Mərkəzi Elmi Kitabxanada “Viki-mən” layihəsinə start verilib

18-05-23

"Böyük Qayıdış" Gənclər Təşkilatı tərəfindən Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyəti aparatının "Elektron Akademiya" şöbəsinin dəstəyi ilə AMEA Mərkəzi Elmi Kitabxanasında “Viki-mən” layihəsinə start verilib. Layihənin açılış mərasimində təşkilat nümayəndələri, ekspertlər, təlimçilər və layihəyə seçilmiş gənclər iştirak ediblər. "Böyük Qayıdış" Gənclər Təşkilatının sədri Nail Şükürov, AMEA Rəyasət Heyəti aparatının "Elektron Akademiya" şöbəsinin əməkdaşları Elnur Eltürk, Ofelya Zöhrablı, AMEA Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" təlimçisi Səbinə Abızadə layihənin əhəmiyyətindən danışaraq, müasir dünyamızda “Vikipediya” virtual platformasının informasiya müharibəsində rolunu, önəmini diqqətə çatdırıblar. Həmçinin, çıxışçılar gənclər tərəfindən ünvanlanan sualları cavablandırıblar. Qeyd edək ki, 150-dən çox gəncin müraciət etdiyi layihədə müsahibə mərhələsini uğurla keçmiş 25 nəfər gənc iştirakı haqqı qazanıb. Bir ay davam edəcək layihədə gənclər qruplar şəklində 8 sessiyadan ibarət praktiki "Vikipediya" təlimlərində iştirak edəcəklər.