Xarici tədqiqatçılar Mərkəzi Elmi Kitabxanada

25-06-23

Latviya və Qazaxıstandan olan tədqiqatçılar şərqşünaslıq, türkologiya üzrə aparıcı kitabxana olan AMEA Mərkəzi Elmi Kitabxanasını (MEK) elmi-tədqiqat işləri aparmaq üçün ziyarət ediblər. MEK-in baş direktoru, professor Məmməd Əliyev qonaqları qarşılayarıq, kitabxana haqqında ümumi məlumat verib. Baş direktor qeyd edib ki, Mərkəzi Elmi Kitabxana xarici ölkələrin qurumları ilə uğurlu əməkdaşlıq fəaliyyəti həyata keçirir. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin dəvəti ilə Bakıda səfərdə olan latviyalı professor, 5 dil bilən koreyaşünas alim Kaspars Klavins MEK-in Xarici dillərdə ədəbiyyat fondlarında Şərq dünyasında elm tarixinin öyrənilməsi üçün tədqiqat işi aparıb. Qazaxıstan Təhsil Nazirliyinin türkoloji araşdırmalar aparmaq üçün qrant qazanan işçi qrupu, Abay adına Qazax Milli Pedaqoji Universitetinin professoru Gülbanu Kosımova, araşdırmaçı alim Kuralay Telqocayeva, Qazaxıstan Dövlət Qızlar Pedaqoji Universitetindən tədqiqatçılar Nurgül Kalıyeva və Aliya Zadaxanova, T.Jurgenov adına Qazax Milli Sənət Akademiyasının fəlsəfə doktoru Akşay Calalova elmi-tədqiqat işləri aparmağa başlayıblar. Mərkəzi Elmi Kitabxananın icraçı direktoru Şəhla Tahirqızı, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü, əməkdaşlar Züriyə Qarayeva və Cavid Məmmədli tədqiqatçıları kitabxana ilə yaxından tanış edib, suallarını cavablandırb, elmi informasiya təminatına köməklik göstəriblər. Görüş zamanı qonaqlara MEK tərəfindən simvolik hədiyyələr təqdim edilib, gələcək əməkdaşlıq perspektivləri haqqında müzakirələr aparılıb.