"Akademik İsa Həbibbəyli AMEA-nın Quba Regional Elmi Mərkəzində olub"
0000-00-00
AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın Quba Regional Elmi Mərkəzində olub. Akademik İsa Həbibbəyli səfər çərçivəsində mərkəzin iş şəraiti ilə tanış olub və gələcək fəaliyyətilə bağlı tövsiyələrini verib. Quba Regional Elmi Mərkəzinin kollektivi ilə keçirilən görüşdə AMEA-da həyata keçirilən və nəzərdə tutulan genişmiqyaslı tədbirlər, nəşr edilən kitablar barədə məlumat verən akademik İsa Həbibbəyli qarşıda duran vəzifələr barədə danışıb. Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətçilik ideallarına, Prezident İlham Əliyevin yeritdiyi daxili və xarici siyasətə, eləcə də müasir dünya elminin çağırışlarına uyğun olaraq Milli Elmlər Akademiyası sistemində aparılan islahatları diqqətə çatdıran akademik İsa Həbibbəyli Quba Regional Elmi Mərkəzinin yenidən qurulmasının AMEA-da aparılan islahatların tərkib hissəsi olduğunu deyib. Sonra çıxış edən Quba Regional Elmi Mərkəzinin direktoru aqrar elmlər üzrə fəlsəfə doktoru Teyyub Şükürov mərkəzin fəaliyyəti ilə bağlı hesabat verib, müəssisənin fəaliyyətinin yenidən təşkilinə və əməkdaşlarına daim göstərdiyi diqqət və qayğıya görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. Daha sonra AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin iştirakı ilə Quba Regional Elmi Mərkəzinin Kitabxanasının açılışı olub. AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən təqdim olunmuş kitablar vasitəsilə Mərkəzin kitabxanasının ilkin bazası formalaşdırılıb. Akademik İsa Həbibbəyli MEK-in direktoru texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynova Quba Regional Elmi Mərkəzinin Kitabxanasının zəruri kitab, monoqrafiya, jurnal və digər elmi informasiya vasitələrilə təmin edilməsi ilə bağlı tapşırıqlar verib. Həmçinin mərkəzin kadr potensialının inkişaf etdirilməsi barədə əməkdaşlarla müzakirələr aparılıb və Akademiyanın doktorantura və dissertanturasında təhsilini davam etdirmək istəyən gənclərə AMEA rəhbəri öz tövsiyələrini verib. AMEA-nın prezidenti akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdir müavini fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarova doktorantura və dissertanturada təhsilini davam etdirmək istəyən gənclərin təlimatlandırılması və onların sənədlərinin təqdimatı ilə bağlı metodiki köməkliyin göstərilməsi barədə tapşırıqlar verib. https://science.gov.az/az/news/open/28885