MEK tərəfindən YAP Yasamal rayon təşkilatının yaranmasının 30 illik yubileyi münasibətilə sərgi təşkil edilib

20-02-23

AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının yaranmasının 30 illik yubileyi münasibəti ilə keçirilən tədbirə qatılaraq, kitab sərgisi təşkil edib. Tədbirdə YAP İdarə Heyətinin üzvləri, YAP Yasamal rayon təşkilatının ərazi partiya təşkilatlarının rəhbərləri və nümayəndələri, elmi müəssisə və ali məktəblərin rəhbərləri, Yasamal rayon icra hakimiyyətinin başçısı və partiya fəalları iştirak ediblər. Sərgidə MEK-in fondlarındakı “Yeni Azərbaycan Partiyası: Azərbaycanın dünəni, bugünü və gələcəyi”, “Yeni Azərbaycan Partiyası: 10 il”, “Heydər Əliyev müasir Azərbaycan Parlamentinin banisidir”, “Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası”, “Hamımızın bir vətəni var, bu da Azərbaycandır”, “Heydər Əliyevin elmi irsi”, “Zəfərə aparan yol”, “Zəfər yolu: Qarabağ savaşından Şuşa Bəyannaməsinədək”, “Zərifə xanım Əliyeva”, “Xoşməramlı səfir” və digər nəşrlər təqdim olunub. Kitablarda Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi fəaliyyəti, 44 günlük müharibədə qazanılan möhtəşəm Zəfər, Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət olan Ulu öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması, Mehriban xanım Əliyevanın xoşməramlı səfir kimi fəaliyyəti öz əksini tapıb.