MEK-in baş direktoru Özbəkistan Milli Kitabxanasında olub

21-10-22

Özbəkistana rəsmi səfər çərçivəsində AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mübariz Göyüşlü Əlişir Nəvai adına Özbəkistan Milli Kitabxanasında olublar. Milli Kitabxananın direktoru Umida Teşabayeva ilə görüş zamanı iki qurum arasında sıx əməkdaşlıq münasibətləri müzakirə olunub. Bildirilib ki, qarşılıqlı informasiya və nəşr mübadiləsi hər iki kitabxananın istifadəçiləri üçün geniş imkanlar yaradacaq. Kitabxananın beynəlxalq əlaqələrinin genişləndirilməsinin prioritet istiqamətlərdən olduğunu vurğulayan baş direktor rəhbərlik etdiyi kitabxana haqqında ətraflı məlumat verib. Görüş zamanı, bu cür faydalı əməkdaşlığın gələcəkdə də davam etdirilməsi məqsədilə ikitərəfli memorandumun imzalanması müzakirə olunub. Sonra direktor Umida Teşabayevanın müşaiyəti ilə Özbəkistan Milli Kitabxanasını daha yaxından tanımaq məqsədilə eksursiya təşkil edilib. Kitabxananın qeydiyyat qaydaları, oxu zalları, fondları, rəqəmsallaşdırma imkanları, o cümlədən həmin kitabxananın elmi nəşrləri haqqında ətraflı məlumat verilib. Görüşün sonunda “Şuşa İli” çərçivəsində MEK tərəfindən tərtib olunan “Şuşa-270” adlı biblioqrafik göstərici, akademik Kamal Abdullanın “Kitabi-Dədə Qorqud”da semantik sayrışmalar, AMEA-nın Ədəbiyyat İnstitutunun əməkdaşları tərəfindən hazırlanan özbək şairi Əlişir Nəvaiyə həsr olunmuş kitablar Özbəkistan Milli Kitabxanasının fonduna hədiyyə verilib.