MEK ilə TBMM kitabxanası arasında tərəfdaşlıq əlaqələri qurulur

19-10-23

AMEA Mərkəzi Elmi Kitabxanasının (MEK) baş direktoru, professor Məmməd Əliyev və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Züriyə Qarayeva Türkiyənin paytaxtı Ankaraya səfərləri çərçivəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) kitabxanası ilə tanış olub, tərəfdaşlıq əlaqələrinin qurulması üçün zəmin yaradıblar. Qızğın və işgüzar müzakirələrin aparıldığı parlamentin ən sakit məkanı olan və 1920-ci ilin 23 aprelində fəaliyyətə başlayan, Türkiyədə 6 əsas fond kitabxanasından biri kimi tanınan parlament kitabxanasında MEK nümayəndə heyətini kitabxananın rəhbəri Arif Şayık, müavini Azmi Güler qarşılayıblar. Tanışlıq zamanı MEK nümayəndə heyətinə bu qurumda bütün arxivin rəqəmsallaşdırılması, Türkiyədə çap edilən bütün əsərlərin bir nüsxəsinin mütləq bu kitabxanaya daxil olması, xarici ölkə kitabxanaları ilə davamlı əlaqələrin qurulması, əməkdaşların istər ölkədə, istərsə də xaricdə beynəlxalq konfrans, seminar və simpoziumlara qatılması haqqında ətraflı məlumat verilib. TBMM kitabxanasının qarşısında dayanan ən ümdə məsələlərdən birinin Türkdilli Dövlətlərin Parlament Assambleyası çərçivəsində türkdilli ölkələrin parlament kitabxanaları və digər qurumlarla əlaqələrini genişləndirmək olduğu vurğulanıb. MEK-in baş direktoru, professor Məmməd Əliyev Mərkəzi Elmi Kitabxananın da uğurlu beynəlxalq tərəfdaşlıq formalaşdırdığını diqqətə çatdırıb. Bu istiqamətdə işlərin davam etdirilməsinin və fəaliyyətinin daha da genişləndirilməsinin zəruriliyi qeyd olunub. Məmməd Əliyev TÜRKPA Baş Katibliyinin Bakıda yerləşdiyini xatırladaraq, bu istiqamətdə uğurlu işlər görülə biləcəyini xüsusi qeyd edib. Söhbət zamanı əlaqələrin hər iki kitabxananın işinə verəcəyi töhfə diqqətə çatdırılıb. Görüş əsnasında MEK-in baş direktoru TBMM kitabxanasına "Heydər Əliyev və Azərbaycan Parlamenti" adlı üç cilddən ibarət kitabı və “Heydər Əliyev İli” çərçivəsində kitabxana tərəfindən ərsəyə gələn “Ulu Öndərin müdrik fikirləri” adlı audiodiski hədiyyə edib. Türkiyəli həmkar da öz növbəsində üzərində parlament eskizi əks olunmuş hədiyyəni Məmməd Əliyevə təqdim edib.