhəmiyətli tədbirlərin keçirilməsi üçün MEK əməkdaşları lazım olan bütün dəstəyi göstərirlər. Bundan əlavə biz özümzü də Azərbaycanımız üçün önəmli günlərdə tədbirlər təşkil edirik, əhəmiyyətli mövzularda sərgilər keçiririk. 28-29 noyabr2023-cü il tarixdə MEK olaraq Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Multikultural cəmiyyətdə kitabxanaların rolu” adlı Beynəlxalq elmi konfrans keçirdik. Konfransda Azərbaycanla yanaşı, 10-a qədər ölkədən elm, təhsil, mədəniyyət, ictimaiyyət adamları məqalə, tezislələr iştirak etdilər. Bu cür möhtəşəm tədbirlə də “Heydər Əliyev İli”nə daha bir töhfə vermiş olduq. Çıxışlarda, məqalələrdə Azərbaycan mədəniyyəti, multikultural ənənələri, kitabxana, kitab mədəniyyəti beynəlxalq ictimaiyyətə bir daha təqdim edilmiş oldu. - Artıq “Heydər Əliyev İli” başa çatır. Bundan sonra Ümummilli Lider Heydər Əliyevə və onun layiqli davamçısı Prezident İlham Əliyevə həsr olunan çalışmalarınız olacaqmı? - Əlbəttə bizim bu çalışmalarımız mövsümi deyil, daimi xarakter daşıyır. Kitabxanamızda hər iki şəxsiyyətə həsr olunmuş daimi sərgi fəaliyyət göstərir. Ümummilli Liderin fəaliyyətini təbliğ edən lektoriyalarımız keçirilib və onun kitab mədəniyyətinin inkişafındakı rolu təhlil edilib. Heydər Əliyev irsini daim təbliğ etmək üçün ayrıca çalışmalarımız, müzakirələrimiz, kitab təqdimatlarımız və s. davam edir və edəcək də. Biz ölkənin aparıcı kitab müəssisələrindən, kitabxanalarından olaraq dövlətimizin mədəniyyət, təhsil, elm siyasətinin təbliği və inkişafında aktiv iştirak etməyi özümüzə borc bilirik. Kitabxanamızda dövlətimiz tərəfindən istifadəçilər üçün yaradılmış şərait, həm oxucularda, həm də qonaqlarımızda xoş təəssürat yaradır. Biz çalışmışıq ki, burada elə şərait yaradaq ki, kitabxanamız bura gələnlərlə “danışsın”, Azərbaycanın mədəni zənginliklərini təqdim edə bilək. Çünki Azərbaycan Prezidenti İlham Əliyev belə bir məkanın tikilməsini həyata keçirməklə, onu istifadəçilərin ixtiyarına verməklə bizlərin qarşısında bu tələbi qoymuş olub. Biz ölkə rəhbərliyinin, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyinin bizə verdiyi tapşırıqlarını icra etməkdə, gözləntilərini doğrultmaq üçün çalışmaqda davam edirik. Bütün çalışmalrımızın başında isə Ümummil Lider Heydər Əliyevin zəngin irsinə diqqət, qayğı və təbliğ dayanır. https://sherg.az/musahibe/247821?fbclid=IwAR3Sq-nklWTSpRxwpRCwl4siS30WO4S8kqqZaiUQDhr-orzCaJBAC9YE4BY

 

 

  • Paylaş: