"MEK əməkdaşı Rusiyada keçirilən \"Birlik Kitabxanalarının Təhsil Əməkdaşlığı\" layihəsində uğurla iştirak edib"
0000-00-00
Rusiya Dövlət Kitabxanasının Beynəlxalq bölməsinin və Elmi-Tədris Fəaliyyəti Departamentinin təşəbbüsü nəticəsində Rossotrudniçestvo ilə birgə genişmiqyaslı iki mərhələli layihə həyata keçirilib. Artıq dördüncü dəfə baş tutan və “Yeni nəsil” proqramı çərçivəsindəki "Birlik Kitabxanalarının Təhsil Əməkdaşlığı" layihəsində xarici ölkələrin siyasi, ictimai, elmi və işgüzar dairələrinin gənc nümayəndələrinin Rusiya Federasiyasına qısamüddətli səfərləri baş tutub. Azərbaycanı təmsil edən nümayəndə heyətinin tərkibində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının Komplektləşdirmə şöbəsinin əməkdaşı Xədicə Ağayeva da olub.
Layihənin ilkin distant mərhələsində Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Ermənistanın 40-dan çox milli, respublika, regional, kənd və idarə kitabxanalarını təmsil edən 50 gənc mütəxəssisi bir araya gələrək “Bloqlarda və sosial şəbəkələrdə kommunikasiyalar: strategiya və taktika”, “Ünsiyyətin idarə edilməsi: idarəetmə psixologiyası” mövzularında təkmilləşdirmə təlimini keçiblər.
Rusiya Dövlət Kitabxanasında keçirilən ikinci mərhələdə isə MDB-nin 18 ölkəsindən 25-35 yaşlı gənclərin təqdimatları nümayiş edilib, təcrübə mübadiləsi həyata keçirilib, sonda gənclər Kazanda keçirilən beynəlxalq konfransa da qatılıblar.
Hər iki mərhələdə aktiv iştirak edərək, təlimləri uğurla başa vuran MEK əməkdaşı sertifikatlarla təltif olunub.