MEK fondunda 3000-ə yaxın şəhidin məlumatı sənədləşdirilib

18-04-24

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) Qarabağ müharibəsi qəhrəmanları fondu yarandığı gündən Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladların xatirəsini əbədiləşdirmək, onların ömür və döyüş yolunu yaşatmaq, gələcək nəsillərə ötürmək üçün məlumatları sistemli şəkildə toplayır. Fondda bugünə kimi Aprel döyüşlərində (2016-cı il) 89, Tovuz döyüşlərində (2020-ci il) 12, Vətən müharibəsində (2020-ci il) 3000-nə yaxın şəhid və 100-ə yaxın qazi, Qaraheybət helikopter qəzasında (2021-ci il) 14, Azərbaycan-Ermənistan şərti sərhədində baş vermiş hərbi münaqişədə (2022-ci il 12-14 sentyabr) şəhid olan 80 nəfərin həyat və fəaliyyətini əks etdirən məlumatlar, video materiallar, fotoşəkillər toplanaraq sənədləşdirilib. O cümlədən, I Qarabağ müharibəsində həlak olan 220 Milli Qəhrəmanın döyüş və həyat yolu ilə bağlı məlumatlar hazırlanıb. Fondda Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Qarabağ bölgəsində müxtəlif dövrlərdə çəkilmiş fotoşəkilləri, “Qarabağ Azərbaycandır!”, Azərbaycan Respublikasının Xəritəsi üzərində 3000-ə yaxın şəhid adlarının əks olunduğu “Zəfər memarları”, şəhidlərin müəllifi olduqları və oxuduqları kitablardan ibarət guşələr mövcuddur. Bunlardan əlavə, Qarabağın tarixi, siyasəti, mədəniyyəti, etnoqrafiyası və iqtisadiyyatını əks etdirən 1500-dən artıq kitab, qəzet, jurnal, məqalə və digər materiallar fondda mühafizə olunur və bu istiqamətdə işlər davam etdirilir.