MEK-in tərtibatında olan biblioqrafik göstəricilər BDU-nun Elmi kitabxanasına hədiyyə edilib

24-10-23

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən elmi-nəzəri, metodiki və praktiki mahiyyəti etibarilə müasir biblioqrafiyaşünaslığın müddəalarına uyğun tərtib olunmuş 49 adda biblioqrafik göstərici Bakı Dövlət Universitetinin Elmi kitabxanasına təqdim edilib. İrəlidə MEK rəhbərliyinin bu təşəbbüsü mütəmadi olaraq həyata keçiriləcək və digər tərəfdaş kitabxanaların oxucuları da sözügedən vəsaitlərdən yararlana biləcəklər. AMEA Rəyasət Heyətinin qərarı ilə Mərkəzi Elmi Kitabxana tərəfindən tərtib olunan bu göstəricilər müxtəlif elm sahələrində nəinki Azərbaycanda, eləcə də dünyada tanınan alimlərin, görkəmli şəxsiyyətlərin həyat və fəaliyyəti haqqında biblioqrafik informasiya mənbəyidir. “Azərbaycanın elm və mədəniyyət xadimləri” seriyasında nəşr olunan bu biblioqrafik resursların istifadəçilərə çatdırılması baxımından MEK-in addımı təqdirəlayiqdir. Qeyd edək ki, nəşrlər MEK-in Komplektləşdirmə şöbəsinin müdiri Gülnar Məmmədova və Xidmət şöbəsinin rəhbəri Ofeliya Yunusova tərəfindən BDU-nun Elmi kitabxanasının direktoru Nigar İsmayılovaya təqdim olunub.