COP29-a həsr olunmuş kitab sərgisində MEK-in nəşrləri də nümayiş olunur
2024-11-18
AMEA Rəyasət Heyətinin binasında “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-a həsr olunmuş kitab sərgisinin açılışı olub.
Açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın nəzdində olan institut rəhbərləri, AMEA Rəyasət Heyətinin üzvləri, Rəyasət Heyəti aparatının şöbə müdirləri və əməkdaşları iştirak ediblər.
Sərginin açılışında çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli ölkəmizdə təşkil olunan COP29 tədbirlərinin uğurla davam etdirildiyini bildirib. Dünyanın ən böyük tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsini Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqil dövlətimizin hərtərəfli və sürətli inkişafı, beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlərin nəticəsi olduğunu vurğulayıb.
MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov MEK-in nəşrləri haqqında Akademiyanın rəhbərinə ətraflı məlumat verib. Direktor vurğulayıb ki, sərgidə Akademiyanın elmi bölmələrinin nəşrləri ilə yanaşı, Mərkəzi Elmi Kitabxananın cari il çərçivəsində ərsəyə gətirdiyi, təbiət və ətraf mühitin mühafizəsinə, eləcə də həyatın başlanğıcı olan su, od, torpaq və s. kimi komponentlərə dair aforizmlərin və müdrik fikirlərin yer aldığı “Təbiət bir kitabdır” və ətraf mühit məsələləri ilə bağlı dəyərli nəşrlər-kitab və məqalələrin, avtoreferatların, monoqrafiyaların, dərslik və dərs vəsaitlərinin öz əksini tapdığı “Azərbaycan ekologiyası” adlı biblioqrafik göstəricisi də sərgilənir.