"Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə nəşr edilən kitablar MEK-də"
0000-00-00
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə nəşr edilən kitablar daxil olub. “Azərbaycanda aqrar sahənin inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı kitab Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədqiqatlar Mərkəzində hazırlanmış və üç bölmədən ibarətdir. Burada Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə kənd təsərrüfatının inkişafında dönüş yaradan siyasi xəttin müəyyən edilməsi və həyata keçirilməsi, dövlət müstəqilliyi şəraitində aqrar islahatların həyata keçirilməsi sahəsində Heydər Əliyev tərəfindən irəli sürülən təşəbbüslər, aqrar islahatlar konsepsiyasının formalaşdırılması, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin uğurla davam etdirilməsi ilə bağlı geniş əhatəli məsələlər ehtiva olunur. Bu kitab Aqrar inkişaf və aqrar sahədə əsaslı islahatlarla bağlı, Heydər Əliyev irsi ilə, habelə Azərbaycanın kənd təsərrüfatının müasir tarixi ilə maraqlananlar üçün faydalı nəşrdir. Növbəti nəşr Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Ekonofizika Tədqiqat Mərkəzi tərəfindən hazırlanmış, professor Şahlar Əsgərovun Ümummilli Lider Heydər Əliyevin bənzərsiz və fenomenal həyatı barədə düşüncələrinin və xatirələrinin əks olunduğu “Heydər Əliyevin həyatının unikal səhifələri” adlı kitabıdır. Kitabda Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın yeni dövlət kimi qurulmasındakı misilsiz xidmətləri, fenomenal idarəçilik, müəllifin xatirələri, mühakimə və mülahizələri, eləcə də Ulu Öndərin aforizmləri yer alıb.