"MEK-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi qeyd olunub"
0000-00-00
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyi münasibətilə dəyirmi masa keçirilib. Öncə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov çıxışı zamanı ömrünü xalqının və dövlətinin taleyinə bağlayan dahi lider Heydər Əliyevin rəhbərliyinin hər iki dövründə respublikamızın hərətərəfli inkişafına - elmə, təhsilə, kənd təsərrüfatına, mədəniyyətə, hərb sahəsinə göstərdiyi misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin Respublikamızda açılması Ümummilli Liderin uzaqgörən siyasətinin bir hissəsidir. Məhz bu məktəbin yetirmələri 44 günlük Vətən müharibəsində qələbənin əldə olunmasında Ali Baş Komandanın rəhbərliyi altında böyük şücaət göstərərək Azərbaycanın bütövlüyünü təmin etdilər. Ümummilli Liderin milli kadrların yetişdirilməsində böyük əməyindən də danışan direktor keçmiş ittifaqın ali məktəblərinə göndərilən minlərlə gəncin bu gün ölkəmizin elm və təhsil sahəsində qazanılan nailiyyətlərdə xüsusi çəkisinin olduğunu vurğulayıb. Direktor Ümummilli Liderin çoxşaxəli fəaliyyətində Azərbaycan kitabxana sisteminin inkişafı istiqamətində gördüyü mühüm işləri də nəzərə çatdırıb: “1998-ci ildə “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul olunması, 2000-ci ildə “Nəşriyyat işi haqqında” Azərbaycan Respublikasının Qanunun qəbul edilməsi, “Kitabi - Dədə Qorqud” dastanının 1300 illik yubileyinin keçirilməsi, M.F.Axundov adına Milli Kitabxananın yubileylərinin keçirilməsi, oraya olan səfərləri Ümummilli Liderin kitaba və kitabxana işinə xüsusi diqqətinin bariz nümunəsidir. O cümlədən AMEA-nın Mərkəzləşmiş Kitabxana Sisteminin kitabxana fondunun təşkilində, komplektləşdirilməsində, qorunub saxlanmasında Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin ölkədə bütün sahələrin inkişafı istiqamətində apardığı məqsədyönlü tədbirlər, həmçinin 2014-cü ildə MEK-in yeni möhtəşəm binasının açılışında Prezident İlham Əliyevin özünün şəxsən iştirakı, buranın yüksək texniki avadanlıqlarla təmin edilməsi kitabxana sahəsinə dövlət tərəfindən göstərilən qayğının daha bir nümunəsidir”, - deyə direktor sözlərinə əlavə edib. Tədbirdə, həmçinin MEK-in Elektron xidmətlər və informasiya resursları üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev çıxış edərək, Ümummilli Liderin keçdiyi siyasi fəaliyyətinə, çoxşaxəli zəngin irsinə nəzər salıb, kitabxanaşünaslığın elm sahəsi kimi inkişafında Ulu Öndərin xidmətlərindən danışıb.