Mərkəzi Elmi Kitabxanaya 1600-dən çox elektron nəşr hədiyyə edilib

15-12-22

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasına (MEK) İKSAD Beynəlxalq Nəşriyyat Evi və Strateji Düşüncə İnstitutu tərəfindən 1600-dən çox elektron kitab hədiyyə edilib. Bir müddət əvvəl Türkiyədə MEK-in baş direktoru professor Məmməd Əliyev ilə Türkiyənin İqtisadi İnkişaf və Sosial Araşdırmalar İnstitutu (İKSAD) yayım qrupunun rəhbəri Səfa Salih Bildirici, həmçinin Strateji Düşüncə İnstitutunun sədri Guray Alpar arasında keçirilən görüşdə, kitabxanaların elektron qaynaqlarının hər iki tərəfə əlçatanlığının təmin olunması istiqamətində razılıq əldə edilmişdir. Razılığa əsasən, 1600-dən çox elektron nəşr MEK-in saytının “Elektron kataloq” bölməsinə yerləşdirilib. Qeyd edək ki, İKSAD Beynəlxalq Nəşriyyat Evi tərəfindən təqdim edilən nəşrlər riyaziyyat, filologiya, incəsənət, hüquq, ilahiyyat, memarlıq planlaşdırma və dizayn, mühəndislik, səhiyyə, sosial, humanitar və inzibati, idman, kənd və meşə təsərrüfatı, akvakultura kimi sahələri əhatə edir. Strateji Düşüncə İnstitutu isə beynəlxalq əlaqələr, milli təhlükəsizlik, kiber-təhlükəsizlik, enerji, iqtisadiyyat, iqlim, səhiyyə, cəmiyyət, insan haqları kimi sahələrdə müntəzəm yayınlar nəşr etdirir.