MEK-də “Rəsul Həmzətov – 100” adlı sərgi təşkil olunub

08-09-23

AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) tanınmış avar şair, yazıçı, publisist, siyasi xadim Rəsul Həmzətovun anadan olmasının 100 illiyi münasibətilə “Rəsul Həmzətov – 100” adlı sərgi təşkil olunub. Sərgidə Rəsul Həmzətovun müəllifi olduğu kitablar, ədib haqqında azərbaycan və rus dillərində yazılmış kitab və məqalələr, əsərlərinə bəstələnmiş not məcmuələri, tərcümə etdiyi əsərlər nümayiş olunur. Bunların sırasında «В горах мое сердце» ("Ürəyim dağlardadır"), «Высокие звезды» ("Uca ulduzlar"), «Берегите друзей» ("Dostları qoruyun"), «Журавли» ("Durnalar"), «У очага» ("Ocaq başında"), «Письмена» ("Məktublar"), «Последняя цена» ("Son qiymət"), «Сказания» ("Hekayələr"), «Колесо жизни» ("Həyat çarxı"), «О бурных днях Кавказа» ("Qafqazın firtınalı günləri haqqında"), «В полдневный жар» ("Günorta istisində"), «Мой Дагестан» ("Mənim Dağıstanım"), «Две шали» ("İki şal"), «Суди меня по кодексу любви» ("Məni sevgi kodeksi ilə mühakimə et"), «Сонеты» ("Sonetlər") və başqa kitablar yer alır. Rəsul Həmzətov 1923-cü ildə Dağıstanda, şair Sadasa Həmzətin ailəsində dünyaya göz açıb. İlk müəllimi elə atası olub. Özünün ilk şerini 11 yaşında yazan Həmzətov sonradan Dağıstan xalq şairi, Sosialist Əməyi Qəhrəmanı adlarına, eləcə də Lenin mükafatına, Rusiya və SSRİ Dövlət mükafatlarına, "XX əsrin ən yaxşı şairi" beynəlxalq mükafatına, Asiya və Afrika yazıçılarının Lotos mükafatına layiq görülüb. O, həmçinin, Cəvahirləl Nehru, Firdovsi, Xristo Botev, Şoloxov, Lermontov, Fadeyev, Süleyman Stalski və Sadasa Həmzət adına mükaflatarın laureatıdır. Rəsul Həmzətov Dağıstan şairi olsa da, orada böyüyüb boya-başa çatsa da Azərbaycana, onun xalqına, poeziyasına çox bağlı olub. O, özünün bir neçə şeirini Azərbaycana həsr edib.