"Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşri MEK-də"
2027-07-20
AMEA Mərkəzi Elmi Kitabxanasına iki cilddə Azərbaycan Respublikasının “Qırmızı Kitab”ı daxil olub. Oxuculara təqdim olunan “Qırmızı Kitab”ın III nəşri insanların həyat və yaşayış imkanları üçün vacib hesab edilən təbii mühitin qorunub saxlanılmasına xidmət edən əhəmiyyətli elmi topludur. Burada əvvəlki 2 nəşrdən fərqli olaraq, növlərin beynəlxalq kateqoriyaya uyğun qiymətləndirilməsi IUCN-in yeni təlimatı əsasında aparılmışdır. “Qırmızı Kitab”ın hazırkı nəşrində nadir, nəsli kəsilmək təhlükəsi altında olan 241 fauna növü və 460 flora növü öz əksini tapmışdır. Kitabın III nəşri respublikamızın biomüxtəlifliyinin qorunması, nəsli kəsilmək təhlükəsi altında olan fauna və flora növlərinin dəqiqləşdirilməsi və mühafizəsi tədbirlərinin daha da gücləndirilməsi üzrə əsas istiqamətverici sənəd kimi mühüm rola malik olacaqdır. Qeyd edək ki, “Qırmızı Kitab”ın redaksiya heyətinin həmsədrləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, sədr müavini AMEA vitse-prezidenti akademik İradə Hüseynovadır. Kitabın III nəşri ölkə Prezidentinin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamının icrası ilə bağlı AMEA-nın tədbirlər planına əsasən işıq üzü görmüş və yaradıcı kollektivin “Heydər Əliyev İli”nə mühüm töhfəsidir.