Mərkəzi Elmi Kitabxanada Dövlət Bayrağı və Konstitusiya Günləri ilə əlaqəli kitab sərgisi keçirilir

07-11-23

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 9 noyabr - Dövlət Bayrağı Günü və 12 noyabr - Konstitusiya Günü ilə əlaqəli kitab sərgisi təşkil edilib. Sərgidə Azərbaycan Respublikasının Dövlət bayrağının yaranma tarixi, inkişaf mərhələləri, onun üzərində olan rənglərin və simvolların mənası haqqında geniş məlumat verilən, müxtəlif illərdə çap olunmuş kitablar təqdim edilir. Bunların sırasında “Azərbaycan bayraqları”, “Dövlət bayrağına münasibət qaydaları”, “Azərbaycan Respublikasının dövlət rəmzləri”, “Bayrağımız, gerbimiz, himnimiz”, “Qaldır türkün bayrağını”, “Azərbaycan istiqlalının bayraqdarı”, “Bayrağımız sarsılmaz”, “Baxıb türkün bayrağına”, “Qürub rəngləri” və başqa dəyərli nəşrlər yer alıb. Dövlət bayrağımız ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 9 noyabr tarixli qərarı ilə qəbul edilib. 70 il sonra 1990-cı il noyabr ayının 17-də Naxçıvanda Ümummili lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilərək yüksəklərə qaldırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli Sərəncamı ilə hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir. Konstitusiya Günü ilə əlaqəli sərgidə isə MEK-in fondlarında qorunan azərbaycançılıq, dövlətçiliklə bağlı “Azərbaycan Respublikasının Cinayət hüququ”, “Azərbaycan Respublikasının Əmək Məcəlləsi”, “Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunun siyasi aspektləri”, “Azərbaycan Respublikasının Konstitusiyası və hüququnun əsasları”, “Konstitusiya məhkəməsinin (plenumunun) Qərarları”, “Xarici ölkələrin Konstitusiya (dövlət) hüququ”, “Qanunun aliliyi dövlətin möhkəmliyidir” və digər kitablar nümayiş olunur. Qeyd edək ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dahi şəxsiyyət Heydər Əliyevin rəhbərliyi ilə 1994-cü ildə Konstitusiya Komissiyası fəaliyyətə başlayıb və 1995-ci il noyabr ayının 12-də keçirilmiş ümumxalq səsverməsi yolu ilə Azərbaycan Respublikasının ilk konstitusiyası qəbul edilib. 1996-cı il fevral ayının 6-da Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə noyabrın 12-i Konstitusiya Günü elan edilib. Hər iki sərgi cari ayın sonunadək davam edəcək.