"MEK-də “Məhəmməd Əmin Rəsulzadə və Türk dünyası” mövzusunda tədbir keçirilib"
0000-00-00
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Məhəmməd Əmin Rəsulzadənin 140 illiyi münasibətilə “Məhəmməd Əmin Rəsulzadə və Türk dünyası” mövzusunda tədbir keçirilib. MEK-in və Azərbaycan Türk Ocağının birgə təşkilatçılığı ilə baş tutan tədbirdə millət vəkilləri, media nümayəndələri, tədqiqatçılar, o cümlədən Məhəmməd Əmin Rəsulzadənin ailə üzvləri iştirak ediblər. Tədbiri giriş süzü ilə açan MEK-in direktoru, professor Məmməd Əliyev “Şərq” qəzeti ilə MEK-in sıx əlaqələrindən danışıb, mütəmadi birgə tədbirlərin keçirildiyini vurğulayıb. Direktor Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamının icrasından irəli gələn tədbirlər planına uyğun olaraq keçirildiyini xatırladıb. Bildirib ki, yubiley münasibətilə irəlidə sərgilərin, elmi konfransların keçirilməsi də planlaşdırılır. “Bu gün görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadənin və AXC-ni quran digər ziyalılarımızın ruhu şaddır. Çünki hazırda Azərbaycan onların görmək istədikləri kimi - müstəqil, güclü və tam suveren bir dövlətdir”, - deyə direktor diqqətə çatdırıb. Azərbaycan Türk Ocağı İctimai Birliyinin sədri, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı istiqlal savaşçısı Məhəmməd Əmin Rəsulzadənin ictimai-siyasi fəaliyyətinə nəzər yetirib və bu mövzunun böyük araşdırma obyekti kimi maraq doğuracağını bildirib. Millət vəkili Arzu Nağıyev Məhəmməd Əmin Rəsulzadənin fəaliyyətinin elm ocaqları səviyyəsində öyrənilməsini təqdirəlayiq hesab edib. Tədbirdə iştirak edən tarixçi-alim Firdovsiyyə Əhmədova çıxışında kitabxana kimi önəmli bir platformada bu cür tədbirlərin keçirilməsinin təsadüfi olmadığını, M.Ə.Rəsulzadənin gənclikdən ömrünün sonunadək çağdaş bilikləri öyrənərək tədqiq etdiyini bildirib. Alim çıxışında onun “Açıq söz” qəzetindəki fəaliyyətindən, mühacirət dövründən, müsəlman Şərqində ilk demokratik cümhuriyyətin yaranmasından danışıb. Tədbirdə, həmçinin M.Ə.Rəsulzadənin nəvəsi, Azərbaycanın Əməkdar rəssamı, prezident təqaüdçüsü Rais Rəsulzadə, Şimali Kipr Türk Respublikasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, Azərbaycan Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, Türkiyənin Erceyis Universitetinin professor Qafar Çaxmaqlı, “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal və digərləri çıxış edib, mövzu ilə əlaqəli fikirlərini bölüşüblər. Sonda Azərbaycanın ictimai fikir tarixində xüsusi yeri olan M.Ə.Rəsulzadənin özünün müəllifliyi ilə qələmə aldığı və ona həsr edilən kitablardan ibarət sərgiyə baxış keçirilib.