"Mərkəzi Elmi Kitabxananın direktoru fəxri fərmanla təltif olunub"
0000-00-00
Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev fəxri fərmanla təltif olunub. Qeyd edək ki, tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, məşhur “91-lər”dən olan Şahlar Əsgərov, millət vəkili Elnur Allahverdiyev, həmçinin universitet və məktəb direktorlarının rəhbərləri də iştirak ediblər. Çıxışlarda Yeni Azərbaycan Partiyasını yarandığı ilk gündən indiyədək xalqa sevdirən, ona ümumxalq partiyası statusunu qazandıran amillərə, eləcə də müstəqilliyin ilk illərinin ictimai-siyasi proseslərinə nəzər salınıb. Ölkəmizin əldə etdiyi Zəfərlərdə və uğurlarda Yeni Azərbaycan Partiyasının müstəsna xidmətləri diqqətə çatdırılıb. Çıxışlardan sonra YAP Yasamal rayon təşkilatının yaranmasının 31 illiyi, rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə diplom və fəxri fərmanlar, həmçinin YAP sıralarına yeni qoşulanlara üzvlük vəsiqələri təqdim edilib.