"MEK-in baş direktoru, professor Məmməd Əliyevin olaylar.az saytına müsahibəsi"
2022-11-20
MEK-in baş direktoru, professor Məmməd Əliyevin "AMEA-nın Mərkəzi Elmi Kitabxanası “Heydər Əliyev İli”nə mühüm töhfələr verib" adlı müsahibəsini təqdim edirik. AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Heydər Əliyev İli" çərçivəsində mühüm tədbirlər həyata keçirilib. Olaylar.az xəbər verir ki, bu barədə MEK-in baş direktoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Əliyev məlumat verib. M.Əliyev bildirib ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi ilə əlaqədar olaraq AMEA-da da bununla bağlı Tədbirlər Planı hazırlanmışdır. O, "Heydər Əliyev İli"nin Akademiyada təntənəli şəkildə qeyd olunduğunu qeyd edərək dahi şəxsiyyətinin Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda çox böyük məna yükü daşıyan fenomen olduğunu bildirib. Baş direktor Ulu Öndərin irsinin gələcək nəsillərə ötürülməsinin hər bir azərbaycanlının borcu olduğunu vurğulayıb. O, MEK-in AMEA-da "Heydər Əliyev İli" çərçivəsində görülən işlərdə, həyata keçirilən tədbirlərdə yaxından iştirak etdiyini qeyd edib. "Heydər Əliyevin 100 illiyinə töhfə olaraq gördüyümüz işlər arasında ilk sırada dahi şəxsiyyət, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin biblioqrafiyasının hazırlanması dayanır", - deyə M. Əliyev vurğulayıb. Professor bildirib ki, "Heydər Əliyev İli" ilə əlaqədar olaraq MEK-in Sərbəst elektron resurslar şöbəsi tərəfindən Vikipediya açıq ensiklopediyasında 100 məqalə yaradılmışdır. Baş direktorun sözlərinə görə, bu istiqamətdə həyata keçirilmiş işlərdən biri də MEK-in Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən "Heydər Əliyevin aforizmləri" audiodiskinin hazırlanmasıdır: "Burada Ulu Öndərin aforizmləri Azərbaycan və ingilis dillərində səsləndirilmişdir". M.Əliyev qeyd edib ki, MEK-də Ulu Öndərin 100 illiyi çərçivəsində respublika səviyyəli konfrans keçirilmişdir. Noyabrın 28-29-da isə Heydər Əliyevə həsr olunmuş "Multikultural cəmiyyətdə kitabxanaların rolu" mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulur: "Bu konfransda dünyanın bir çox ölkələrindən 120-yə yaxın alim və mütəxəssisin iştirakı gözlənilir. Konfransda Türkiyə Böyük Millət Məclisi (TBMM) Kitabxanasından nümayəndələr, o cümlədən Türkiyə və Rusiyadan professor-müəllim heyətləri iştirak edəcəklər". Alim MEK tərəfindən "Heydər Əliyev İli"nə töhfə olaraq "Heydər Əliyev 100" təqviminin buraxıldığını da diqqətə çatdırıb. O, Ulu Öndərin irsini öyrənmək baxımından MEK-də təşkil olunan "Heydər Əliyev lektoriyası"nın fəaliyyətinin xüsusi önəm kəsb etdiyini bildirib. Lektoriyalarda müxtəlif mövzular ətrafında müzakirələrin aparıldığını, Ümummilli Liderin irsinin öyrənildiyini qeyd edərək, bu lektoriyalarda Heydər Əliyevlə şəxsən görüşmüş şəxslərin, millət vəkillərinin iştirak etdiyini söyləyib. M.Əliyev onu da bildirib ki, Mərkəzi Elmi Kitabxana tərəfindən "Heydər Əliyev İli" çərçivəsində nəşr olunmuş kitabların il ərzində AR Ədliyyə Nazirliyində, Yasamal rayon İcra Hakimiyyətində, Yasamal rayon YAP təşkilatında, eləcə də AMEA-nın Rəyasət Heyətində sərgisi təşkil olunmuşdur. Baş direktorun sözlərinə görə, MEK hər il olduğu kimi, bu il də orta ümumtəhsil məktəbləri ilə əlaqələrini davam etdirmiş, bir sıra məktəblərdə Ulu Öndərin yaradıcılığına həsr edilmiş görüşlər keçirilmiş, məktəblərə dahi liderin həyat və fəaliyyətinə dair kitablar hədiyyə olunmuşdur. Bundan başqa, MEK tərəfindən Türkiyənin paytaxtı Anakara şəhərində "Heydər Əliyev - 100" kitab sərgisi təşkil edilmişdir. MEK-in əməkdaşları Antalyada keçirilən beynəlxalq konfranslarda iştirak edərək Heydər Əliyev irsinin təbliği istiqamətində çıxışlar etmişdir. Professor M.Əliyev, həmçinin qeyd edib ki, MEK 2023-cü ildə Türk Dünyası Kitabxanaçıları Vəqfinə üzv seçilərək Azərbaycandan bu quruma üzv olan ilk kitabxana olmuşdur. Alim Türkiyə səfəri çərçivəsində Türkiyə Böyük Millət Məclisi Kitabxanasının müdiri ilə görüş keçirdiyini, bu kitabxanaya "Heydər Əliyev və parlamentarizm ənənələri" kitabının üç cildini hədiyyə etdiyini vurğulayıb. Bundan başqa, o, görkəmli oftalmoloq, akademik Zərifə xanım Əliyevanın 100 illiyi çərçivəsində kitabxana tərəfindən alimin elmi əsərlərinin biblioqrafiyasının hazırlandığını və bir sıra əhəmiyyətli tədbirlərin keçirildiyini diqqətə çatdırıb.