Mühasibatlıq
Şöbənin əsas vəzifələri maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotunun təşkilindən, maddi, əmək, maliyyə vəsaitlərinin qənaətli istifadəsinə və təşkilatın əmlakının qorunmasına nəzarətdən ibarətdir. Təsərrüfat əməliyyatlarının mühasibat uçotu hesablarında (həmçinin mühasibat uçotu registrlərində) düzgün əks etdirilməsi, ona nəzarət, operativ məlumatların təqdim edilməsi, mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsi, digər bölmə və xidmət sahələri ilə birlikdə təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılması və səfərbər edilməsi məqsədilə mühasibat uçotu və hesabatının məlumatları üzrə Kitabxananın maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsi, inventarizasiyanın aparılmasını təşkil edir. Şöbə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərinin) və vergitutma obyektlərinin uçotunun aparılması işini yerinə yetirir, Müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti üzrə təhlillərini aparır, lazımi hesablamalarla birgə cari və perspektiv maliyyə planlarını tərtib edir. Şöbəyə Hökümə Abbasova rəhbərlik edir.
İnsan resursları şöbəsi
Mərkəzi Elmi Kitabxananın İnsan resursları şöbəsi Kitabxananın struktur bölməsidir. Şöbə öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək Məcəlləsini, AMEA ümumi yığıncağının və Rəyasət Heyətinin qərarlarını, Mərkəzi Elmi Kitabxananın nizamnamə, qərar, təlimat, əmr, sərəncamlarını rəhbər tutur. Şöbənin fəaliyyətinin əsas məqsədi Mərkəzi Elmi Kitabxanada İnsan Resurslarının idarə edilməsi siyasətinə və kitabxananın strateji hədəflərinə müvafiq olaraq onun davamlı dinamik inkişafına xidmət edən insan kapitalının formalaşdırılması, inkişaf etdirilməsi və qorunub saxlanılmasına yardım etməkdir. Şöbəyə Sevinc Əliyeva rəhbərlik edir.
Beynəlxalq əlaqələr şöbəsi
Beynəlxalq əlaqələr şöbəsi xaricdə fəaliyyət göstərən kitabxanalar, elm, təhsil, mədəniyyət müəssisələri, Azərbaycanda akkreditasiya olunmuş diplomatik korpus təmsilçilikləri, habelə Azərbaycanın xaricdəki diplomatik qurumları ilə əməkdaşlıqlar qurur, beynəlxalq mübadilə aparır, sazişlər imzalayır, layihələr, görüşlər, tədbirlər həyata keçirir. Məqsəd xaricdə fəaliyyət göstərən kitabxanalara, elm, təhsil, mədəniyyət müəssisələrinə, Azərbaycan Respublikasında akkreditasiya olunmuş diplomatik korpus təmsilçiliklərinə Mərkəzi Elmi Kitabxananın fəaliyyəti, məqsədi, imkanları barəsində məlumat çatdırmaq, onlarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq, Azərbaycana aid xarici arxivlərdə saxlanılan, elmi, milli, mədəni, ədəbi, etnoqrafik, incəsənət və s. mövzularda olan kitabları, sənədləri aşkarlamaq, MEK-ə gətirməkdir. Hazırda MEK 45 ölkənin 115 təşkilatı ilə, o cümlədən ölkəmizdəki bir sıra səfirliklərlə, Azərbaycanın xaricdəki səfirlikləri ilə əlaqələr qurub, əməkdaşlıq edir. MEK ABŞ Konqres Kitabxanası, Rusiya Milli Kitabxanası, Rusiya Dövlət Kitabxanası, Almaniyanın Potsdam Universitet Kitabxanası, Berlin Universitet Kitabxanası, Fransa Mərkəzi Kitabxanası, Çin Milli Kitabxanası, Bolqarıstanın Sofiya Universiteti, Şotlandiyanın Edinburq Milli Kitabxanası, Polşa Universitet Kitabxanası, Rumıniya Elmlər Akademiyasının Kitabxanası, İngiltərə, Avstriya, Çexiya, İsveç, Səudiyyə Ərəbistanı, Finlandiya, Niderland, Serbiya, Meksika, Norveç, Belçika, İtaliya, Mərakeş kimi ölkələrlə əməkdaşlıq həyata keçirir. MEK Beynəlxalq Elmlər Akademiyaları Assosiasiyasının 25.11.2021-ci ildə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilən toplantısında quruma üzv seçilmişdir. 2021-2022-ci illərdə MEK Rusiya Elmlər Akademiyasının Təbiət Elmləri Kitabxanası, Moldova Respublikasının Elmi Kitabxanası, Qazaxıstan Respublikasının “Elm Ordası” adlı Mərkəzi Elmi Kitabxanası, Belarus MEA-nın Mərkəzi Elmi Kitabxanası, Litva Elmlər Akademiyasının Kitabxanası, Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Kitabxanası, Macarıstandakı Eötvös Loránd Universiteti (ELTE) və “ARCANUM Database” təşkilatı, Özbəkistanın İnnovativ İnkişaf Nazirliyi yanında Elmi-Texniki İnformasiya Mərkəzi, Özbəkistan Elmlər Akademiyasının Fundamental Kitabxanası ilə əməkdaşlıq haqqında müqavilələr imzalamışdır. Bununla yanaşı, MEK Misir Milli Kitabxanası və Arxivləri (2017), Kolumbiya Respublikasının Mədəniyyət Nazirliyi (2017), Türkiyənin Karabük Universitet Kitabxanası (2018), Türkiyənin Yıldırım Bəyazit Universitet Kitabxanası (2018) ilə müqavilələr imzalayıb, qarşılıqlı səfərlər çərçivəsində Belarus Milli Kitabxanasıyla əməkdaşlıq edir. MEK 2017-ci ildə Bakı şəhərində keçirilmiş “Macarıstan günləri”nin təşkilatıçılarından olub. MEK eyni zamanda Azərbaycanın diaspor təşkilatları, Yaponiyanın Nippon Fondu, Berlin Humboldt Universiteti, UNESCO kimi təşkilatlarla, ölkəmizdə fəaliyyət göstərən Türkiyə, Rusiya, Özbəkistan, Qazaxıstan, Macarıstan, Misir, İran, Almaniya, Fransa və s. ölkələrin səfirlikləri, o cümlədən Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri ilə sıx əməkdaşlıq edir.
İctimaiyyətlə əlaqələr şöbəsi
AMEA Mərkəzi Elmi Kitabxanasının İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi ictimai iştirakçılığın genişləndirilməsi, kommunikasiyanın qurulması və idarə edilməsi, Kitabxananın ictimaiyyətlə əlaqələr strategiyasının (PR strategiyası) və siyasətinin qurulması sahəsində işlərin təşkilini və tənzimlənməsini həyata keçirir. Şöbənin fəaliyyətinin məqsədi MEK-in şəxsi heyətinə, oxucu-istifadəçilərinə, qonaqlarına, AMEA-nın institut və təşkilatlarına, rəhbərliyinə, Azərbaycan ictimaiyyətinə, xarici müəssisə və təşkilatlara MEK-in fəaliyyəti, məqsədi, texniki və informasiya imkanları barəsində obyektiv məlumat çatdırmaq, informasiya mənbələri mübadiləsinin aparılmasına yardım göstərmək, kommunikasiya mühitini genişləndirməkdir. Şöbəyə Mina İbrahimova rəhbərlik edir.
Sənədlərlə iş şöbəsi
Sənədlərlə iş şöbəsinin əsas vəzifəsi MEK daxilində kargüzarlıq xidmətinin düzgün təşkilinin təmin edilməsidir. Şöbənin fəaliyyətinə daxildir: direktora məruzə üçün təqdim olunası daxili, göndərilən və qəbul edilən sənədlərin baxılmasını; sənədlərin vaxtında icra olunmasına nəzarəti; sənədlərin düzgün və vaxtında tərtib edilməsinə və rəsmiləşdirilməsinə nəzarət, yazışmaların səmərəli təşkili; sənədlərin qəbulu, uçotu, qeydiyyatı və saxlanılmasını həyata keçirmək, göndərilən, daxil olan və daxili sənədlərin göndərilməsi və bölmələr üzrə çatdırılması; MEK-in struktur bölmələrində kargüzarlığın aparılmasının təşkili üzrə metodiki rəhbərliyin həyata keçirilməsi. Şöbəyə Şəhla Aslanova rəhbərlik edir.
Elektron xidmətlər şöbəsi
Elektron xidmətlər şöbəsi 11 sentyabr 2023-cü il tarixində AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin 17/15 №-li Qərarı ilə yaradılıb. İnformasiya cəmiyyətinin baza prinsiplərinə əsaslanaraq informasiyanın əmtəəyə çevrilməsini (maddiləşməsini), informasiya bazarının formalaşmasında cəmiyyət üzvlərinin peşə və təhsil hazırlığının yüksəlməsini, qlobal informasiya mühitinin yaranmasını təmin edən elektron xidmətlər kitabxana işində də ehtiyac duyulan sahədir. Məlumdur ki, elektron xidmətin göstərilməsi üçün sürətli internet əsas vasitədir. Bu, daha böyük müştəri bazasına daxil olmaq, müştərilərlə alternativ əlaqə, göstərilən xidmətlərin artırılması, rəqabət mühitinin yaradılması, şəffaflığın artırılması üçün əvəzsiz xidmət növüdür. Bu xidmət növündə əsas məqsəd istifadəçilərlə qurumlar arasında olan vaxt və zaman anlayışını azaltmaq, bu münasibətləri sadələşdirməkdir. Şöbə Elektron resurslar şöbəsində (vikipediya) hazırlanan və redaktə olunan məqalələrin hesabatı, Elektron resurslar şöbəsində keçirilən təlimlərin hesabatının hazırlanması və bu təlimlərin mətbuatda işıqlandırılması, rəqəmsal resursların Dispeys və TÜBİTAK platformasında yerləşdirilməsi, Google Scholarda Mərkəzi Elmi Kitabxananın elmi dərəcəsi və elmi adı olan əməkdaşları üçün profilin yaradılması, mek.az saytına nəzarət, saytda lazım olan elektron işlərin həyata keçirilməsi işlərini icra edir: Şöbəyə Nuridə Abdullayeva rəhbərlik edir.
Komplektləşdirmə şöbəsi
Şöbə müxtəlif növ ədəbiyyatların təhvil alınması, sənədləşdirilməsi, inventar nömrələrinin verilməsi, e-kataloqa daxil edilməsi və müvafiq fondlara göndərilməsi işini həyata keçirir. Komplektləşdirmə şöbəsinin iş prinsipləri və fəaliyyətinə daxildir: qəbul olunan ədəbiyyat sənədləşdirilir, təşkilat və idarə tərəfindən daxil olunanlara təhvil-təslim aktı və ya müəlliflərə tələblərinə uyğun Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasına təqdim etmək üçün və yaxud tələb olunan orqana arayış hazırlanır; elektron formatda təqdim olunan sənədlərə (CD, PDF) Müəllif hüquqlarını qorumaq məqsədilə "Müəllif müqaviləsi" tərtib olunur, Kitabxananın saytında yerləşdirilməsinə dair müəllif tərəfindən icazə olduqda isə tərtib olunan "Müəllif müqaviləsi"ndə yazılı şəkildə “İcazə verirəm” qeyd edilir; qəbul olunan bütün ədəbiyyat elektron kataloqda İRBİS-64+ proqramında Komplektəşdirmə moduluna daxil edilir və daha sonra akt üzrə fondlara təhvil verilir; qəbula dair təhvil – təslim sənədləşməsini müdiriyyət, mühasibatlıq və kitabxananın fondları ilə birgə həyata keçirir; qəbul olan ədəbiyyat yoxlanılır, fondda mövcud olanlar və ya fondda 4 nüsxədən artıq olan əddəbiyyat aktlaşdırılır və akt üzrə Mübadilə fonduna təhvil verilir; qəbul olan ədəbiyyata dair rüblük və illik hesabatlar hazırlanır; il ərzində daxil olmuş ədəbiyyatın inventar kitabları hazırlanır, kitabxananın summar kitabında müvafiq bəndlərə uyğun qeydlər edilir; Şöbəyə Gülnar Məmmədova rəhbərlik edir.
Kataloqlaşdırma şöbəsi
MEK-in Kataloqlaşdırma şöbəsi cari daxil olan sənədlərin və retrospektiv sənədlərin elektron kataloqlaşdırması və biblioqrafik təsvirlərinin yaradılması fəaliyyətini nəzərdə tutur. Şöbə MEK-ə məxsus bütün növ sənədləri biblioqrafik xassələrinə əsasən ardıcıl olaraq elm sahələri üzrə sistemləşdirir və indeksləşdirir, eləcə də elektron kataloqa müvafiq kataloqlaşdırma qeydlərini daxil edir, çap formatında kataloq üçün kartoçkalar hazırlayır. Şöbənin əsas fəaliyyət istiqamətləri – sənədin “Dövlət standartına” uyğun olaraq biblioqrafik təsvirinin verilməsini təmin edir. Eləcə də şöbə MEK-ə yeni daxil olan (müxtəlif dillərdə kitablar, jurnallar, nəşri davam edən resursları və müxtəlif tipli sənədlər) ardıcıllıqla biblioqrafik təsvir qaydalarına əsasən ənənəvi-əlifba, sistemli kataloq yaradılması məqsədilə elektron kataloqa müvafiq qeydlərin daxil edilməsini, yazılmış kartoçkaların ənənəvi kataloqlar üçün işlənilməsini və ciddi əlifba üzrə kataloqlara düzülməsini təmin edir. Artıq bir neçə ildir Kitabxana fondun elektron kataloqa salınması işini davam etdirir. Şöbədə cari kitab işləmə ilə yanaşı, retrokonversiya işləri davam edir. Ümumi fonddan kitablar qaldırılır və İRBİS-64 proqramı adlanan elektron kataloqa daxil edilir. Şöbə həm elektron kataloqda, həm də ənənəvi kataloqda redaktə işini təşkil edir. İşlənilmiş kitablar və digər müxtəlif çap məhsulları sonda fondlara təhvil verilir. Şöbəyə Xuraman Cəfərova rəhbərlik edir.
Oxuculara xidmət şöbəsi
MEK-in Oxuculara xidmət şöbəsi 1926-cı ildən fəaliyyətə başlayıb. Şöbə Kitabxananın xidmətlərindən faydalanacaq oxucuların qeydiyyatını, onların sifariş etdikləri resurslarla təmin edilməsini və geri qəbul edilərək müvafiq saxlanca göndərilməsi fəaliyyətini icra edir. Şöbə AMEA-nın elmi-tədqiqat müəsisələri və təşkilatlarının əməkdaşları daxil olmaqla, Bakı şəhərinin və respublikanın elmi tədqiqat müəssisələrinə, ali məktəblərə və xarici ölkələrin kitabxanalarından müraciət edən oxuculara xidmət göstərir. Eləcə də şöbə oxuculara xidmət işini Kitabxanalararası abonoment, oxu zalları, dövrü mətbuat və akademiklərin zalı vasitəsilə həyata keçirir. Bundan əlavə, şöbə yardımçı fondlarının komplektləşdirilməsində iştirak edir və bu ədəbiyyata dair oxucu sorğularını yerinə yetirir. Şöbə tərəfindən sərgi zalında MEK-ə daxil olan yeni ədəbiyyatların sərgisi təşkil edilir və bu ədəbiyyatlar 15 gün ərzində sərgilənir. Eyni zamanda şöbə görkəmli şəxsiyyətlərin yubileylərini, əlamətdar və tarixi günlərə dair kitab və dövri mətbuat sərgilərini təşkil edir. Şöbə tərəfindən Dövri mətbuatın yardımçı fondunda yeni daxil olmuş jurnallar və qəzetlərin qəbulu, işlənməsi, İRBİS64+ proqramına daxil edilməsi və yerləşdirilməsi işləri icra olunur. Şöbəyə Ofeliya Yunusova rəhbərlik edir.
Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi
Azərbaycan dövlətçiliyi və Heydər Əliyev irsinin kitabxana fondlarında komplektləşdirilməsi Azərbaycan tarixi, mədəniyyəti, incəsənəti, dövlətçilik tarixi, Azərbaycanın keçmişi və bu günü haqqında məlumat əldə etməyə imkan verir. Uzun illər fəaliyyət göstərən Heydər Əliyev və Azərbaycan dövlətçiliyi şöbəsi Ümummilli Lider Heydər Əliyevin zəngin irsinə, Azərbaycanın zəngin dövlətçilik tarixinə dair, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çoxşaxəli siyasi fəaliyyətinə, I Vitse-Prezident Mehriban Əliyevanın sosial-humanitar sahədə fəaliyyətinə, Azərbaycanın dünyada təbliğinə həsr olunmuş ədəbiyyatın kitabxana fondlarında komplektləşdirilməsi, rəqəmsallaşdırılması, məlumat bazalarının hazırlanması işini təşkil edir, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili, mövzu və şəxsi biblioqrafik göstəricilərin hazırlanması, görkəmli dövlət xadimi Heydər Əliyevin irsinin tədqiqi və təbliğinə dəstək məqsədilə təşkil etdiyi silsilə xarakterli Heydər Əliyev lektoriyalarının, elmi-kütləvi tədbirlərin təşkili və keçirilməsi fəaliyyətini nəzərdə tutur, bu sahədə elmi-tədqiqat işlərinin informasiya təminatını həyata keçirir. Son illərdə şöbənin təşkil etdiyi və uğurla keçirdiyi ən mühüm layihələrdən biri görkəmli dövlət xadimi, Ümummilli Lider Heydər Əliyevin irsinin tədqiqi və təbliğinə dəstək məqsədilə təşkil etdiyi silsilə xarakterli Heydər Əliyev lektoriyalarının keçirilməsidir. Qeyd edək ki, respublika kitabxanalarında bu ilkə məhz MEK imza atıb. Şöbə AMEA-nın Rəyasət Heyəti, AMEA-nın bir sıra Elmi Tədqiqat İnstitutları, həmçinin şöbənin müvafiq profilinə uyğun digər istifadəçilərin də əyani və şifahi sorğularının cavablandırılması istiqamətində informasiya təminatını yüksək səviyyədə həyata keçirir. Ümumiyyətlə, şöbə Azərbaycan dövlətçiliyi və Heydər Əliyev irsinə dair nəşrlərin kitabxana fondlarında toplanması, kitabxana fondlarının zənginləşdirilməsinə deyil, eyni zamanda Azərbaycanın dövlətçilik tarixinin və Heydər Əliyev irsinin gələcək nəsillərin istifadəsinə verilməsi üçün qorunub saxlanılmasına xidmət edir. Şöbəyə Günel Bağırova-Hüseynova rəhbərlik edir.
Nadir kitablar və qiymətli nəşrlər fondu
Nadir kitablar və qiymətli nəşrlər fondu 1998-ci ildə yaradılıb. Fonda kitablar nəşr tarixinə, region və ölkə əhəmiyyətinə, nəfis tərtibatına, ölçülərinə görə (ən iri, ən kiçik) və digər meyarlar əsasında seçilib, unikal nəşrləri özündə birləşdirir. Ədəbiyyatlar əsasən rus, ingilis, alman, fransız, ispan, italyan və latın dillərindədir. Fondda Azərbaycan Respublikasının kitabxanaları arasında ən qədim 22 kitab mühafizə olunur. Kitablar latın dilində, mövzuları isə qədim Roma İmperiyasına, tarixə, kilsəyə və dinə aiddir. Qədim nəşrlər 1502-1572-ci illəri əhatə edir. Kitablar “Azərbaycan Respublikasının Kitab Abidələri”nə daxil edilib. Bunlardan nəşr tarixinə görə ən qədimi 1502-ci ilə aid, Р-5098 şifrəsində olan “Heptalogium ex diversis paginis atque auctorum officinis congestum” kitabıdır. Qədim kitablar xüsusi hazırlanmış şüşəli stendlərdə mühafizə olunur. Fondda səhifələrinin kənarı qızıl suyu ilə işlənmiş, dəri materialı ilə cildlənmiş, üz qabığı təbii firuzə qaşlarla bəzədilmiş və üz qabığının kənarları qızıl suyuna salınmış kitablar var. Fondda Azərbaycan dilində də ölkə və dünya əhəmiyyyətli nəşrlər toplanıb. Nadir kitab fondunda çox geniş formada bütün elm sahələrini əhatə edən universal xarakterli ensiklopediyalar mövcuddur. Elədə də fondda müxtəlif kolleksiyalar da mövcuddur. Kolleksiyalarda müxtəlif elm sahələri üzrə və dahi şəxsiyyətlər haqqında çap olunmuş miniatür nəşrlər yer alır. Xaricdə yaşamış azərbaycanlıların məzarları kolleksiyası isə 53 fotodan ibarətdir. Ən qiymətli kitablar xüsusi mühafizə rejimində, yəni turşusuz kartondan düzəldilmiş mikroiqlimli konteynerlərdə qorunur. Fonda Sevil Məmmədova rəhbərlik edir.
Azərbaycan dilində ədəbiyyat və mübadilə fondu
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 2021-ci il 28 yanvar tarixli 6/3 №-li qərarı ilə Mərkəzi Elmi Kitabxananın struktur və işçilərin say tərkibini uyğun olaraq 15 fevral 2021-ci ildə Azərbaycan dilində ədəbiyyat və mübadilə fondu müstəqil şöbə kimi fəaliyyətə başlayıb. Fondda kitab, jurnal, qəzet, dissertasiya, avtoreferat və elektron resurslar (CD-R, CD-RW disklər) mühafizə olunur. Fonda aid inventar nömrəli hər bir sənədin qeydiyyat nişanı, adı və haqqında qısa məlumatı əks etdirən topoqrafik kartotekası var. Fond MEK-in Kataloqlaşdırma şöbəsi tərəfindən qəbul edilən yeni ədəbiyyatın yerləşdirilməsi, oxucuların sorğularının cavablandırılması, istifadə müddəti bitmiş ədəbiyyatın fonda geri götürülməsi, zədələnmiş kitab və ya jurnalların bərpası ilə yanaşı, ölkədaxili və xarici ölkələrə beynəlxalq kitab mübadiləsi yolu ilə ədəbiyyat göndərir. Fond eyni zamanda, ölkə daxilində fəaliyyət göstərən elmi müəssisə və təşkilatlara kitab hədiyyə edir. Fonda Nazilə Həsənova rəhbərlik edir.
Xarici dillərdə ədəbiyyat fondu
Xarici dillərdə ədəbiyyat fondu şöbə olaraq 2021-ci ilin yanvar ayından fəaliyyətə başlayıb. Fond şöbənin Əsasnaməsi və illik planı əsasında iş aparır. Fondda ümumilikdə 1.004.262 nüsxə kitab, jurnal və qəzet mühafizə olunur. Xarici dillərdə ədəbiyyat fondu rus, Şərq, Avropa dillərində ədəbiyyatı özündə birləşdirir. Fondun Şərq dillərində ədəbiyyatı şərqşünas alimlər, mütəxəssislər üçün qiymətli mənbədir və nadir kitabların saxlanma sayına görə MEK-in ən diqqətəlayiq kitab saxlanclarındandır. Burada Şərq dillərinə aid nadir elmi kitablar, müxtəlif dərsliklər, ensiklopediya və lüğətlər, məcmuələr, dövri mətbuat nüsxələri, 1920-ci ilə qədər Azərbaycanda nəşr edilmiş ədəbiyyatın Arxiv fondu, 64 adda o dövrün mətbuat nüsxələri, fotosürətlər və mikrofilmlər mühafizə olunur. Fondda, həmçinin Şərq xalqlarının qədim və yeni tarixi, ədəbiyyatı, din, fəlsəfə və incəsənətinə dair nəşrlərdən, alim-səyyahların əsərlərindən ibarət zəngin kitab xəzinəsi toplanıb. Şərq dillərində ədəbiyyat fondunun əsas hissəsini ərəb, fars, türk dillərində olan çox qiymətli kitab, jurnal və qəzetlər təşkil edir və kitablar nadir elmi əsərlərin sayına görə MEK-in qızıl fondu hesab edilə bilər. Xarici dillərdə ədəbiyyat fonduna Kübra Sadıqova rəhbərlik edir.
Qarabağ müharibəsi qəhrəmanları fondu
Kitabxananın Qarabağ müharibəsi qəhrəmanları fondu 28 yanvar 2021-ci ildə yaradılıb. Fond AMEA Rəyasət Heyətinin qərarından dərhal sonra fəaliyyətə başlayıb. Fondun əsas məqsədi I və II Qarabağ müharibəsində, Aprel döyüşü, Tovuz döyüşü zamanı Vətənin ərazi bütövlüyünü bərpa etmək üçün canını fəda edən qəhrəman oğullarımızın xatirəsini əbədiləşdirmək, onların ömür və döyüş yolunu yaşatmaq, gələcək nəsillərə ötürməkdir. Fondun əməkdaşları tərəfindən I və II Qarabağ müharibəsi, Aprel döyüşü, Tovuz döyüşü qəhrəmanlarının ailələri ilə əlaqə yaradılır, görüşlər təşkil edilir və onlar haqqında məlumatlar, videomateriallar, fotoşəkillər toplanılır və sənədləşdirilmiş formada qorunub saxlanılır. Hazırda 2000-ə yaxın material toplanaraq sənədləşdirilib və bu iş mərhələli şəkildə davam etdirilir. Həmçinin şəhidlərin ailələri tərəfindən qəhrəmanlarımıza məxsus olan kitablar Qarabağ müharibəsi qəhrəmanları fonduna hədiyyə olunur. Qarabağın tarixi, siyasəti, mədəniyyəti, etnoqrafiyası və iqtisadiyyatını əks etdirən 1000-ə yaxın kitab, qəzet və s. materiallar da fondda yer alıb. 44 günlük savaş haqqında yazılmış kitablar müəllifləri tərəfindən fonda hədiyyə olunur və bu ənənə davam etdirilir. Qarabağ müharibəsi qəhrəmanları fondu elektron, ənənəvi kataloq və kartoteka sistemi ilə oxuculara xidmət göstərir. Fondun əməkdaşları davamlı olaraq respublikanın müxtəlif şəhər və rayonlarında qəhrəman şəhidlərimizin ildönümləri ilə bağlı tədbirlərdə iştirak edirlər. Fonda şəhid-polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə rəhbərlik edir.
Biblioqrafik nəşrlər şöbəsi
MEK-in Biblioqrafiya nəşrlər şöbəsi 1923-cü ildə təşkil olunmuş Azərbaycanı Tədqiq və Tətöbbə Cəmiyyətinin nəzdində 1924-cü ildə Biblioqrafiya bürosu kimi fəaliyyətə başlayıb. 1925-ci ildə Elmi Kitabxana ilə Biblioqrafiya bürosunun fəaliyyəti birləşdirilib. 1959-cu ildə “Məlumat-biblioqrafiya”, 1967-ci ildə “Elmi biblioqrafiya”, 1973-cü ildə “Elmi-texniki informasiya”, 2003-cü ildə “Biblioqrafiya şöbəsi” adı altında fəaliyyət göstərən şöbə 2015-2020-ci illərdə Kitabxana-xidmət şöbəsinin tərkibində Biblioqrafik sorğular bölməsi, 2020-ci ildə isə Kitabxanada struktur dəyişikliyinə əsasən yenidən Biblioqrafiya şöbəsi adlandırılıb. 2024-cü ilin may ayından etibarən şöbə iki yerə bölünərək Biblioqrafik nəşrlər və Biblioqrafik və elektron informasiya xidməti şöbələri kimi fəaliyyətini davam etdirir. Şöbənin əsas vəzifəsi tematik mövzularda elmi biblioqrafik göstəricilərin, “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından şəxsi biblioqrafiyaların tərtibi və redaktəsidir. Şöbə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən cari ildə keçiriləcək dövlət əhəmiyyətli tarixi günlər və ya məşhur şəxsiyyətlərin yubileyləri ilə əlaqədar diyarşünaslıq xarakterli biblioqrafik vəsaitləri tərtib və redaktə edir. Şöbəyə Nərgiz Novruzova rəhbərlik edir.
Biblioqrafik və elektron informasiya xidməti şöbəsi
Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin 23 aprel 2024-cü il tarixli 13/11 nömrəli Qərarına əsasən Mərkəzi Elmi Kitabxananın struktur və işçilərinin say tərkibini nəzərə alaraq 01 may 2024-cü il tarixindən Kitabxananın direktoru, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovun əmri ilə (148 №-li əmr) “Biblioqrafik və elektron informasiya xidməti” şöbəsi fəaliyyətə başlayıb. Şöbənin əsas vəzifələri biblioqrafik arayışların yerinə yetirilməsi və biblioqrafik informasiya xidmətindən ibarətdir. Şöbə əməkdaşları tərəfindən alimlərə, doktorant və dissertantlara, mütəxəssislərə və digər oxucu qruplarına elektron biblioqrafik informasiya xidməti üzrə axtarış həm İRBİS64+AKİS (Avtomatlaşmış Kitabxana İnformasiya Sistemi) proqramı, həm də kataloq-kartoteka sisteminə əsasən ənənəvi formada aparılır. AMEA-nın institut kitabxanalarına biblioqrafik xidmət göstərilir, oxucuların müvafiq mövzular üzrə biblioqrafik sorğuları əsasında axtarışda dəqiqləşdirmələr yerinə yetirilir, elmi mənbələrin araşdırılmasında istiqamət verilir. Eyni zamanda, ali dövlət orqanları, müəssisə və təşkilatlar, ayrı-ayrı oxucu qrupları tərəfindən şöbəyə daxil olan yazılı və şifahi sorğular da cavablandırılır. Azərbaycan elminin ayrı-ayrı sahələri üzrə “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasından görkəmli elm və mədəniyyət xadimlərinin həyat və yaradıcılığını əks etdirən şəxsi və mövzu biblioqrafik göstəriciləri PDF formatında sistemləşdirilir. Şöbəyə filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva rəhbərlik edir.
İnnovativ layihələr və metodiki təminat şöbəsi
MEK-in rəsmi olaraq metodiki rəhbərlik fəaliyyəti 1962-ci ildə metodist ştatının açılması ilə təsdiq edilmiş, 1969-cu ildə isə Elmi-metodiki şöbə təşkil olunub. 1985-ci ildə MEK-in Elmi-metodiki və Elmi tədqiqat şöbələri birləşdirilərək Kitabxanaşünaslıq şöbəsi yaradılıb. Kitabxanaşünaslıq şöbəsinin strukturuna iki bölmə - elmi tədqiqat bölməsi və elmi metodiki bölmə daxil edilib. 1999-cu ildə MEK-in Kitabxanaşünaslıq şöbəsi yenidən Elmi-metodiki şöbə adlandırılıb. 2003-cü ildə MEK-də struktur dəyişikliyi ilə əlaqədar olaraq Kitabxanada bəzi şöbələr birləşdirilib, Elmi-metodiki şöbə isə Kitabxanaşünaslıq və innovasiya şöbəsi adlandırılıb. O dövrdə ümumiyyətlə, AMEA kitabxana sistemində tətbiq edilən bütün iş növlərinin təkmilləşdirilməsi bilavasitə Kitabxanaşünaslıq və innovasiya şöbəsi əməkdaşlarının yaxından iştirakı ilə yerinə yetirilib. 2003-cü ildə AMEA Nizamnaməsinin 5-ci maddəsinin 54-cü bəndinə əsasən MEK-ə elmi statusun verilməsi Kitabxananın fəaliyyətinin müasir tələblərə uyğun təşkilinə təsir göstərən mühüm amillərdən biri olub. 2006-2013-cü illərdə Kitabxanaşünaslıq və innovasiya şöbəsinin əsas təyinatı – MEK-in şöbələrinin fəaliyyətinin müasir tələblərə uyğun təkmilləşdirilməsi yollarının müəyyənləşdirilməsi və yeniliklərin tətbiqi, normativ qanunvericilik aktlarının yerinə yetirilməsinin metodiki təminatı və onlara nəzarətin həyata keçirilməsi işi olub. MEK-də 2014-cü ildə aparılan struktur dəyişikliyi ilə əlaqədar Kitabxanaşünaslıq şöbəsi ləğv olunub, Kitabxananın ETİ kitabxanalarına metodiki təminat işi dayandırılıb. MEK və ETİ kitabxana şəbəkəsinin fəaliyyətini dövrün tələblərinə uyğun istiqamətləndirmək, müasir və daha operativ elmi-metodiki idatəetməni həyata keçirmək məqsədilə 2020-ci ildə şöbə “İnnovativ layihələr və metodik təminat” adı altında yenidən yaradılıb. İnnovativ layihələr və metodik təminat şöbəsi kitabxana işi sahəsində elmi-metodiki işləri, AMEA elmi tədqiqat institutları nəzdindəki kitabxanaların və MEK fəaliyyətinə metodiki rəhbərliyi, kitabxana işi və biblioqrafiya məsələlərinin elmi-nəzəri cəhətdən işlənib hazırlanmasını və onun nəticələrinin kitabxana işinə tətbiqinə dair layihələri həyata keçirir. Şöbəyə Səyyarə Məmmədova rəhbərlik edir.
Avtomatlaşdırma və proqram təminatı şöbəsi
Avtomatlaşdırma və proqram təminatı şöbəsi fəaliyyətini AMEA alimləri, doktorant və dissertantlara, professor-müəllim heyətinə, mütəxəssislərə və digər oxucu qruplarına elektron informasiya xidmətinin göstərilməsi əsasında qurub. Şöbə kitabxana-informasiya xidmətinin modernləşdirilməsinə, informasiya təminatının optimallaşdırılmasına, zaman və məkan məhdudiyyəti olmadan MEK-in e-kataloqu və e-kitabxanası mek.az saytı vasitəsi ilə uzaq məsafədən elektron informasiya xidməti göstərir, Kitabxanada xidmət səviyyəsinin beynəlxalq standartlar səviyyəsinə çatdırılması işini tənzimləyir. Eləcə də şöbə kitabxanada tətbiq edilən İRBİS64+AKİS (Avtomatlaşmış Kitabxana İnformasiya Sistemi) inzibatçılığı və onun texnoloji proseslərinin tənzimlənməsi, əlavə və dəyişikliklərin tətbiqi məsələləri ilə məşğul olur. AKİS modullarının quraşdırılması, texnoloji proseslərin izlənməsi, lazım olduqda hər bir modula müdaxilə, qarşıya çıxan texnoloji nasazlıqların aradan qaldırılması, verilənlər bazalarının (VB) yaradılması, əlavə edilməsi və konvertasiyasını həyata keçirir. Şöbə Kitabxanada AKİS-lə bağlı sorğularının öyrənilməsi və problemlərin aradan qaldırılması məqsədilə öyrədici kurslar təşkil edir. Həmçinin kitabxananın lokal və internet şəbəkəsinin işinin idarə edilməsi, elektron informasiya avadalıqların quraşdırılmasını həyata keçrir, şəbəkələrin fasiləsiz işləməsinə nəzarət edir. Şöbəyə Natavan Hacıyeva rəhbərlik edir.
Reproqrafiya şöbəsi
Reproqrafiya şöbəsi 2020-ci ildən fəaliyyətə başlayıb. Şöbə MEK-in fondlarında qorunub saxlanılan Azərbaycanın bədii, elmi-fəlsəfi kitablarını, o cümlədən klassik ədəbiyyat nümunələrini, müəlliflər tərəfindən verilən kitab nüsxələrini, qəzet, jurnal məqalələrini müxtəlif tipli skan aparatları vasitəsilə elektron formata salıb, daha sonra xüsusi proqram vasitəsilə konvertasiya edib PDF formatda elektron bazaya daxil edib oxucuların istifadəsinə verilməsi işini görür. Eyni zamanda şöbə universitetlər, akademik tədqiqat institutları və s. elmi qurumlarda mövcud olan fiziki və elektron elmi materialların bir bazada cəmləşməsini və istifadəyə verilməsini təmin edir. Azərbaycan Respublikasının əlamətdar günlərinə həsr olunmuş görkəmli şəxsiyyətlərin, klassiklərin yubileyləri münasibətilə onların həyat və yaradıcılığını əks etdirən məlumatları hazırlayır və virtual sərgiyə təqdim edir. Şöbəyə Sərdar Cabarov rəhbərlik edir.
Azərbaycanşünaslıq və milli rəqəmsal yaddaş şöbəsi
MEK-də Azərbaycanşünaslığın inkişafı və elmi informasiya fəaliyyətinin daha səmərəli düzgün təşkili vacib faktor hesab olunur. Kitabxanada bu işi Azərbaycanşünaslıq və milli rəqəmsal yaddaş şöbəsi icra edir. 2014-cü ilin may ayında MEK-in yeni binası istifadəyə verilərkən ölkə başçısı İlham Əliyevə Milli Rəqəmsal Yaddaş layihəsi də təqdim olunub. 2020-ci il 23 noyabrda isə yeni struktura əsasən Azərbaycanşünaslıq və milli rəqəmsal yaddaş şöbəsi yaradılıb. Şöbə Azərbaycanşünaslıq üzrə sənədlərin toplanması, elmi işlənməsi, ənənəvi və elektron informasiya-axtarış aparatının təşkili və aparılması, Azərbaycanın milli, mədəni, elmi irsinin əsaslı formatda mərkəzləşdirilmiş şəkildə qorunub saxlanılması, Azərbaycan və dünya araşdırmaçılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi məqsədi ilə daim yenilənən vahid rəqəmsal bazanın yaradılması işini nəzərdə tutur. Şöbənin əsas missiyası azərbaycançılıq dünyagörüşünün təbliğatçısı olmaqla yanaşı, azərbaycanşünaslıq elminin, milli-ictimai təfəkkürünün etibarlı və ciddi elmi informasiya bazasının formalaşması, ədəbiyyat siyahılarının formalaşması və qiymətləndirilməsi, MEK-ə yeni daxil olan ədəbiyyatların milli rəqəmsal yaddaşa əlavə edilməsi işinin icra edilməsi, Azərbaycana aid qəzet, jurnal məqalələrinin, e-resursların, ardı davam edən nəşrlərdəki müxtəlif dillərdə elmi məqalələrin MEK-in e-kataloquna (İRBİS proqramına) daxil edilməsi, İRBİS proqramından çap olunmuş kartoçkaların kartotekaya yerləşdirilməsi, AMEA institutlarından göndərilən milli rəqəmsal yaddaşa aid ədəbiyyatların elektronlaşmasının təmin edilməsindən ibarətdir. MEK-də özünün yüksək inkişaf mərhələsində olan azərbaycanşünaslıq üzrə kitabxana-biblioqrafiya və elmi informasiya xidməti sahəsində fəaliyyət azərbaycanşünaslığa dair mövcud sənədlər və informasiya tələbatçıları arasında uyğunluq yaratmaqda və sənəd kommunikasiya sistemində informasiya maneələrinin aradan qaldırılmasında səmərəli vasitədir. Həmin vasitə oxucuların ölkəşünaslıq üzrə informasiya tələbatının təminatına xidmət etməklə ölkəmizdə kitabxana işinin inkişafına da öz layiqli töhfəsini verir. Şöbəyə Aygün Səfərova rəhbərlik edir.
Elektron resurslar şöbəsi
Elektron resurslar şöbəsi Azərbaycanın tarixi, ədəbiyyatı, coğrafiyası, mədəniyyəti, etnoqrafiyası, flora və faunası və digər sahələrə dair məqalələrin hazırlanaraq Vikipediyaya daxil edilməsi işini icra edir. Şöbə Azərbaycan və xaricidilli Vikipediyada məqalələrin sistematik yerləşdirilməsi, redaktəsi, yoxlanılmasını həyata keçirir, habelə könüllülərə təlimlərin icrası üzrə tərəfdaş strukturlarla əməkdaşlıq aparır. Elmi tədqiqat mərkəzləri, universitetlər, akademik tədqiqat institutları və s. elmi qurumlara Vikipediya ilə bağlı təlimlərin keçirilməsini təşkil edir. Həmçinin şöbə geniş oxucu kütləsini Azərbaycana aid informasiya resursları ilə təmin etmək üçün Azərbaycandilli Vikipediyanı müxtəlif mövzularda materiallarla zənginləşdirir, innovasiyaları və qabaqcıl təcrübələri öyrənir, müəssisənin fəaliyyətinə uyğunlaşdırır və tətbiq edir. Şöbə işini MEK-in fəaliyyətini təmin edən Əsasnaməyə, "Azərbaycan Respublikasının İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında (1998)" və "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında (1996)" qanunlarına, həmçinin kitabxana direktorunun əmr və qərarlarına uyğun qurur. Azərbaycanın milli, mədəni, elmi irsinə dair məlumatların məqalələr şəklində yaradılaraq mərkəzləşdirilmiş şəkildə Vikipediyada, Vikipediyanın norma və prinsiplərinə uyğun olaraq yerləşdirilməsi, Azərbaycan və dünya araşdırmaçılarının istifadəsinə verilməsi, eləcə də gələcək nəsillərə ötürülməsi, AMEA institutlarından göndərilən əməkdaşlara Vikipediya təlimlərinin keçirilməsi, Azərbaycandilli Vikipediyanın zənginləşdirilməsi üçün tədbirlər kompleksinin hazırlanması, həmçinin Vikipediyanın prinsiplərinə uyğun olaraq məqalələrin ensiklopedik məzmunda, oxunaqlı dildə və akademik şəkildə konkret faktlar əsasında tərtib edir. Təlimlər müraciətlər əsasında təşkil olunur. Adətən öz sahəsi üzrə ixtisaslaşmış könüllülər qrup şəklinə bölünərək Viki-dərslər tədris edilir. Təlimlər zamanı Vikipediyanın tarixi, mahiyyəti, prinsipləri, məqalələrin yaradılması və redaktə edilməsi ətraflı şəkildə izah olunur. Yekunda könüllülərin fəaliyyəti MEK rəhbərliyi tərəfindən sertifikatla qiymətləndirilir. Şöbəyə Reyhan Əhmədova rəhbərlik edir.
Təchizat və xidmət şöbəsi
Şöbə MEK-in inzibati binasına və əməkdaşlara təchizat və təsərrüfat xidməti göstərir. Şöbəyə Arif Bağırov rəhbərlik edir.