MEK əməkdaşları AMEA və TÜBİTAK-ın ortaq fəaliyyəti ilə bağlı tədbirdə iştirak ediblər

29-02-24

AMEA-nın Rəyasət Heyətində “Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK): əlaqələndirmə imkanları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib. Tədbirdə TÜBİTAK-ın nümayəndə heyəti, AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA müəssisələrinin Elektron xidmətlər şöbələrinin əməkdaşları, həmçinin Mərkəzi Elmi Kitabxananın (MEK) Elektron xidmətlər şöbəsinin müdiri Nuridə Abdullayeva və baş mütəxəssis Röya İsrafilova da iştirak ediblər. Tədbirdə çıxış edən akademik İsa Həbibbəyli zəngin tarixi köklərə malik Azərbaycan-Türkiyə əlaqələrindən, qardaşlıq münasibətlərindən danışıb, yaranmış hazırki şəraitdə yeni əməkdaşlıq imkanları üçün geniş meydanın açıldığını söyləyib. Qeyd edib ki, dövlət başçısının və müasir dünya elminin çağırışlarını əsas götürərək yeniləşmə prosesində olan Milli Elmlər Akademiyasında elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində önəmli addımlar atılıb və Rəyasət Heyəti aparatının tərkibində ilk dəfə olaraq “Elektron Akademiya” şöbəsi yaradılıb. Akademiyada elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi və tətbiqi istiqamətində TÜBİTAK-ın çoxillik zəngin təcrübəsindən istifadə olunduğunu deyən akademik İsa Həbibbəyli atılan addımların AMEA-nın, alimlərimizin və elmi nailiyyətlərimizin dünyaya çıxarılmasında və təbliğində mühüm rol oynadığını söyləyib. Tədbirdə iştirak edən TÜBİTAK başqanı professor Hasan Mandal, AMEA-nın Rəyasət Heyəti aparatının “Elektron Akademiya” şöbəsinin müdiri riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Fariz İmranov, AMEA-nın vitse-prezidenti akademik Rasim Əliquliyev, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru AMEA-nın müxbir üzvü Misir Mərdanov, TÜBİTAK-ın Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) rəhbəri Mehmet Mirat Satoğlu və digər alimlər çıxış edərək apardıqları tədqiqatlardan, süni intellekt sahəsində yeniliklərdən, onun tətbiqi imkanlarından danışıb, qarşılıqlı əməkdaşlıq imkanları barədə təkliflərini səsləndiriblər.