Özbəkistanlı qonaqlar MEK-lə tanış olublar

31-01-24

Beynəlxalq Həmrəylik Qrupu və "Ziyalı Ocağı" İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycanda səfərdə olan Özbəkistan Respublikasının universitetlərinin bir qrup tələbə və müəllim heyəti, media nümayəndələri Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar. MEK-in direktoru, professor Məmməd Əliyev qonaqlara kitabxananın yaranma tarixi, fəaliyyəti, fondu, eləcə də Özbəkistanın kitabxanaları ilə səmərəli tərəfdaşlıq əlaqələrindən danışıb. Tanışlıq zamanı xarici qonaqlar AMEA-nın 15 təsisçisinin büstlərinin yer aldığı qalereya, Akademiklər zalında yerləşən müxtəlif ölkələrin nümayəndəlikləri tərəfindən hədiyyə edilən nəşrlərin mühafizə edildiyi Diplomatik fond və Qarabağ müharibəsi qəhrəmanları fondu ilə yaxından tanış olublar. Direktor Məmməd Əliyev kitabxana sistemində ilk olan, şəhid qazi və müharibə veteranları haqqında məlumatların toplandığı Qarabağ müharibəsi qəhrəmanları fondunun yaranması və fəaliyyət istiqaməti haqqında qonaqları məlumatlandırıb, xatirə şəkilləri çəkilib.