MEK tərəfindən riyaziyyatçı alim Asəf Hacıyevin biblioqrafik göstəricisi çap olunub

11-10-22

AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun laboratoriya müdiri, AMEA-nın həqiqi üzvü, filologiya-riyaziyyat elmləri doktoru, professor Asəf Hacı oğlu Hacıyevin biblioqrafik göstəricisi çap olunub. Göstərici alimin həyatını, elmi-pedaqoji və ictimai fəaliyyətini, 1973-2021-ci illəri əhatə edən elmi əsərlərini, həmçinin onun haqqında yazılmış mənbələri əks etdirir. Biblioqrafiyaya alimin nəşr etdirdiyi kitabları, elmi və publisistik məqalələri, respublikada və xarici ölkələrdə keçirilən konfranslardakı məruzələrinin tezisləri, habelə, redaktə etdiyi əsərlər, rəhbərlik və ya opponentlik etdiyi namizədlik (fəlsəfə doktoru) və doktorluq (elmlər doktoru) dissertasiyaları, haqqında olan mənbələr daxil edilib. Göstəriciyə daxil olan materiallar xronoloji ardıcıllıqla, əlifba sırası ilə verilib. Həmçinin biblioqrafik göstəricidən istifadəni asanlaşdırmaq üçün kitabın sonunda müştərək müəlliflərin, əsərlərinin və haqqında yazmış müəlliflərin əlifba göstəricisi verilib. "Elm" nəşriyyatında çap olunan göstəricinin elmi redaktoru texnika elmləri doktoru, professor Yasin Rüstəmov, redaktor Əməkdar mədəniyyət işçisi Xuraman İsmayılova, tərtibçi Türkan Vahidovadır. Biblioqrafik göstərici riyaziyyat üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.