"MEK ilə Rusiyanın Elmi Kitabxanası arasında onlayn görüş keçirilib"
0000-00-00
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası ilə Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin Maksim Qorki adına Elmi Kitabxanası arasında onlayn görüş keçirilib. Görüşdə MEK-in direktoru, professor Məmməd Əliyev və əməkdaşlar, qarşı tərəfdən isə Sankt-Peterburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor məsləhətçisi Darya Kruçinina, M. Qorki adına Elmi Kitabxananın rəhbəri Marina Karpova iştirak ediblər. MEK-in direktoru professor Məmməd Əliyev əvvəlcə rəhbəri olduğu kitabxana haqqında ümumi məlumat verib. Bildirib ki, hazırda MEK-də 50-dən artıq xarici dildə çoxlu sayda nəşrlər qorunur ki, onların da əksər hissəsi rus dilinin payına düşür. Azərbaycan-Rusiya mədəni əməkdaşlığının çoxəsrlik tarixə və geniş məzmuna malik olduğunu vurğulayan direktor bu dəyərlərin qorunmasında kitabxanaların və kitabların əvəzsiz rolundan danışıb. Görüş zamanı MEK-in direktoru otuz ildən sonra, erməni işğalından azad olunmuş Azərbaycanın əzəli torpaqlarında kitabxanaların dövlət tərəfindən bərpa edilməsi istiqamətində məqsədyönlü tədbirlərin aparıldığını vurğulayıb. “Tərəfdaşlıq nəticəsində mübadilə yolu ilə əldə olunacaq nəşlər həmin ərazilərə qayıdan insanlara mədəni potensialdan yararlanmağa imkan verəcək”,- deyə direktor bildirib, həmçinin xarici kolleqalarını MEK tərəfindən cari ilin noyabr ayında keçiriləcək beynəlxalq konfransa dəvət edib. Sankt-Peterburq Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektor məsləhətçisi Darya Kruçinina bu yaxınlarda Beynəlxalq əlaqələr üzrə prorektor Sergey Andryuşinin Bakıya səfəri zamanı Mərkəzi Elmi Kitabxana ilə yaxından tanışlığını xatırladaraq, bu cür işgüzar görüşlərin kitabxana sahəsinə layiqli töhfəsini nəzərə çatdırıb. Sankt-Peterburq DU-nun M.Qorki adına Elmi Kitabxanasının rəhbəri Marina Karpova isə MEK ilə əməkdaşlığın yeni imkanlar açacağını, hər iki kitabxananın potensialının gücləndirilməsinə xidmət edəcəyini vurğulayıb və həmkarlarını Universitetin kitabxanasında qorunan Türkdilli əlyazmalar fondu ilə yaxından tanış olmağa dəvət edib. Görüş zamanı imzalanacaq memorandumun bəndləri və qarşıda duran vəzifələr müzakirə olunub.