MEK

"MEK-in baş direktoru Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak edib"

2016-10-20

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi Züriyə Qarayeva Türkiyənin paytaxtı Ankara şəhərində İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) təşkilatçılığı ilə keçirilən “VI Beynəlxalq Ankara Multidisiplinar Elmi Araşdırmalar Konfransı”nda iştirak ediblər. Azərbaycanla yanaşı Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Gürcüstan, Rusiya və digər ölkələrdən olan tədqiqatçılar, elm xadimlərinin bir araya gəldikləri konfransda MEK-in baş direktoru, professor Məmməd Əliyev də geniş məruzə ilə çıxış edib. “Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında Heydər Əliyev irsi” adlı məruzəsində kitabxananın baş direktoru Azərbaycanın müstəqil dövlət quruculuğunun məhz Heydər Əliyevin imzası ilə bağlı olduğunu, XX əsrin 70-ci illərindən etibarən Vətənimizin bütövlükdə varlığının Ulu Öndərin səyləri nəticəsində yeni impuls qazanaraq inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıb, hazırda həmin siyasətin Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirildiyini nəzərə çatdırıb. “Son dönəmdə qazandığımız tarixi uğurlar, sonu Zəfərlə bitən qələbəmiz, torpaqlarımızın işğal altından azad edilməsi bunu qürurla deməyə əsas verir”: deyə, professor Məmməd Əliyev qeyd edib. Baş direktor, həmçinin rəhbəri olduğu kitabxanada “Heydər Əliyev İli” çərçivəsində mühüm işlər görüldüyünü, cari ilin noyabr ayında bu münasibətlə beynəlxalq konfransın keçiriləcəyini də diqqətə çatdırıb. Beynəlxalq konfransda MEK əməkdaşı, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayevanın “Zəngəzur dəhlizinin region üçün siyasi və iqtisadi əhəmiyyəti” mövzusunda məruzəsi dinlənilib. Məruzəçi Zəngəzur dəhlizinin açılma perspektivləri, onun ölkəmizə, türk coğrafiyasına və bütövlükdə qlobal məkana qazandıracağı dividientlərə toxunub, bütün bu uğurlara 44 günlük Vətən müharibəsində qazanılan qələbənin əsas olduğunu, ölkəmizin bu və digər layihələrdə etibarlı tərəfdaş və təşəbbüskar tərəf kimi rolunun artdığını vurğulayıb. Qeyd edək ki, konfrans zamanı MEK nümayəndə heyəti tərəfindən Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş nəşrlər sərgilənərək İKSAD-a hədiyyə edilib. Sonda MEK təmsilçiləri təşkilatçılar tərəfindən mükafatlandırılıb. Səfər zamanı MEK təmsilçiləri digər xarici kitabxanalarla yeni əməkdaşlıqların qurulmasına da zəmin yaradıblar.

 

 

  • Paylaş: