MEK

Mərkəzi Elmi Kitabxana Qubada keçirilən respublika elmi konfransında uğurla iştirak edib

2024-12-23

Azərbaycan Dövlət Pedaqoji Universiteti, Pedaqoji Universitetin Quba filialı və Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının (MEK) birgə təşkilatçılığı ilə Quba şəhərində Abbasqulu Ağa Bakıxanovun 230 illik yubileyinə həsr olunmuş “Qloballaşma şəraitində yeni nəsil universitetlərdə müəllim hazırlığının əsas hədəfləri” adlı respublika elmi konfransı keçirilib.

Konfransa ölkənin tanınmış alimləri, qardaş Türkiyədən nüfuzlu ali rütbəli hərbçi-ziyalılar, yerli ictimaiyyətin görkəmli təmsilçiləri ilə yanaşı, MEK-in Kitabxana işləri üzrə direktor müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Quliyeva, Xidmət şöbəsinin müdiri Ofeliya Yunusova və əməkdaşlardan Könül Əliyeva da qatılıb.

Tədbir çərçivəsində Mərkəzi Elmi Kitabxana böyük ədibin əsərləri ilə yanaşı, onun haqqında yazılan əsərlər, eləcə də dövri mətbuat materiallarının yer aldığı və konfrans iştirakçılarının böyük marağına səbəb olan sərgi nümayiş etdirib.

MEK-in direktor müavini Şəhla Quliyevanın moderatorluğu ilə keçirilən konfransın ikinci panelində "A.A.Bakıxanovun kitabşünaslıq görüşləri" adlı məruzəsi də dinlənilib. O, böyük mütəfəkkirin istər bədii, istərsə də elmi əsərlərində kitab və mütaliə məsələlərinə önəmli yer ayırdığını vurğulayıb.

Sonda Mərkəzi Elmi Kitabxananın mübadilə fondu tərəfindən Pedaqoji Universitetin Quba filialının kitabxanasına Ş.İ.Xətainin, Xaqani Şirvaninin, A.A.Bakıxanovun, M.F.Axundovun, M.Ə.Sabirin, R.İbrahimbəyovun nəfis tərtibatda olan nəşrləri hədiyyə edilib.

 

 

  • Paylaş: