MEK

"Çağdaş tariximizə qızıl xətlə yazılmış gün"

0000-00-00

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin liderlik fəaliyyəti zirvə təşkil edir. Milli özünüdərkin, soykökə qayıdışın, tərəqqinin, müstəqilliyə aparan yolun başlanğıcı sayılan – qüdrətli rəhbərin hakimiyyətə gəldiyi və tarixə qızıl hərflərlə yazılmış 1969-cu ilin 14 iyul gününü xalqımız hər il qürur və qədirbilənliklə xatırlayır.

Məhz həmin gün Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövrü, özünəqayıdışın inkişaf mərhələsi başla­yıb. Hakimiyyətə gəldiyi andan etibarən müdrik və uzaqgörən fəaliyyəti ilə müasir Azərbaycan tarixinin ən şanlı və parlaq salnaməsini yaratmış Heydər Əliyev mə­nalı ömrünü və misilsiz fəaliyyətini xalqı­nın rifahına, tərəqqisinə həsr etmişdir. Bu qüdrətli insan tarixi fəaliyyəti ilə Ümum­milli lider zirvəsinə yüksələrək sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz bu tarix­dən başlayaraq hər bir Azərbaycan vətən­daşı dövlət müstəqilliyinə qovuşacağına inanırdı. Ulu öndərin hakimiyyətinin birinci dövrü bu inamın təntənəsi olaraq xalqın milli dirçəlişi, eyni zamanda, özünüdərkin başlanğıcı kimi tarixə yazıldı.

Müstəqilliyi əldə etmək üçün möhkəm təməl yaradan amillərdən biri də iqtisadi inkişafın vacibliyidir. Heydər Əliyev də ha­kimiyyətinin birinci dövründə Azərbaycan iqtisadiyyatının gücləndirilməsi istiqamə­tində məqsədyönlü siyasət həyata keçirdi. 1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, el­mi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniy­yəti ilə SSRİ məkanında tanınan aqrar ölkədən aqrar-sənaye ölkəsinə çevrilmiş­di. 1969–1982-ci illərdə Azərbaycanda 213 yeni iri sənaye müəssisəsi istismara verilmiş, dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac olunmuş, milli gəlirin ümumi həcmi 2,5 dəfə artmışdı.

İqtisadiyyatın inkişafına təsir göstərən amillər sırasında elm, intellektual poten­sial da ön sırada dayanmışdı. Heydər Əliyev siyasətinin və uzaqgörənliyinin bir uğurlu nümunəsi də o illərdə 10 min­dən çox azərbaycanlı gəncin Moskvanın, eləcə də keçmiş SSRİ-nin 170-dən artıq aparıcı elm və təhsil ocağına təhsil alma­ğa göndərilməsi olmuşdu.

Ötən əsrin 70-80-ci illərində Ulu öndərin rəhbərliyi ilə ölkəmizdə təhsil müəssisələrinin zəngin şəbəkəsinin yara­dılması və onların maddi-texniki bazası­nın formalaşdırılması, o cümlədən hərbi kadrların yetişdirilməsi gələcək dövlət müstəqilliyimiz üçün zəruri intellektual potensial yaratmışdı. Ümummilli liderin həmin illərdə başlatdığı hərbi quruculuq prosesi sonralar müstəqillik qazanan bir ölkənin ordusu üçün zabit heyətinin for­malaşmasında müstəsna rol oynamışdır. Bu gün 55 ilin möhtəşəm təntənəsi say­sız-hesabsız belə xidmətləri yada salır.

Ulu öndər böyük cəsarət və siyasi müdrikliklə hakimiyyətə gəlişinin ilk ay­larında “Xalq qəzeti”nin (o vaxtkı “Kom­munist”) və Azərbaycan Dövlət Univer­sitetinin 50 illik yubiley mərasimlərində Azərbaycan dilində çıxış edərək ana di­limizə, milli dəyərlərimizə sahib çıxdığını bəyan etmiş və xalq arasında özünə bö­yük hörmət, məhəbbət qazanmışdı.

XX əsrin 90-cı illərinin əvvəlləri o zamankı iqtidarın zəif idarəçiliyi, xalqın gələcəyini deyil, öz şəxsi mənafelərini güdmələri, hakimiyyətsizlik, vətəndaş qarşıdurması ölkəni işğal və parçalan­maq təhlükəsi ilə üz-üzə qoymuşdu. Belə bir vaxtda taleyin ümidinə buraxımış Nax­çıvanda xilaskarlıq və milli dövlət quru­culuğu missiyasını cəsarət və məharətlə gerçəkləşdirən ümummilli lider Heydər Əliyev ölkədə də xalqın ümid yerinə çev­rilmişdi. Hamı xilas yolunu Heydər Əliye­vin hakimiyyətə qayıdışında görürdü.

Belə bir dövrdə xalq ayağa qalxa­raq Naxçıvana – öz xilaskarına, Heydər Əliyevə üz tutdu, onu təkidlə Naxçıvan­dan Bakıya siyasi hakimiyyətə dəvət etdi. 1993-cü il iyunun 15-də Ulu öndə­rin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı çağdaş tariximizə Milli Qurtuluş missiyasının başlanğıcı kimi daxil odu. Onun dövlətçilik təcrübəsi, dünyagörüşü, düşünülmüş və gələcəyə hesablanmış siyasəti nəticəsində ölkəmiz təlatümlər burulğanından xilas oldu. Azərbaycanın müstəqilliyi qorundu, vətəndaş müharibə­sinin qarşısı alındı.

Azərbaycan təməli 1969-cu ildə qoyu­lan inkişaf yoluna qayıtdı. Dahi şəxsiyyət o zaman qarşıya qoyduğu vəzifələri belə bəyan etmişdir: “Azərbaycan Respublika­sında demokratik, hüquqi dövlət qurulma­lıdır. Azərbaycan dövləti demokratik prin­siplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək de­mokratik dövlət quruculuğu yolu ilə get­məlidir”.

Görkəmli dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii və milli sərvətlərindən, o cümlədən Azərbaycanın “qara qızılın”dan səmərəli istifadə məqsə­dilə “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan iqtisadiyyatının inkişafına, yerli və xarici investisiyalar cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, ən əsası isə yeni iş yerlərinin açılmasına imkan ya­ratdı. 1993-cü ildən sonra ölkəmizdə apa­rılan dövlət quruculuğu prosesi hərtərəfli inkişaf edən, müasir, demokratik ölkəyə çevrilən qüdrətli Azərbaycan Respublika­sının yaradılmasına səbəb oldu.

Böyük iftixarla qeyd edilməlidir ki, Hey­dər Əliyevin siyasi hakimiyyətə ilk gəlişi ilə bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsi, onun ayrılmaz tərkib hissəsi olan kitabxanalar və təhsil müəssisələri özünün həqiqi inkişaf yoluna qədəm qoydu. Bu inkişaf tendensiyaları içərisində ölkəmiz­də kitabxana quruculuğu işi, yüksəkixti­saslı kitabxanaçı kadrların hazırlanması məsələləri də önəmli yer tuturdu.

Məhz Ulu öndərin diqqət və qayğısı ilə o zaman ləğv edilmiş mədəniyyət obyekt­lərinin, eləcə də kitabxanaların bərpası, yenilərinin yaradılması, ixtisaslı kadrla­rın çoxaldılması məqsədilə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsinə qəbul planının artırılması hakimiyyətə xi­laskar və qurucu liderin gəlməsinin təza­hürü idi.

Bir faktı da qeyd etmək yerinə düşər ki, əgər 1970-ci ildə respublikada 7,9 milyon nüsxə kitab fondu olan 3 min 749 məktəb kitabxanası var idisə, 1981-ci ildə onların sayı 4 min 238-ə, kitab fondu isə 25,2 milyon nüsxəyə çatmışdı.

Həmin illərdə Azərbaycan Elmlər Aka­demiyasının fəaliyyətində də böyük dəyi­şikliklər baş vermiş və bu, akademiya kita­bxanasının işində də özünü göstərmişdir. Elmi kitabxana keçmiş SSRİ məkanında ilk dəfə mərkəzləşdirməyə nail olmuşdu. Ümummilli liderin təşəbbüsü ilə 1973-cü ildə Mirzə Fətəli Axundov adına Azərbay­can Milli Kitabxanasının 50 illik yubileyinin keçirilməsi də Heydər Əliyev fenomeninin respublikamızda kitabxana işinə qayğısı­nın yüksək göstəricisi idi.

Ulu öndər hakimiyyətə ikinci dəfə gəlişindən sonra da həm milli dövlətçili­yi, həm mədəniyyət və təhsil sahəsini, o cümlədən kitabxana işini öz himayəsinə aldı. O, bununla zəngin kitab sərvəti­nin toplandığı kitabxanaları xalqın istifa­dəsinə qaytardı. Müstəqil Azərbaycanın kitabxana quruculuğunda atılan uğurlu addımların davamı kimi, “Özəlləşdirməyə münasibətdə dövlət mülkiyyət obyektləri”­nin siyahısında kitabxanalar özəlləşdir­məyə qadağan olunmuş obyektlər qrupu­na aid edildi. 1998-ci ildə “Kitabxana işi haqqında” Qanun qəbul olundu.

Ulu öndər Heydər Əliyevin nəsillərə örnək olan zəngin və çoxşaxəli həyat yolu, xalqına təmənnasız xidməti, müstəqil Azərbaycanın əbədiliyini təmin edib, yeni və müasir Azərbaycan dövlətçiliyinin əsasını qoyub. Müasir və qüdrətli Azər­baycanın memarı və qurucusu Heydər Əliyevin xalqımız qarşısında sadalamaqla bitməyən xidmətləri çoxəsrlik tariximizdə zəngin və şərəfli səhifələr yaratmışdır.

Dahi şəxsiyyət özünün qurub-yarat­dığı, şah əsəri olan müstəqil Azərbayca­nın taleyini müdriklük və uzaqgörənliklə bu məktəbin layiqli davamçısı Prezident İlham Əliyevə əmanət etmişdir. Bu gün ölkəmiz Heydər Əliyev siyasətinin ən la­yiqli davamçısının rəhbərliyi altında zəfər­lər qazanaraq yeni tarix yazır. Ölkə Pre­zidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordu­sunun Vətən müharibəsində qazandığı möhtəşəm qələbə və sonrakı qətiyyətli addımlar məhz 1969-cu ilin 14 iyulundan başlanan siyasətin nəticəsidir. Bütün bun­lar 55 il əvvəl başlanmış yolda Azərbay­can milli dövlətçiliyinin təntənəsidir.

Hüseyn HÜSEYNOV, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent

"Xalq qəzeti" 14 iyul 2024-cü il

 

 

  • Paylaş: