MEK-də “Rəssam-kəşfiyyatçı” kitabının təqdimatı keçirilib

29-02-24

Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Rauf İbadovun xatirəsinə həsr olunmuş “Rəssam-kəşfiyyatçı” adlı kitabın təqdimatı keçirilib. Tədbir iştirakçıları əvvəlcə MEK-in foyesində Ulu Öndərin büstü önünə tər gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Sonra şəhidin çəkdiyi rəsm əsərlərinə, əldə etdiyi sertifikatlarına, şəkillərindən ibarət sərgiyə baxış olub. Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şəhidin ailə üzvləri, millət vəkilləri, yazarlar, elm xadimlərinin qatıldığı tədbirdə aparıcı, bədii qiraətçi, Əməkdar artist Azad Şükürov “Azərbaycanın fədakarlıq məktəbi” silsiləsindən olan kitab haqqında məlumat verib. Bildirib ki, hərbi vətənpərvərlik mövzusunda tərtib olunmuş bu kitabda 2020-ci il Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Rauf İbadovun ömür və döyüş yollarından, daxili aləmi və düşüncələrindən, yaradıcılıq dünyasından bəhs edilir. MEK-in direktoru, professor Məmməd Əliyev çıxışı zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə ehtiram əlaməti olaraq kitabxana sistemində yeganə olan Qarabağ müharibəsi qəhrəmanları fondunun yaradıldığını vurğulayıb. “Fondda kitablar, sənədlər, fotolar, məlumatlar saxlanılır ki, hər biri gələcək nəsil üçün qiymətli bir xatirədir, yaddaşdır. Təqdimatına yığışdığımız bu kitab da fondda öz layiqli yerini tutacaq”, - deyə direktor sözlərinə əlavə edib. “Şəhid valideynlərinə hər zaman borclu və minnətdarıq. 44 günlük Vətən müharibəsi Rauf kimi minlərlə Azərbaycan gəncinin vətənpərvərliyini, əzmini dünyaya nümayiş etdirdi”, - deyə millət vəkili, politoloq Elman Nəsirli çıxışı zamanı qeyd edib. Tədbirdə iştirak edən Xalq şairi Vahid Əziz, Meğri İcmasının sədri akademik Fikrət Əliyev kitab haqqında öz dəyərli fikirlərini bölüşüblər. Çıxışlarda Nüvədi kənd sakinlərinin qəhrəmanlıqlarından danışılıb, bu igidliyin əslən nüvədili şəhid Raufun qanına hopduğu vurğulanıb, həmçinin Ali Baş Komandanın yürütdüyü siyasət nəticəsində Qərbi Azərbaycana qayıdacağımızdan əminlik ifadə olunub. Kitabın müəllifi Azər Hacıbəyli rəssam-kəşfiyyatçı Rauf özünün çəkdiyi əsərlərində qəhrəman obrazlarını yaradarkən, həmin o şəhidlik zirvəsinə məqsədyönlü şəkildə getdiyini bildirib. Şəhidin atası, kitabın həmmüəllifi Məhərrəm İbadov nəşrin təqdimatının keçirilməsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib. Tədbirdə Xalq artisti Samir Cəfərov “Vətən qəhrəmanı” mahnısını ifa edib. Həmçinin şəhid Rauf İbadova həsr edilən sözləri Baba Vəzirğoluna, musiqisi Sevinc Tofiqqızına məxsus “Qəhrəmanlıq dastanı” klipi təqdim olunub, Əməkdar artist Azad Şükürov Ramiz Rövşənin “Qapı” şeirini səsləndirib.