"MEK-in Elmi-Metodiki Şurasının növbəti iclası keçirilib"
2021-12-20
AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) Elmi-Metodiki Şurasının dördüncü iclası keçirilib. İclası kitabxananın direktoru, Elmi-Metodiki Şuranın sədri, professor Məmməd Əliyev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb. MEK-in təşkilatçılığı ilə baş tutan “Multikultural cəmiyyətdə kitabxanaların rolu” adlı beynəlxalq elmi konfransın nəticələri haqqında ətraflı məlumat verən direktor sözügedən konfransın hibrid formatda keçirildiyini, xaricdən xeyli sayda qonağın qatıldığını vurğulayıb. Professor, beynəlxalq konfransa Azərbaycanın 13 universitetindən, 5 kitabxanasından, 11 elmi tədqiqat institutlarından ümumilikdə 122 məqalənin daxil olduğunu vurğulayıb. ADA Universiteti Kitabxanasının direktoru, t.ü.f.d. Elçin Məmmədov, BDU Kitabxanasının direktoru, dos. Nigar İsmayılova və AMEA-nın "Elm" nəşriyyatının direktoru, f.ü.f.d Səbuhi Qəhrəmanov beynəlxalq konfransın uğurla başa çatması barədə fikirlərini bölüşüblər. Xidmət şöbəsinin müdiri Ofeliya Yunusovanın rəhbərlik etdiyi şöbə haqqında hesabatı dinlənilib. O. Yunusova il ərzində 2257 sənədin oxucuların istifadəsinə verildiyini, bunlardan 1550 sənədin saxlancdan, 707 sənədin isə yardımçı fondlardan istifadə edildiyini nəzərə çatdırıb. Mərkəzi Elmi Kitabxananın direktoru, professor Məmməd Əliyevin və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, s.e.ü.f.d. Züriyə Qarayevanın İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə Ankara şəhərində keçirilən VI Beynəlxalq Ankara Multidisiplinar Elmi Araşdırmalar Konfransında iştiraklarına dair çıxışları dinlənilib. Daha sonra, İnnovativ layihələr və metodiki təminat şöbəsinin müdiri Səyyarə Məmmədovanın Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı ilə “Regionlarda elmin inkişaf strategiyası Heydər Əliyev zəkasının işığında” mövzusunda keçirilən beynəlxalq elmi konfransdakı iştirakları haqqında məlumat verib. S.Məmmədova MEK-də “Heydər Əliyev İli” çərçivəsində görülən işlər haqqında da danışıb. İclasda MEK-in elmi katibi Şəbnəm Rüstəmova gündəlikdəki digər mövzuları iştirakçılara təqdim edib, qarşıda duran məsələlərin iclasda öz əksini tapdığını vurğulayıb.