"“Heydər Əliyev İli” çərçivəsində MEK-də növbəti nəşrlər rəqəmsallaşdırılıb"
2020-11-20
2023-cü ilin ölkədə “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) həyata keçirilən layihələrdən biri də Azərbaycan dövlətçiliyi və Ulu Öndər Heydər Əliyev irsinə dair ədəbiyyatların rəqəmsallaşdırılması olub. MEK-də cari ildə də Ümummilli Lider Heydər Əliyevin zəngin irsini özündə əks etdirən seçilmiş nəşrlərin rəqəmsallaşdırılması işi davam edib. Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi tərəfindən komplektləşdirilən 276 nüsxə ədəbiyyat elektronlaşdırılaraq MEK-in rəsmi saytında (mek.az) yerləşdirilib. Qeyd edək ki, şöbə Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə, Azərbaycanın zəngin dövlətçilik tarixinə dair, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin çoxşaxəli siyasi fəaliyyətinə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın sosial-humanitar sahədə fəaliyyətinə, Azərbaycanın dünyada təbliğinə həsr olunmuş ədəbiyyatların kitabxana fondlarında komplektləşdirilməsi, rəqəmsallaşdırılması, məlumat bazalarının hazırlanması işini təşkil edir, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili, mövzu və şəxsi biblioqrafik göstəricilərin hazırlanması, görkəmli dövlət xadimi Heydər Əliyevin irsinin tədqiqi və təbliğinə dəstək məqsədilə təşkil etdiyi silsilə xarakterli Heydər Əliyev lektoriyalarının, elmi-kütləvi tədbirlərin təşkili və keçirilməsi fəaliyyətini nəzərdə tutur, bu sahədə elmi-tədqiqat işlərinin informasiya təminatını həyata keçirir.