MEK

"MEK-də “Xalq şairi Məmməd Araz-90” adlı sərgi təşkil olunub"

2016-10-20

Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan tərcüməçi, publisist, Xalq şairi Məmməd Arazın anadan olmasının 90 ili münasibətilə AMEA Mərkəzi Elmi Kitabxanasında “Xalq şairi Məmməd Araz-90” adlı sərgi təşkil olunub. İki həftə müddətində davam edəcək sərgidə şairin seçilmiş əsərləri, “Qayalara yazılan səs”, “Naxçıvan albomu”, “Vətən deyin”, “Məmməd Araz” ikicildliyi, “Əsgər andı”, “Ocaq başında”, “Dünya sənin dünya mənim”, “Həyatın və sözün rəngləri” kitabları, eləcə də akademiklər İsa Həbibbəylinin “Məmməd Araz” tərcümeyi-halı və ”Xalq şairi Məmməd Araz” albom monoqrafiyası, Budaq Budaqovun “Təbiət və poeziya”, Həsən Əliyevin “Həyəcan təbili”, ədəbiyyatşünas alim Eyvaz Eminalıyevin “Məmməd Araz” monoqrafiyası, professor Vaqif Yusiflinin “Məmməd Araz dünyası” və digər dəyərli kitablar təqdim olunub. Qeyd edək ki, 1933-cü il oktyabrın 14-də Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açan Məmməd Araz ilk təhsilini həmin kənddə alıb. 1954-cü ildə Azərbaycan Pedaqoji İnstitutunu bitirən böyük sənətkar 1961-ci ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunda oxuyub. Azərbaycan Dövlət Nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri, sonra isə baş redaktorun müavini, “Ulduz” jurnalında məsul katib, “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktorun müavini işləyib. 1971-1981-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edən Məmməd Araz 1974-cü ildən ömrünün sonunadək “Azərbaycan təbiəti” jurnalının baş redaktoru olub.

 

 

  • Paylaş: