"MEK tərəfindən BSU-nun kitabxanasına nəşrlər hədiyyə edilib"
0000-00-00
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən 21 fevral Beynəlxalq Ana Dili Günü münasibətilə Bakı Slavyan Universitetinin (BSU) kitabxanasına nəşrlər hədiyyə edilib. Bu münasibətlə keçirilən yığıncaqda kitabxananın direktoru professor Məmməd Əliyev, direktor müavini, dosent Şəhla Tahirqızı, Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsinin müdiri Günel Bağırova-Hüseynova, BSU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Nailə Xəndan, universitetin bir qrup müəllim və tələbə heyəti iştirak ediblər. BSU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Nailə Xəndan bu günün tarixindən danışıb, həmçinin Azərbaycan ədəbi dilinin saflığına dövlət tərəfindən daim qayğı göstərildiyini vurğulayıb. Prorektor ana dilimizin hərtərəfli inkişafının Ulu Öndər Heydər Əliyevin dilimizin qorunmasına yönəlmiş düşünülmüş siyasətinin nəticəsi olduğunu bildirib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət dil siyasətini uğurla davam etdirdiyini diqqətə çatdırıb. MEK-in direktoru professor Məmməd Əliyev ana dilini qorumağın vacibliyindən söz açıb, ölkəmizdə bu istiqamətdə atılan addımlardan danışıb. Direktor diqqətə çatdırıb ki, Ana dili və əlifbası hər bir xalqın milli sərvəti, varlığının təsdiqi və kimliyidir. Dilin formalaşması üçün vacib elementlərdən olan kitablardan da bəhs edən professor Məmməd Əliyev MEK tərəfindən dəyərli nəşrləri universitetin kitabxanasına təqdim edib. Tədbirdə Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının müdiri Şəhla Əhmədovanın “Beynəlxalq Ana Dili Günü–dilimizin təəssübkeşlərinin günüdür”, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının baş müəllimi Gülqız Adilovanın “Dilin və sözün həyatımızda rolu”, BSU-nun Məktəb-Lisey Kompleksinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Ruhəngiz Qəribovanın “Ana dilimizin inkişaf yolu” mövzularında məruzələri dinlənilib. Məruzələrdə ana dilimizin əhəmiyyətindən, onun inkişaf mərhələlərindən, dilimizin təmizliyi, təbliği və qorunmasından geniş bəhs olunub. Sonda müzakirələrdə fəal iştirak edən universitet əməkdaşı və tələbəsinə Mərkəzi Elmi Kitabxanadan istifadə üçün birillik ödənişsiz abunə kartı təqdim edilib.