Ankarada dahi Füzulinin zəngin irsinə həsr olunmuş tədbir keçirilib.
2024-10-12
Oktyabrın 9-da Ankaradakı Qazi Universitetində Azərbaycan ədəbi dilinin banilərindən biri, dahi şair və mütəfəkkir Məhəmməd Füzulinin zəngin irsinə həsr olunmuş simpoziumun açılışı olub. Bu, dahi Füzulinin 530 illik yubileyi çərçivəsində keçirilən növbəti mötəbər tədbirdir.
Simpoziumun açılışında alim, yazıçı və şairlərlə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli, Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov, Türk Mədəniyyətinin Tədqiqi İnstitutunun direktoru, professor Bican Ercilasun, Əmrə Yunus İnstitutunun direktoru, professor Abdurrahman Ali, Qazi Universitetinin rektoru Uğur Ünal iştirak ediblər.
Simpoziumu açan Türk Mədəniyyətinin Tədqiqi İnstitutunun direktoru Bican Ercilasun bildirib ki, Füzuli irsi ədəbiyyatın və fəlsəfənin zirvəsi olmaqla yanaşı, həm də Türk dünyasını birləşdirməyə davam edir. “Heç bir şair məhəbbəti Füzulinin yaradıcılığında olduğu kimi tərənnüm edə bilməz”, - deyən türkiyəli alim dahi şairin kəlamlarının dünyada həmişə milyonlarla insanın dillər əzbəri olduğunu vurğulayıb. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli çıxışında Məhəmməd Füzulinin 530 illik yubileyinin təkcə Azərbaycanda deyil, bütün Türk dünyasında geniş qeyd edildiyini diqqətə çatdırıb. O əlavə edib: “Prezident İlham Əliyevin 25 yanvar 2024-cü il tarixli Sərəncamına uyğun olaraq dünyanın bir çox ölkələrində dahi mütəfəkkirin yubileyi ilə bağlı çoxsaylı tədbirlər keçirilir”. İsa Həbibbəylinin sözlərinə görə, dahi Azərbaycan şairi Füzulinin adı haqlı olaraq dünya ədəbiyyatının şah əsərlərinin müəllifləri ilə bir sırada çəkilir. “Öz əhəmiyyətinə görə Füzulinin qəzəllərini ancaq Şekspirin əsərləri ilə müqayisə etmək olar”, - deyən AMEA-nın prezidenti qeyd edib ki, şairin yaradıcılığında dilin gözəlliyi, qafiyə quruculuğu heç bir şairin irsi ilə müqayisə oluna bilməz. “Füzulinin adı Azərbaycan tarixində həm doğma Azərbaycan dilində, həm də ərəb və fars dillərində ədəbi əsər nümunələrinin müəllifi kimi əbədi olaraq qalacaq. Başqa belə bir şair yoxdur”, - deyən İsa Həbibbəyli sözlərinə davam edərək “Şikayətnamə”, “Leyli və Məcnun” və Füzulinin digər əsərlərini, qəzəllərini söz sənətinin ölməz abidələri adlandırıb. Onun sözlərinə görə, hələ şairin sağlığında hər biri haqlı olaraq türk ədəbiyyatının incisi olan əsərləri İstanbul, Təbriz, Daşkənd və Türk dünyasının digər iri şəhərlərində məşhur olub. “Füzuliyə bütün dünyada hörmətlə yanaşırlar. Füzuli yaradıcılığı tarixin sınağından çıxıb və əsrlər boyu yaşayacaq”, - deyən AMEA prezidenti dahi şairin yaradıcılığından bəhs edən kitabı Qazi Universitetinə hədiyyə edib.
Daha sonra çıxış edən Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov simpoziumun təşkilatçılarına minnətdarlığını bildirib. Diplomat xatırladıb ki, bu gün Azərbaycanın rayonlarından biri Füzulinin adını daşıyır. “Uzun illər ölkəmizin bu hissəsi işğal altında olub. Tarixin ən çətin dövrlərində belə Azərbaycan Füzulini unutmayıb. Təsadüfi deyil ki, Ümummilli Lider Heydər Əliyev hələ 1994-cü ildə Füzulinin 500 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb”, - deyə səfir bildirib.
Diplomatik nümayəndəliyin rəhbəri türk xalqlarını öz tarixi-mədəni irsini daim xatırlamağa və ona hörmət etməyə çağırıb.
Tədbir alimlərin və ədəbiyyatşünasların Füzuli irsi mövzusunda çıxışları ilə davam edir.
Simpoziumun işinə oktyabrın 10-da yekun vurulacaq.