MEK-də “Ruhum qaldı Qarabağda” kitabının təqdimatı baş tutub

12-09-22

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 44 günlük Vətən müharibəsinin şəhidi, peşəkar hərbiçi, artilleriya polkovnik- leytenantı Xeyrulla İbrahimovun xatirəsinə həsr olunmuş “Ruhum qaldı Qarabağda” kitabının təqdimatı baş tutub. Tədbirdə şəhidin yaxınları, döyüş yoldaşları,ictimai və elm xadimləri, mədəniyyət işçiləri iştirak ediblər. Tədbiri giriş nitqi ilə açan MEK-in baş direktoru, professor Məmməd Əliyev qonaqları kitabxanada görməkdən məmnun olduğunu bildirib. Baş direktor çıxışı zamanı şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək bir kitabxana olaraq qarşıya qoyulan məqsədlərdən biri olduğunu vurğulayaraq bu səpkidə olan tədbirlər MEK-də mütəmadi olaraq keçirildiyini diqqətə çatdırıb. Professor Məmməd Əliyev ötən il fəaliyyətə başlayan MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunda hər bir şəhidin xatirəsinin daim hörmət və ehtiramla anıldığını vurğulayıb. Təqdimatda torpaqlarımız uğrunda canında keçən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Xeyrulla İbrahimovun həyatını əks etdirən qısa videoçarx təqdim olunub. Təqdim olunan kitabın müəllifi Tamilla Teymurqızı öncə kitabın ərsəyə gəlməsində köməyi keçən hər kəsə, o cümlədən kitabın təqdimatı üçün yaradılan şəraitə görə MEK-in rəhbərliyinə dərin təşəkkürünü bildirib. Müəllif qeyd edib ki, kitab ölməz qəhrəmanlardan biri, Azərbaycan Silahlı Qüvvələrində 20 il qüsursuz xidmət göstərən, I Qarabağ müharibəsində düşmənə qan udduran, Vətən müharibəsində 4-cü Ordu Korpusunun Artilleriya rəisi, Xocavənd rayonunun Qırmızı Bazar istiqamətində Zoğalbulaq kəndi yaxınlığındakı yüksəklikdə şəhidlik zirvəsinə ucalan “Kobra” ləqəbli polkovnik-leytenant Xeyrulla Mais oğlu İbrahimovun xatirəsinə həsr edilib. “Kitabı vərəqlədikcə əmin olacaqsınız ki, 1991-ci ildən bu yana Qarabağ uğrunda, Vətənin azadlığı, onun müstəqilliyi və ümidli sabahı naminə canını qurban vermiş bütün şəhidlərimizin ömür hekayəsi bir-birinə çox bənzəyir. Onların hamısını Vətən sevgisi, el-oba təəssübü birləşdirir”-deyə müəllif vurğulayıb. Tədbirdə, həmçinin kitabın ön söz müəllifi BDU-nun professoru, əməkdar jurnalist Qulu Məhərrəmli, Qafqaz - Media İctimai Birliyinin sədri Hacı Azadə Taleh, millət vəkili Aqil Abbas, Bakı Slavyan Universitetinin tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova, döyüş yoldaşları çıxış edərək zəfərimizi şəhidlərimiz öz qəhrəmanlıqları ilə təmin etdiklərini və xalqımız onların unudulmaz xatirəsini əbədi yaşadacağını qeyd ediblər. Bildirilib ki, onların hər birinin döyüş yolu bir qəhrəmanlıq məktəbidir. Sonda şəhidin anası Xalidə Zeynalova çıxış edərək oğlu haqqında xatirələrini bölüşüb. İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi [email protected] (012) 539-73-67 ( daxili 14-14)