Şəhid Cəbrayıl Dövlətzadənin atası MEK-i ziyarət edib

12-10-22

Vətən müharibəsinin şəhidi Cəbrayıl Dövlətzadənin atası AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) “Qarabağ müharibəsi qəhrəmanları” fondunu ziyarət edib. Dövlət Dövlətzadə fondda Ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, 50-ə yaxın müharibə iştirakçılarının fotoşəkillərindən ibarət “Qarabağ Azərbaycandır!”, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, Birinci və İkinci Qarabağ müharibəsi, Aprel və Tovuz döyüşləri zamanı şəhid olanların xatirəsini əbədiləşdirmək üçün yaradılan guşələrlə tanış olub, 600-dən artıq şəhid, qazi və müharibə iştirakçılarının həyatı, fəaliyyət yolunu əks etdirən məlumatlar, şəxsi sənədlər, onların şəxsi kitablarından ibarət kolleksiyaya baxıb. Görüş zamanı MEK-in baş direktoru professor Məmməd Əliyev Vətən müharibəsində qazanılan Zəfərin tarixi nailiyyət olduğunu söyləyib. “Qarabağ müharibəsi qəhrəmanları” fondunun rəhbəri, şəhid polkovnik Babək Səmidlinin bacısı Röksanə Səfərzadə şəhidlərin əziz xatirəsinin hər bir vətəndaşın qəlbində əbədi yaşayacağını deyib. D.Dövlətzadə cəsarəti ilə əfsanəyə çevrilən şəhidin həyatı və keçdiyi döyüş yolu barədə xatirələrini bölüşüb. MEK-in bu fondun yaradılması təşəbbüsünü yüksək qiymətləndirərək, vətənpərvərlik mövzusunda maarifləndirmədə çox əhəmiyyətli olduğunu bildirib. Qeyd edək ki, Cəbrayıl Dövlətzadə Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə xüsusi təyinatlıların tərkibində savaşıb. O, düşmən postunda 10 müxtəlif rütbəli erməni zabiti ilə üz-üzə qalıb. Hücum zamanı öncə erməni generalını öldürüb. Əlbəyaxa döyüşdə isə düşmən polkovnikini yalın əllərilə boğub. Sentyabrın 28-də Kəlbəcər rayonu ərazisində şəhid olub. II Şəhidlər Xiyabanında, general-mayor Polad Həşimovun yanında dəfn olunub. Dövlət başçısının sərəncamı ilə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda”, “Kəlbəcərinin azad olunmasına görə” medalları ilə təltif olunub.