MEK

"MEK Erudit liseyində “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli – 530” adlı sərgi keçirib"

0000-00-00

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən “Erudit” liseyində kitab sərgisi keçirilib. Sərgi “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində, AMEA-nın Tədbirlər planına əsasən, “Füzuli günləri” layihəsi çərçivəsində baş tutub. MEK əməkdaşları, “Erudit” liseyin bir qrup müəllim və şagirdinin iştirakı ilə keçirilən tədbirdə ilk öncə kitab sərgisinə baxış olub. MEK-in Xidmət şöbəsinin əməkdaşı Sədaqət Kazımova sərgi haqqında ümumi məlumat verərək bildirib ki, kitabxananın fondlarındakı kitablar əsasında sərgilənən nəşrlər dahi Azərbaycan şairi M.Füzulinin zəngin yaradıcılığını özündə ehtiva edir. Liseyin direktor müavini Sevil Əliyeva bu cür sərgilərin məktəblərdə keçirilməsinin önəmli olduğunu vurğulayaraq, dahi şairin yaradıcılığına tez -tez müraciət etdiklərini diqqətə çatdırıb, tədbirin təşkilatçılarına təşəkkürünü bildirib. Direktor müavini qeyd edib ki, Füzulinin yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olmuşdur. MEK-in Biblioqrafik və elektron iformasiya xidməti şöbəsinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva liseyin müəllim heyətinə və şagirdlərinə MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovun salamını çatdıraraq görkəmli şairin həyat və yaradıcılığına nəzər salıb. Qeyd edib ki, Məhəmməd Füzuli tariximizə dahi şair, mütəfəkkir, tərcüməçi, Azərbaycan ədəbi dilinin yaradıcılarından biri kimi əbədi həkk olaraq Azərbaycan şeirinin ən gözəl nümunələrini yaratmışdır. A.Əliyeva şairin dilimizdə yazdığı “Hədiqətüs-süəda”, “Bəngü-Badə”, eləcə də 302 qəzəl və rübailərindən ibarət və Azərbaycan dilində ən uzun əsəri olan “Divan”ı, o cümlədən farsca yazdığı 327 beytdən və yeddi hissəli ibarət “Həft cam” məsnəvisi, “Rindu-zahid” adlı nəsr əsəri, ərəbcə yazdığı “Mətləül-etiqad” fəlsəfi-teoloji traktatı haqqında bəhs edib. A.Əliyeva çıxışı zamanı, şairin türkcə “Divan”ının ən qədim nüsxəsinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanıldığını da vurğulayıb. Digər çıxış edənlər, eyni zamanda liseyin şagirdləri M.Füzuli haqqında öz tarixi biliklərini çatdırıblar, həyatı, mühiti və əsərləri haqqında danışıb, qəzəllərindən parçalar səsləndiriblər. Sonda MEK tərəfindən məktəblilərə dünya klassik ədəbiyyatının incilərindən olan kitablar hədiyyə edilib.

 

 

  • Paylaş: