"DOST Agentliyinin könüllüləri MEK-də olub"
0000-00-00
DOST Agentliyinin könüllüləri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) ilə tanış olublar.
Könüllü DOSTların asudə vaxtlarının səmərəli keçirilməsi, onlarda dünyagörüşü və bədii təfəkkürün mənəvi təsirinin artırılması, gənclərin müxtəlif sahələr üzrə yeni ədəbiyyatlarla tanışlığı məqsədilə təşkil olunan “Könüllü Klublar” layihəsi çərçivəsində Mərkəzi Elmi Kitabxanadakı görüşdə MEK-in elmi katibi Şəbnəm Rüstəmova kitabxananın fəaliyyəti haqqında ümumi məlumat verərək, onları Sərgi salonunda Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyat və siyasi fəaliyyətlərini əks etdirən nəşrlərdən ibarət guşələr və digər sərgilərlə, Heydər Əliyev və Azərbaycan Dövlətçiliyi şöbəsi, AMEA-nın təsisçilərinin büstləri, Akademiklər zalı, Diplomatik, Qarabağ müharibəsi qəhrəmanları, Nadir kitablar və qiymətli nəşrlər fondları ilə yaxından tanış edib.
Dəyirmi masa ətrafında davam edən tədbirdə MEK-in Kitabxana xidməti üzrə direktor müavini dosent Şəhla Quliyeva Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının təşkili və fəaliyyətə başlaması tarixi ilə bağlı qısa məlumat verib. Ş.Quliyeva MEK-in gələn il 100, AMEA-nın isə 80 illik yubileylərinin qeyd ediləcəyini bildirərək bu tarixi elm məbədi ilə tanışlığın müqəddəs iş olduğunu gənclərin diqqətinə çatdırıb və Azərbaycanın ictimai həyatında könüllülük hərəkatının əhəmiyyətini vurğulayıb.
Qloballaşan informasiya cəmiyyətində kitabxanaların rolu, funksiyaları, innovativ potensialı, strukturu haqqında danışan MEK-in Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini Oruc Quliyev gəncləri kitabxanalardan aktiv istifadəyə dəvət edib.
DOST Agentliyinin əməkdaşı Məleykə Əlili “Könüllü Klublar” layihəsi çərçivəsində gənclərlə daim mütaliə etməyə çalışdıqlarını vurğulayıb, yaradılan şəraitə görə təşəkkürünü bildirib.
Qarşılıqlı disskusiya şəklində davam edən dəyirmi masada gənclər onları maraqlandıran suallara cavab alıblar, DOST könüllüləri şəxsən oxuduqları ən son əsərlər haqqında məlumat veriblər.
MEK rəhbərliyi gənclərə klassik və çağdaş Azərbaycan ədəbiyyatı nümunələri ilə bağlı öz tövsiyələrini veriblər, eləcə də postmodernizm cərəyanının görkəmli nümayəndələrinin əsərləri müzakirə olunub.