MEK Özbəkistanın elm və təhsil qurumları ilə əlaqələrini genişləndirir

20-11-23

Özbəkistanın Ürgənc Dövlət Pedaqoji İnstitutunun rektoru Feruzə Madrahimova, Mamun Universiteti Beynəlxalq əlaqələr şöbəsinin müdiri Şahsənəm Yoldaşova nümayəndə heyəti ilə birgə tərəfdaşlıq əlaqələri qurmaq məqsədilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) olublar. MEK-in baş direktoru, professor Məmməd Əliyev kitabxananın fəaliyyət istiqamətləri haqqında qonaqlara məlumat verib. “MEK ilə Özbəkistan kitabxanaları arasında dərin tarixi və mədəni bağlar mövcuddur. MEK 41 ölkənin 104 təşkilatı ilə (kitabxana, elmi jurnal və s.) beynəlxalq tərəfdaşlıq əlaqələrini uğurla davam etdirərək öz fondlarını daha da genişləndirir. Həmin təşkilatların arasında Özbəkistan elmi qurumlarının xüsusi yeri var”, - deyə professor M.Əliyev qeyd edib. Özbəkistanlı qonaqlara MEK-in Qarabağ müharibəsi qəhrəmanları, Diplomatik, eləcə də Nadir kitablar və qiymətli nəşrlər fondlarındakı qədim və dəyərli nəşrlər, ölkəmizdə fəaliyyət göstərən səfirliklərin hədiyyə etdikləri kitablardan ibarət guşələr haqqında ətraflı məlumat verilib. Kitabxanada yaradılan şəraiti yüksək dəyərləndirən qonaqlar qonaqpərvərliyə görə təşəkkür ediblər. Görüş zamanı MEK ilə Özbəkistanın Mamun Universiteti və Ürgənc Dövlət Pedaqoji İnstitutu arasında tərəfdaşlıq haqqında memorandum imzalanıb. Əməkdaşlıq sazişində kitab sərgilərinin təşkili, birgə layihələr işləyib hazırlamaq və həyata keçirmək, qarşılıqlı maraq doğuran kitabxana-informasiya fəaliyyəti ilə bağlı müntəzəm sənəd və məlumatlar mübadiləsi aparmaq, beynəlxalq layihələrdə iştirak etmək, birgə materiallar dərc etmək və s. istiqamətlər nəzərdə tutulub. Sonda qarşılıqlı hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.