MEK tərəfindən görkəmli alim və oftalmoloq Zərifə xanım Əliyevanın biblioqrafik göstəricisi hazırlanıb

22-09-23

2023-cü ilin aprel ayında Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 ili tamam olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Akademik Zərifə Əliyevanın 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncamdan irəli gələn məsələlərlə bağlı Azərbaycan Milli Elmlər Akademiyasının hazırladığı “Təbirlər planı”na əsasən, AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən akademik Zərifə Əliyevanın biblioqrafiyası hazırlanıb və nəşr edilib. Göstəricidə görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın şərəfli və mənalı həyat yolu, elmi əsərlərinin biblioqrafiyası, göz xəstəlikləri sahəsindəki yüksəkixtisaslı həkim və alim kimi səmərəli, yorulmaz, real elmi və praktiki fəaliyyəti, həssas qəlbi, ali insani keyfiyyətləri ilə nümunəvi obrazı öz əksini tapıb. Dəyərli nəşrin elmi redaktoru akademik İsa Həbibbəyli, redaktorları akademik İradə Hüseynova, Mərkəzi Elmi Kitabxananın (MEK) baş direktoru, professsor Məmməd Əliyev, ixtisas redaktoru Xuraman İsmayılova, tərtibçiləri MEK-in əməkdaşı Nərgiz Novruzova, biologiya elmləri doktoru, dosent Tubuxanım Qasımzadə, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədovdur. Biblioqrafik göstərici tibb sahəsində çalışan alim və mütəxəssislər, ali məktəb tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.