"Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi “Həqiqətin onomastikası – 2: Qarabağ və Şərqi Zəngəzur” adlı kitabı MEK-ə təqd
2021-06-20
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən AMEA Mərkəzi Elmi Kitabxanasına (MEK) Nazim Vəlişov və Tahir Kazımlının müəllifi olduğu “Həqiqətin onomastikası – 2: Qarabağ və Şərqi Zəngəzur (İşğaldan azad edilmiş ərazilərimizdə coğrafi və tarixi adların dəyişdirilməsi -saxtalaşdırılması cəhdləri)” adlı kitab təqdim edilib. Kitabda 1988-ci ilin fevralından başlayan Qarabağ müharibəsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrinin erməni silahlı qüvvələri tərəfindən işğal edilmiş oykonimləri, oronimləri və hidronimləri haqqında ensiklopedik məlumatlar öz əksini tapmışdır. Qarabağ və Şərqi Zəngəzur ərazilərindəki toponimlər tədqiqat obyekti kimi linqvistik, tarixi və coğrafi baxımdan araşdırılmış, bu ərazilərin areal etnotoponimləri izahlı təhlil edilmişdir. Ərazinin yaşayış məntəqələri haqqında ilk dəfədir ki, belə nəfis şəkildə ensiklopedik məlumat-sorğu kitabı çap olunur. Vətənpərvərlik ruhunda yazılan və gərgin zəhmət hesabına araya-ərsəyə gətirilən bu dəyərli kitab uzaq və yaxın tariximizi öyrənmək, ümumilikdə kimliyimizi bilmək, onu dərk etmək baxımından hər bir ev, hər bir ailə üçün gərəklidir. Bu kitab hamımızın bilmək məcburiyyətində olduğumuz tarixin bəzi qaranlıq səhifələrini oxuculara təqdim edir. Əsasən dilçilər, tarixçilər, coğrafiyaçılar, alimlər, tədqiqatçılar, siyasətçilər, müəllimlər, tələbələr – Azərbaycanın tarixinə, dilinə maraq göstərən geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitab Qarabağ və Şərqi Zəngəzurun qədim türk-oğuz yurdu olmasını tutarlı faktlarla təsdiq edən qiymətli mənbələrdir. Qeyd edək ki, kitabın birinci cildinin ingilis dili variantı Mərkəzi Elmi Kitabxananın Xarici dillərdə ədəbiyyat fondunda saxlanılır.