MEK

Rəyasət Heyəti tərəfindən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul olunub

2024-12-28

Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinin keçirilməsi haqqında məsələ müzakirə edilib. Kitabxananın direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov bildirib ki, 2025-ci ilin avqust ayında Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının yaradılmasının 100 ili tamam olur. 4 noyabr 1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Biblioqrafiya bürosunun fəaliyyətə başlaması ilə Kitabxananın yaradılmasına start verilmiş, 19 avqust 1925-ci ildə Cəmiyyətin Mərkəzi Şurasının Rəyasət Heyətinin iclasında Biblioqrafiya bürosunun işi ilə kitabxana işinin birləşdirilməsi haqqında qərarla Kitabxana hüquqi baxımdan təsis edilmişdir. Qeyd olunub ki, son iki il ərzində yeniləşən Akademiya hərəkatı kontekstində AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin təşəbbüsü ilə Mərkəzi Elmi Kitabxana da yeni islahatlar mərhələsinə qədəm qoyub. Bu islahatların əsas hədəfini “Elektron Kitabxana” konsepsiyası çərçivəsində bilikləri saxlama, qoruma və İKT imkanlarını təminetmə funksiyası ilə yanaşı, bu istiqamətdəki fəaliyyətin elmi-tədqiqat sahəsinə istiqamətləndirilməsi təşkil edir. Vurğulanıb ki, bu gün kitabxananın yeniləşən fəaliyyətinin ana xəttini dünyada baş verən kitabxana-informasiya prosesləri kontekstində oxuculara xidmət sisteminin müasir modelinin hazırlanıb həyata keçirilməsi təşkil edir. Rəyasət Heyəti tərəfindən AMEA-nın Mərkəzi Elmi Kitabxanasının 100 illik yubileyinin keçirilməsi haqqında qərar qəbul olunub.

Daha ətraflı: Azərbaycan Milli Elmlər Akademiyası

 

 

  • Paylaş: