MEK

"Şəhid Elşən Müslümovun ailəsi ziyarət olunub"

0000-00-00

AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin Müşahidə Şurasının sədri, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi yanında İctimai Şuranın sədri Fərhad Qaraşov, eləcə də kitabxananın Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova - Hüseynova və əməkdaşları 44 günlük Vətən müharibəsi şəhidi çavuş Müslümov Elşən Habil oğlunun ailəsini ziyarət ediblər. Görüş əsnasında MEK-in direktoru, professor Məmməd Əliyev Azərbaycanın azadlığı uğrunda gedən döyüşlərdə igidlərimizin öz canları, qanları bahası ilə vuruşaraq, müqəddəs borclarını şərəflə yerinə yetirən və həmin oğulları böyüdən analara minnətdarlıq edib. YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun şanlı Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsində ölkəmizin igid övladları mərdliklə vuruşaraq, tarixi Qələbənin qazanılmasına öz töhfələrini veriblər. Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə, Cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, şəhadətindən sonra Elşən Müslümov Prezident cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalları ilə təltif edilib. 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində baş tutan görüşdə qonaqlar şəhidin anası Şövqiyə xanım və həyat yoldaşı Nəzrin xanımın bayramlarını təbrik edərək şəhidin övladına doğum günü münasibəti ilə hədiyyələr təqdim ediblər.

 

 

  • Paylaş: