MEK

"MEK-də “Naxçıvan MR – 100 il” adlı sərgi təşkil edilib"

0000-00-00

Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” 30 dekabr 2023-cü il tarixli Sərəncamına və AMEA Rəyasət Heyətinin 9 yanvar 2024-cü il tarixli qərarına əsasən Mərkəzi Elmi Kitabxanada (MEK) “Naxçıvan MR – 100 il” adlı sərgi (https://heyzine.com/flip-book/9786dbe44c.html) təşkil edilib. MEK-in fondlarındakı kitablar əsasında təşkil olunan sərgidə "Heydər Əliyevin inkişaf strategiyası və Naxçıvan Muxtar Respublikası (XX əsrin 70-80-ci illəri)", "Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr", "Heydər Əliyev siyasəti tarixdə və günümüzdə", "Heydər Əliyev və Naxçıvan Muxtar Respublikasının inkişaf tarixi (1969-2003)", "Naxçıvan: tarixi və abidələri", "Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti", "Heydər Əliyev və Naxçıvan Muxtar Respublikası: sənədlər və materiallar toplusu (1969-1982-ci illər)", "Heydər Əliyev və milli tarixi yaddaşın bərpası" və digər nəşrlər yer alıb. Eyni zamanda, ölkəmizin çoxəsrlik zəngin keçmişində layiqli yer tutmuş, Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr vermiş Naxçıvan diyarı haqqında “Duzdağ mozaikası”, “Naxçıvanın əlyazmalar xəzinəsi”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji lüğəti”, “Naxçıvan milli geyimləri” və s. kimi nəşrlər də sərgilənir. Kitablarda Azərbaycanın ayrılmaz tərkib hissəsi və dünyanın ən qədim mədəniyyət mərkəzlərindən olan Naxçıvanın tarixi işıqlandırılır, bu diyarın keçdiyi tarixi inkişaf yolu ayrı-ayrı dövrlər üzrə nəzərdən keçirilir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həm Sovet Azərbaycanının, həm də müstəqil Azərbaycanın başçısı kimi Naxçıvan Muxtar Respublikasının tərəqqisi naminə göstərdiyi çoxcəhətli fəaliyyəti geniş təhlil edilir, Ulu Öndərin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin böyük xidmətlərindən, yeni epoxada Naxçıvan Muxtar Respublikasında gedən ictimai-siyasi proseslərdən və elmi-mədəni hadisələrdən bəhs edilir. Virtual və ənənəvi formada təşkil edilən sərgidə nümayiş olunan nəşrlər sırasında Naxçıvanla bağlı Ulu Öndərin fikir və mülahizələri də geniş yer tutur.

 

 

  • Paylaş: